Əbədiyyətə çevrilmiş Vətən sevgisi
2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən müharibəsində əsgərlərimiz qəhrəmanlıq və igidlik göstərərək Vətən uğrunda şərəflə döyüşüb, öz adlarını Azərbaycanın tarixinə yazdılar. Düşmənə layiq olduğu cavab məğlubedilməz ordumuzun yüksək döyüş əzmi, ruhu ilə savaş meydanında - Qarabağın ürəyi Şuşada verildi. İgid, qəhrəman oğullarımız son damla qanları, nəfəslərinədək savaşaraq düşməni diz çökdürdülər, şücaəti, mərdliyi ilə dillərə dastan oldular.
Şanlı tariximizə yazılan Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi.
Füzuli, Xocavənd və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edən, Şuşa döyüşlərində qəhrəmancasına şəhid olan Babək Bəxtiyar oğlu Allahverdiyev tarixi sevərək böyüdü, elə tarix yazaraq da şəhid oldu. Babək Allahverdiyev 1979-cu il mayın 30-da Naxçıvan şəhərində anadan olub.
Uşaqlıqdan "hərbçi olacağam” deyən şəhid Babək, uşaqlıq arzusuna da çatıb, xidmət andına da. Daim kiqboksinq və karate kimi idman növləri ilə məşğul olan Babək, əvvəl Naxçıvanski adına hərbi məktəbi, daha sonra Azərbaycan Ali hərbi məktəbini müvəffəqiyyətlə başa vurub.
Müharibə başlayan gündən Şuşanı azad edib qayıdacağam deyərək, yola düşüb. Kəşfiyyat bölük komandiri kimi Şuşaya ilk yol açanlardan biri olub. Elə noyabrın 4-ü Şuşa uğrunda gedən döyüşlərdə də şəhidlik zirvəsinə ucalıb. Şəhid baş leytenant Babək Allahverdiyev 2020-ci ilin noyabr ayının 6-da İkinci Fəxri xiyabanda dəfn olunub. Hər zəngində həyat yoldaşına deyib ki, noyabrın 10-u 7 yaşlı övladının doğum gününə qədər mütləq qayıdacaq. Övladları Bəxtiyar və Çingizin də böyüyəndə özü kimi hərbçi olmasını istəyib. Həyat yoldaşının indi tək məqsədi şəhidin bu arzusunu yerinə yetirməkdir.
Ölümündən sonra Babək Prezident İlham Əliyevin sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” , “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunması görə” medalları ilə təltif edilib.
Respublikamızın müstəqilliyi uğrunda qəhrəmanlıqla mübarizə aparan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını qurban verərək ən uca zirvəyə-Şəhidlik məqamına ucalanların xatirəsini hər zaman anmağa borcluyuq. Onların adları, xatirəsi yaddaşlarda əbədi yaşayacaq!!! Bu gün qəhrəman şəhidimizlə təkcə ailə üzvləri yox, bütün xalq qürur duyur, ehtiramla anır. Ömrü yarımçıq qırıldı, həssas qəlbi, duyğusu ilə Vətənə, torpağa, el-obaya bağlanmış bu igidin. Düşmən onun ömrünə nöqtə qoysa da əbədiyyətə çevrilmiş Vətən sevgisini, həyatda qoyduğu izləri heç vaxt silə bilməyəcək. Daim öz dostlarının, qohumlarının, tanışlarının və xalqımızın yaddaşında qəhrəman bir gənc kimi yaşayacaq.
Bəli, bu gün öz qanı, canı bahasına Vətənin müdafiəsi uğurunda gedən döyüşdə qəhrəmancasına şəhid olan Babək cəsurluğu ilə düşmənə meydan oxuyaraq, şəhidlik zirvəsinə yüksələn igidlərimizdəndir.
Vətən bölünməz-şəhidlər ölməz! İllər keçəcək, bizim kimi gələcək nəsillər də şəhidlərimizi minnətdarlıq hissi ilə yad edəcəklər. Heç kim unudulmur, heç kim yaddan çıxmır.
Bəli, şəhidlik elə bir zirvədir ki, ünvanı əbədiyyətdir.
Lider-Media.az