COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər
COP29 çərçivəsində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı və tərəfdaşlığı ilə iqlim məsələlərinə həsr edilmiş tədbirlər, beynəlxalq qurumların və digər ölkələrin rəsmiləri ilə görüşlər keçirilib. Həmçinin, COP29-un keçirildiyi Mavi və Yaşıl zonalarda “Ticarət və İnvestisiya Evi” stendləri yaradılıb. Bununla yanaşı, İqtisadiyyat Nazirliyinin Aparatı, strukturuna daxil olan və tabeliyindəki qurumlar tərəfindən beynəlxalq tərəfdaşlar və digər ölkələrin rəsmiləri ilə görüşlər keçirilib, iqlim fəaliyyəti üzrə əməkdaşlığın inkişafı müzakirə olunub, Nazirliyin nümayəndələri müxtəlif tədbir və panel müzakirələrdə çıxış ediblər.
İqlimə dair mühüm sənədlər və təşəbbüslər
“Dayanıqlı gələcəyin gücləndirilməsi: maliyyə vasitəsilə yaşıl inkişafa təkan” mövzusunda tədbirdə inkişaf etməkdə olan ölkələrdə iqlim fəaliyyətinə investisiya yatırmaq məqsədilə Azərbaycanın təşəbbüsü olan İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu barədə təqdimat olub. Fondun kapitalının karbohidrogen ehtiyatlarına sahib olan ölkələrin, eləcə də şirkətlərin könüllü ianələri sayəsində formalaşdırılması nəzərdə tutulur.
İqlim hədəflərinin dəstəklənməsi məqsədilə İqlim Maliyyəsi, Sərmayə və Ticarət üzrə Bakı Dialoqu Təşəbbüsünə (BICFIT Dialoqu) start verilib. Bununla bağlı tədbirdə BICFIT Dialoqu üzrə Birgə Bəyannamə qəbul edilib. Sənəddə qeyd olunur ki, BICFIT Dialoqu iqlim məsələlərinə kompleks yanaşmaların inkişafına dəstək olmaq, iqlim sərmayələrini təşviq etmək və dialoq vasitəsilə həll yollarını birgə müəyyənləşdirmək üçün qlobal platforma rolunu oynayacaq.
İqtisadiyyat Nazirliyinin və Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzi arasında əməkdaşlıq əsasında hazırlanmış qlobal Yaşıl artım portalının təqdimatı keçirilib. Portal qlobal enerji keçidi iştirakçılarına hər bir ölkənin yaşıl inkişaf imkanlarını müəyyən etməyə və bundan faydalanmağa kömək edəcək.
İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə CAREC-ə üzv ölkələr arasında İqlim, innovasiya və ticarət üzrə CAREC Tərəfdaşlığına dair Bakı Bəyannaməsi imzalanıb. Bəyannamə iqlim riskinə hazırlıq, su, enerji və qida təhlükəsizliyi, aşağı karbonlu həllər, iqlim fəaliyyəti istiqamətində tərəfdaşlığın gücləndirilməsini hədəfləyir.
Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində keçirilən tədbirdə İqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üçün TDT Tərəfdaşlığının yaradılmasına dair Bakı Nazirlər Bəyanatı imzalanıb. Bəyanat innovasiya, davamlılıq və yaşıl inkişaf üçün ortaq baxışı ortaya qoyur.
SPECA çərçivəsində tədbirdə Çoxtərəfli Etimad Fondunun açılışı elan edilib. Fond iqlim dəyişikliyi, iqtisadi inteqrasiya və davamlı inkişaf kimi ortaq problemləri həll etmək üçün çevik mexanizm rolunu oynayacaq. Həmçinin, İqlim və İnnovasiya Dialoqunun yaradılmasına dair Bakı Birgə Nazirlər Bəyanatı imzalanıb. Sənəddə qeyd olunur ki, Dialoq aşağı karbonlu, dayanıqlı iqtisadiyyatlara keçidə stimul yaradacaq.
Avropa Yenidənqurma və İnkişaf Bankının SPECA regionu üzrə Yaşıl Şəhər Liderlərinin Dəyirmi Masasında isə İqlimə Dayanıqlı Ağıllı Şəhərlər Forumu üzrə Niyyət Bəyanatı imzalanıb. Sənədə əsasən iqlim sahəsi üzrə ümumi məqsədlərin reallaşdırılması üçün iştirakçı şəhərlər sıx əməkdaşlıq edəcəklər.
İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində dairəvi iqtisadiyyat üzrə Nazirlər Görüşündə Bakı resurs səmərəliliyi və dairəvi gündəlik üzrə Bəyannamə və İƏT regionunda resursların davamlılığı və dairəvi iqtisadiyyat üzrə regional təşəbbüsün başlanmasına dair Birgə Bəyanat qəbul edilib.
Aktual müzakirələrə həsr edilmiş tədbirlər
İqtisadiyyat Nazirliyi, AZPROMO və Dünya İqtisadi Forumunun təşkilatçılığı ilə “Əməkdaşlığın gücü: xalis sıfır üçün birgə səylər”mövzusunda Dünya İqtisadi Forumu ilə Yüksək Səviyyəli Sessiyada bütün dövlət, şirkət və vətəndaş cəmiyyəti qurumları ortaq məsuliyyəti qəbul etməyə və konkret fəaliyyət planları ilə iqlim dəyişikliklərinə qarşı mübarizəyə qoşulmağa çağırılıb.
İqtisadiyyat Nazirliyinin beynəlxalq qurumlarla tərəfdaşlığı əsasında Biznes, İnvestisiya və Xeyriyyəçilik İqlim Platforması təşkil olunub. Tədbir çərçivəsində sessiyalarda innovativ maliyyə həlləri, karbonsuzlaşma, inkişaf etməkdə olan ölkələr üçün maliyyə axınlarının təşviqi, beynəlxalq şirkətlərin dayanıqlı inkişaf öhdəlikləri, iqlim fəaliyyətini sürətləndirən dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi və s. müzakirə edilib.
“Dövlət-özəl əməkdaşlığı: iqlim fəaliyyətlərində investisiya imkanlarının genişləndirilməsi” mövzusunda panel iclasda “ağıllı” iqlim infrastrukturunun qurulması üçün müxtəlif maliyyə alətlərindən istifadə imkanlarının genişləndirilməsi müzakirə olunub.
İqtisadiyyat Nazirliyi və Dövlət Su Ehtiyatları Agentliyinin birgə təşkilatçılığı ilə “Dövlət-özəl tərəfdaşlıqlarının su ehtiyatlarının idarə edilməsində rolu” adlı panel müzakirədə su infrastrukturu layihələrində innovasiya, səmərəlilik və dayanıqlılıq prinsiplərinin tətbiqi müzakirə edilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təşkil edilmiş “Karbon qiymətqoyma: mövcud problemlər və yeni strategiyalar” mövzusunda panel müzakirədə karbon emissiyaları ilə mübarizənin effektiv üsulları müzakirə edilib. Dövlət Vergi Xidməti, həmçinin “Sərhəddə Karbon Tənzimlənməsi Mexanizmi (CBAM)” mövzusunda dəyirmi masa, “PwC Azərbaycan” və “Extreme Hangout” şirkətləri ilə birgə “Ədalətli keçiddə vergi siyasətinin rolu” mövzularında müzakirələr təşkil edib.
Bununla yanaşı, COP29 çərçivəsində ölkəmizdə yaşıl iqtisadiyyata töhfə verəcək mühüm layihələr üzrə razılaşmalar imzalanıb, KOB-ların iqlim fəaliyyətində rolu, iqlim üzrə rəqəmsallaşma məsələləri barədə müzakirələr aparılıb.