Azərbaycan qış turizminə malik ölkələrdəndir
Respublikamızda turizminin inkişafına göstərilən diqqət və qayğı iqtisadiyyatın aparıcı sahəsinə çevirməkdədir. Reallaşan dövlət proqramları turizmin daha da inkişafına səbəb olub. Ölkəmizdə yüzlərlə turizm şirkətinin fəaliyyəti, bu sahə üzrə marşrutlarının yaradılması, dünya standartlarına uyğun bir neçə beşulduzlu otellərin istifadəyə verilməsi respublikamızı turizm ölkəsi kimi tanıdıb. Müxtəlif görkəmdə və xidmətdə olan otellərin inşası buraya gələn axının yüksək səviyyədə təminatına əsas verir. İstirahət zonalarına gələnlərin sayının artması Azərbaycan turizminə olan diqqətin göstəricisidir.Odur ki, son illərdə Azərbaycana gələn turistlərin sayında nəzərəçarpan artım müşahidə olunur. Respublikamızın müxtəlif bölgələrində turizmin fərqli növlərinin, sağlamlıq, qış, mədəni, işgüzar, ekoturizm və kənd turizmi kimi növlərinin inkişafına ciddi təsir göstərib. Turizm sektorunda göstərilən xidmətlərin yalnız kəmiyyət göstəriciləri baxımından deyil, keyfiyyət baxımından da təkmilləşdirilməsi, turistlərin məmnunluq səviyyəsinin artırılmasına nail olmaq üçün ixtisaslı kadrların hazırlanması da olduqca önəmlidir.
Regionlarda turizm fəaliyyətinin stimullaşdırılması, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsi, müxtəlif növlərinin inkişaf etdirilməsi, mehmanxanaların və digər turizm xidməti müəssisələri şəbəkəsinin genişləndirilməsi istiqamətində ardıcıl işlər görülməkdədir.
Ölkəmizdə üç qış turizm mərkəzi fəaliyyət göstərir. Bunlar Qəbələdə yerləşən “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi, Qusarda Şahdağ Qış-Yay Turizm Kompleksi və Naxçıvanda Şahbuz rayonundakı “Ağbulaq İstirahət Mərkəzi”dir.
Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən və ilk dağ-xizək kurortu olan “Şahdağ” qış-yay turizm kompleksi oxşar istirahət mərkəzlərindən bənzərsizliyi ilə fərqlənir və ilboyu fəaliyyət göstərmək iqtidarındadır. Həmçinin, kompleks müasir tələblərə cavab verir. “Şahdağ” Qış-Yay Turizm Kompleksi və “Tufandağ” Dağ-Xizək Kompleksinə yerli və xarici ölkə, xüsusilə də körfəz ölkələrinin vətəndaşları tərəfindən böyük maraq var. Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən “Şahdağ” turizm kompleksinin ərazisi 2058 hektardır. "Şahdağ" Qış-Yay Turizm Kompleksinə daxil olan "Qaya" və "Zirvə" mehmanxanalarının isifadəyə verilməsi də turistlərin istirahətinə daha geniş imkanlar yaradıb. Eləcə də Qusar və Qəbələdə yaradılan istirahət güşələri onu göstərir ki, Azərbaycan qış turizminin təşkili baxımındanhər cür imkana malik bölgələrdəndir.
“Qış turizmi Azərbaycanda turizm xidmətlərində sözsüz paya malik olan istiqamətlərdəndir. Son illərdə isə xüsusilə qış turizminə diqqət artıb”. Bu sözləri məbuata açıqlamasında millət vəkili Vüqar Bayramov deyib. Deputat bildirib ki, daxili və gəlmə turizmdə qış turizminin payı getdikcə daha da artır: “Nəzərə almaq lazımdır ki, ölkə ərazisində infrastruktur formalaşdırılıb, kifayət qədər imkanlar var və təbii ki, daha çox turistin cəlb edilməsi mümkündür. Digər tərəfdən isə qış turizminə marağın artması qlobal olaraq müşahidə olunur. Bu il də qış turizmi Azərbaycanda turizm gəlirlərində yüksək paya malik olacaq. Ümumiyyətlə növbəti illərdə qış turizminin turizm sektorundakı payının artması gözlənilir. Xüsusilə də Qarabağ və Şərqi Zəngəzurda da qış turizminə üstünlük veriləcək”.
Azərbaycanda qış turizminin, eləcə də digər növlərinin coğrafiyasını genişləndirmək istiqamətində 30 illik erməni işğalından azad edilmiş Qarabağ və ətraf rayonlarda da böyük imkanlar vardır. Digər bölgələrimizlə yanaşı,Qarabağ torpaqları bütün imkanları ilə ən vacib regionlarından biridir və turizm potensialı kifayət qədər genişdir. Qarabağın təhlükəsiz zonaya çevrilməsi istiqamətində həyata keçirilən ciddi tədbirlər bu ərazidə turizm infrastrukturunun förmalaşmasına və dinamik inkişafına səbəb olacaq. Əlverişli iqtisadi-coğrafi mövqeyi, zəngin ehtiyatlara, nadir təbii iqlim xüsusiyyətlərinə malik olması, münbit torpağı, zəngin flora və faunası ölkə turizm sənayesinin inkişafı üçün yeni üfüqlər açıb. İlin dörd fəslində füsunkar təbiəti ilə qonaqları heyran edən, saf havası, müalicəvi suları, tarixi abidələri ilə dillərdə dastan olan Qarabağ sözsüz ki, yaxın illərdə bu bölgənin ölkə turizminin inkişafına güclü təkan verəcək. Əzəli torpaqlarımız- Ağdam, Zəngilan, Laçın, Kəlbəcər, Füzuli, Cəbrayıl, Qubadlı, Şuşa, Xocalı, Xocavənd və Hadrut erməni vandallarının darmadağın etdiyi şəhər və kəndlərimiz əsl cənnətə çevriləcək. Təbii ki, yaxın gələcəkdə bu yerlərə böyük turist axınına səbəb olacaq.
Lider-Media.az