lider-media.az

Anar İsgəndərov: İstintaqlar göstərdi ki, Sumqayıt hadisələrinin təşkilatçıları və günahkarları elə ermənilərin özləridir

Tarix: 29-02-2024, 19:45

Mixail Qorbaçov 1985-ci ildə sovet dövlətində rəhbərliyə gələndə hamı kimi ,Azərbaycan xalqı da sevinir, yeni rəhbərə ümidlər bəsləyirdi. Amma o, Azərbaycan xalqına ağrılı hadisələr “bəxş etmək”lə tarixə düşdü.

M.Qorbaçov bacarığına, təşkilatçılığına və nüfuzuna görə ondan qat-qat üstün olan Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyevi hakimiyyətdən uzaqlaşdırmaq üçün məkrli siyasətini işə saldı. Erməni diasporu və Ermənistan rəhbərliyi Qorbaçovun bu avantürist siyasətinə dəstək oldular. Beləliklə, Azərbaycan xalqının böyük oğlu, sovet rəhbərliyində ən yüksək vəzifədə olan yeganə türk-müsəlman istefa vermək məcburiyyətində qaldı. Bununla həm M.Qorbaçov rahat oldu, həm də erməni millətçiləri Qarabağı və Naxçıvanı Ermənistana birləşdirmək üçün çoxdan planlaşdırdıları təbliğata başladılar. Qorbaçov Qarabağın Ermənistana birləşdirilməsi məsələsində bütün sovet rəhbərlərini kölgədə qoydu. Azərbaycanda hakimiyyətdə olanların zəif iradəsi, onun ermənilərə “xeyir-dua verməsi”, dünya erməni təşkilatlarının bu məsələdə Qarabağa hərtərəfli yardımı erməni-daşnak qüvvələrini hərəkətə gətirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov deyib.

Deputat bildirib ki, 1988-ci ilin fevralından başlayaraq erməni millətçiləri “Ermənistan yalnız ermənilər üçündür!”, “Ermənistanı türklərdən təmizləməli!” şüarları ilə mitinqlər keçirir, yerli hakimiyyət onlara hər cür dəstək verirdi. Onlar ilk həmlə kimi Ermənistan SSR-də yaşayan yüz minlərlə Qərbi azərbaycanlını öz dədə-baba torpaqlarından deportasiya etməyə nail oldular. Yüzlərlə azərbaycanlı öldürüldü, əmlakları müsadirə olundu, qışın ən sərt günlərində pay-piyada Azərbaycana qaçmağa məcbur edildi. Qərbi Azərbaycanı qısa vaxtda azərbaycanlı əhalidən təmizləyən ermənilər Qarabağda təbliğata başladılar.

“Azərbaycan rəhbərliyi Moskvanın itaətində olduğu üçün erməni separatçı qüvvələrinə cavab verməkdə acizlik göstərirdi. Ermənistanla sərhəddə yerləşən Azərbaycan kəndlərində əhalinin silahları müsadirə edilmiş, yerli əhali ermənilər qarşısında aciz bir kütləyə çevrilmişdi. Sovet dövlətində mühüm vəzifə tutan ermənilər dünyanın diqqətini Ermənistana yönəltmək üçün məkrli planlar hazırlayırdılar. Bu planların biri sovet fəhlə şəhəri Sumqayıtla bağlı idi. Sumqayıt hadisələrinin hazırlanmasında sovet xüsusi xidmət orqanları da yaxından iştirak etmişdi. Hazırlanmış məxfi plana görə, ermənilər şəhərdə təxribat törətməli, şəhərdə yaşayan erməni sakinləri öldürməli, əmlaklarını müsadirə etməli, azərbaycanlı gəncləri də bu qətliama şərik çıxarmalı idilər. Beləliklə, ermənilər Sumqayıtı qarışdıraraq ermənilərin qətlə yetirilmələrini əvvəldən hazırlanmış plan əsasında dünyaya çatdırmalı idilər. Xüsusi xidmət orqanları azərbaycanlı gəncləri həbs edib və istintaqla sübuta yetirməli idilər ki, qətllərin günahkarı Azərbaycan tərəfidir”, - deyə Anar İsgəndərov diqqətə çatdırıb.

Professor bildirib ki, Sumqayıt hadisələrinin təşkilatçıları azərbaycanlı əhalini dünya ictimaiyyətinin gözündən salmaq, xalqımızı qəddar və qaniçən göstərmək üçün əvvəldən hazırladıqları kütləvi qətl səhnələrini xarici ölkələrə göndərməyə nail oldular. Heç bir günahı olmayan azərbaycanlı gənclər istintaqa cəlb edildilər. İstintaqın gedişində məlum oldu ki, Sumqayıt hadisələrində 32 nəfər qətlə yetirilib. Onlardan bəzilərini milliyyətcə erməni olan Eduard Qriqoryan öldürüb. Zərərçəkən ermənilərin əksəriyyəti onların evlərini yandırılmasında, qiymətli əşyalarının oğurlanmasında Qriqoryanın rəhbəri olduğu erməni dəstəsini ifşa etdilər. Beləliklə, ermənilər Sumqayıt hadisələri ilə dünya ictimaiyyətini aldatmağa nail oldular. Amma aparılan istintaqlar göstərdi ki, Sumqayıt hadisələrinin təşkilatçıları və günahkarları ermənilərin özləridir.

“Çox təəssüf ki, zəif Azərbaycan iqtidarı Sumqayıtda baş verən hadisələri olduğu kimi mətbuata çıxara bilmədi. Cinayətkar Qriqoryanın əvəzinə azərbaycanlı Əhmədov güllələndi, azərbaycanlılar qaniçən əhali kimi təbliğ olunmağa başladı. Ermənilər Sumqayıtda planlarını uğurla həyata keçirdilər. Qarabağın tarixi erməni torpağı olduğunu təbliğ edərkən türk-müsəlmanlara nifrəti olan ermənipərəst Qərb dövlətləri onlara havadarlıq etməyə başladılar”, - deyən deputat əlavə edib ki, 1992-ci ilin fevralında erməni hərbi birləşmələri Xocalıda mülki əhaliyə qarşı soyqırımı həyata keçirəndə ermənilər Sumqayıtın qisasını aldıqlarını bildirir, Qərb dairələri isə bu soyqırımı məmnunluqla qarşılayır və erməni tərəfinə haqq qazandırırdılar. Nəticədə qısa vaxtda Azərbaycan ərazisinin 20 faizi işğal olundu, bir milyon insan qaçqınlığın və köçkünlüyün acısını yaşamağa məcbur qaldı. ATƏT-in Minsk qrupu isə Qarabağı Azərbaycandan ayırmaq üçün min oyundan çıxdı, amma istədiyinə nail ola bilmədi. Ermənistanın və onun havadarlarının məkrli planları ürəklərində qaldı.

Vətən müharibəsinin Azərbaycan xalqının Qələbəsi ilə başa çatdığını xatırladan Anar İsgəndərov bildirib: “Erməni məkri ayaq tutdu, amma yeriyə bilmədi, ermənilərin havadarları guruldadılar, amma onlara məhəl qoyan olmadı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı Qarabağda genişmiqyaslı quruculuq işləri ilə məşğuldur, qəhrəman Azərbaycan əsgəri sərhədlərimizi yağı düşməndən gecə-gündüz qoruyur. Ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlər heç vaxt yaddan çıxmayacaq, bu ibrətli tarix dərsliklərimizdə yer alacaq və unudulmayacaq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi