lider-media.az

Şəhidlər ölməz, Vətən bölünməz

Baxış: 229 Tarix: 21-10-2024, 09:37

 “Şəhid olsam, məzar daşıma ən gözəl şəklimi vurarsız

   

 Şanlı tariximizə yazılan Vətən müharibəsi Azərbaycan  xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. Torpaq, Vətən uğrunda gedən döyüşlərdə  şəhidlik zirvəsinə ucalanları bu gün xatırlamaq  mənəvi borcumuzdur. Bu müharibə Azərbaycana zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha  tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı,  şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. İgid, qəhrəman oğullarımız son damla qanları, nəfəslərinədək savaşaraq düşməni diz çökdürdülər, şücaəti, mərdliyi ilə dillərə dastan oldular. Vətən torpaqlarının işğaldan azad olunması uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan igidlərimizdən biri də Elmir Akifzadədir. Ali təhsilini yarımçıq qoyaraq Vətən müharibəsinə könüllü yollanan Elmirin 23 yaşı vardı...

 Akifzadə Elmir Gündüz oğlu 1997-ci il sentyabrın 1-də Masallı rayonunun Banbaşı kəndində dünyaya göz açıb. 2015-2016-cı illərdə hərbi xidmətdə olan Elmir sonra Rusiya Federasiyasının Kazan şəhərinə yollanıb. Elə həmin il burada ali təhsil ocaqlarından birinə qəbul olur. 2020-ci ilin iyul ayında işğalçı Ermənistan ordusunun cəbhə xəttində növbəti təxribatına hiddətlənərək, Tovuz döyüşlərində iştirak etmək üçün Kazan şəhərində təhsilini yarımçıq qoyub Azərbaycana qayıdır. İyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinə müraciət edərək, müharibə olarsa könüllü döyüşə getmək istədiyini bildirir.

  Anası İlhamə Qədiməliyeva oğlunun vətənpərvərliyindən danışarkən deyir: "Sentyabrın 27-si idi. Elmir dedi ki, ana, mən döyüşə gedəcəyəm. Əgər şəhid olsam, məzar daşıma ən gözəl şəklimi vurarsan. Özün seçərsən, dedi. İki gün sonra, 29-u yola düşdü. Dedim heç olmaya 2 gün gec get, ona da razı olmadı". Tovuz döyüşləri zamanı komandiri və həmyerlisi olan mayor Anar Novruzovun şəhid olması Elmirin ürəyində düşmənə nifrəti daha da artırır. Dayısı İbrahim Əhmədovun sözlərinə görə, o, bundan hiddətlənərək hücum əmri veriləcəyi günü səbirsizliklə gözləyirdi: "Tovuz hadisələrindən sonra Elmirin intiqam hissi həddindən artıq artmışdı. General Polad Həşimovun, Elmirin komandiri olmuş Anar Novruzovun şəhidliyindən sonra onda ümumiyyətlə düşmənə qarşı dərin nifrət hissi oyanmışdı. Elə çalışırdı ki, tez bir zamanda cəbhəyə yollansın. Bu məqsədlə hərbi komissarlıqda qeydiyyatdan keçdi. Sentyabrın 27-də müharibənin başlanması Elmirə elə bil ki, bir şans verdi və o, öz arzusuna çatdı. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Onlar elə bir tarix yazdılar ki, bu, heç zaman unudulmayacaq".

İki bacının bir qardaşı olan Elmir 23 yaşında şəhidlik zirvəsində ucalır. Bacısı Çinarə Cəfərova: “Qardaşımın ömrü qısa oldu, amma o, bu ömrə çox şey sığdıraraq dünyadan getdi. Mənim üçün çox çətindir, amma onunla fəxr edirəm. Fəxr edirəm ki, belə bir qardaşım olub. Onunla qürur duyuram. Özümlə də qürur duyuram ki, belə bir oğulun, belə bir igid qəhrəmanın bacısıyam".

Tarix yazan Ordumuzun sıralarına Elmir 2020-ci ilin sentyabrın 29-da qoşulub. Oktyabrın 7-də Xocavənd-Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Silahdaşı və həmkəndlisi Samir Məmmədov deyir: " Sentyabrın 29-da Elmirlə birlikdə Ağcabədidə hərbi hissədə olduq. Elmir tezliklə döyüşə atılmaq, həmişə irəli getmək istəyirdi. Biz əmr gözləyirdik və o əmr oktyabrın 7-si gəldi. Füzuli, Cəbrayıl istiqamətində döyüşlərə girdik. Cəbrayılda vağzal istiqamətində hücuma keçmişdik. Düşmən xeyli itki verdi. Yanımıza düşən minamyot mərmisi nəticəsində Elmir şəhid oldu".

Prezident İlham Əliyevin Sərəncamları ilə Elmir Akifzadə ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü” “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

 Bu gün Elmirin ruhu şaddır. Azərbaycan Vətən müharibəsində sanlı qələbə qazanmaqla  ərazi bütövlüyünü bərpa etdi. Onun azad görmək istədiyi Qarabağımızda üçrəngli Azərbaycan bayrağı vüqarla dalğalanır.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi