“Şəhidlik hər oğula qismət olmur"
2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən müharibəsində əsgərlərimiz qəhrəmanlıq və igidlik göstərərək Vətən uğrunda şərəflə döyüşüb, öz adlarını Azərbaycanın tarixinə yazdılar. İgid, qəhrəman oğullarımız son damla qanları, nəfəslərinədək savaşaraq düşməni diz çökdürdülər, şücaəti, mərdliyi ilə dillərə dastan oldular. Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi.
Torpaq, Vətən uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalanları bu gün xatırlamaq mənəvi borcumuzdur. Vətən müharibəsi şəhidi Etibar Şirinov 27 avqust 1993-cü ildə İsmayıllı rayonu, İvanovka kəndində anada olub. Doğulduğu kənddə orta məktəbi bitirib.
Etibar Azərbaycan Ordusunda müddətli hərbi xidməti zamanı kəşfiyyatçı olub. Atası Fazil Şirinov da Birinci Qarabağ Müharibəsinin qazisidir. Vətən Müharibəsi başlayanda Etibar könüllü olaraq Ordu sıralarına yazılıb. Zəngilan ərazisində Ziyarətgah dağı uğrunda gedən döyüşlərdə yaralanır və bir neçə gündən sonra yenidən döyüşlərə qatılır. Hadrut Füzuli, Cəbrayıl və Zəngilan uğrunda döyüşlərdə qəhramancasına iştirak edir. 9 noyabr 2020-ci ildə Zəngilan ərazisində azad olunmuş kəndlərin birində döyüşçü yoldaşları ilə nəzarət işini təşkil edərkən, orada gizlənmiş mənfur düşmənin gülləsinə tuş gəlir.
Anası Əfruz Şirinova oğlunun Polad Həşimovun vəfatından kədərləndiyini və Orduya könüllü yazıldığını deyib: "Sentyabrın 28-də çağırış gəldi və səhəri gün sevinərək getdi. Sağollaşanda bir ovuc torpaq istədi, dedi ki, "şəhidlik zirvəsinə yüksəlsəm üstümdə doğulduğum kəndin torpağından da olsun". Balaca bayrağı var idi və Şuşada sancacağını deyirdi. Atasına "biz Azərbaycana yeni tarix yazacayıq, bizi kitablardan oxuyacaqsınız" deyirdi. Mənimlə hər dəfə danışanda təsəlli edirdi. Deyirdi ki, "Narahat olmayın. Şəhidlik hər oğula qismət olmur".
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə Etibar Fazil oğlu Şirinov "Vətən uğrunda", "Cəsur döyüşçü", "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.27 yaşlı bir igidin də ömrü beləcə yarımçıq qaldı. Düşmən onun ömrünə nöqtə qoysa da əbədiyyətə çevrilmiş Vətən sevgisini, həyatda qoyduğu izləri heç vaxt silə bilməyəcək. Dostların, qohumların və xalqımızın yaddaşında qəhrəman bir gənc kimi yaşayacaq.
Bu gün şəhidlik zirvəsinə ucalan hər bir vətən övladlarının mübarizliyi həm də Azərbaycan xalqının tarixində qəhrəmanlıq salnaməsidir.
Müşfiq Mirzə,
Xüsusi olaraq Lider-Media.az üçün