Müsəlman Ağsaqqallar Şurası COP29 konfransının uğuruna görə Azərbaycanı təbrik edib
Əl-Əzhər əş-Şərifin şeyxi, böyük imam doktor Əhməd əl-Tayyib öz adından və sədri olduğu Müsəlman Ağsaqqalları Şurası adından Azərbaycan Respublikasını, Prezident İlham Əliyevi və COP29-un rəhbərliyini noyabrın 12-22-də Bakıda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi etməsi münasibətilə səmimi şəkildə təbrik edib. “əl-Əhram” portalında dərc edilmiş bəyanata istinadla xəbər verir ki, Müsəlman Ağsaqqalları Şurası bu konfransın uğurla yekunlaşması üçün Azərbaycan rəhbərliyinin və xalqının göstərdiyi yüksək səyləri təqdir edib. Bildirilib ki, COP29 inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyələşdirilməsini gücləndirmək, karbon bazarlarını aktivləşdirmək və gənclərin iqlim fəaliyyəti sahəsində ön sırada yer almasının vacibliyini vurğulamaq baxımından keyfiyyətli bir dönüş nöqtəsi yaratmağa müvəffəq olub. Eyni zamanda təbrikdə bu nailiyyətlərin ekoloji tarazlıq və iqlim ədalətinə doğru böyük bir addım olduğu qeyd olunub.
Diqqətə çatdırılıb ki, Müsəlman Ağsaqqalları Şurası COP29 çərçivəsində “Dinlər pavilyonu”nu təşkil edib. Burada iki həftə ərzində 60-a yaxın dialoq və müzakirə iclası keçirilib. Bu iclaslarda dünyada 11 din və məzhəbi təmsil edən 97 təşkilatdan 230-dan çox natiq çıxış edib. Tədbirlər Qafqaz Müsəlmanları İdarəsi, Müsəlman Ağsaqqalları Şurası, Birləşmiş Ərəb Əmirliklərinin Tolerantlıq və Birgəyaşayış Nazirliyi, BMT-nin Ətraf Mühit Proqramı, COP29-un rəhbərliyi, Həməd Qlobal Sülhü Dəstəkləmə Mərkəzi və Qazaxıstanın Dünya və Ənənəvi Din Liderləri Konfransı ilə əməkdaşlığı çərçivəsində baş tutub.
Müsəlman Ağsaqqalları Şurası dini liderlər arasında tərəfdaşlığı gücləndirmək və qlobal çağırışlarla mübarizədə onların səylərini birləşdirmək, həmçinin gələcək Tərəflər konfranslarında iqlim böhranının həlli üçün etik və mənəvi səsləri səfərbər etmək üçün fəaliyyətini davam etdirəcəyini vurğulayıb. Şura əmin olduğunu bildirib ki, bu yanaşma, dialoqu və kollektiv fəaliyyəti təşviq edərək ekoloji davamlılıq və iqlim ədalətini təmin edən siyasətlərin formalaşdırılmasına töhfə verəcək.