lider-media.az

Ən ülvi duyğudur Vətən sevgisi

Tarix: 27-09-2024, 09:16

Hər birimiz yaxşı xatırlayır 2020-ci il sentyabrın 27-i tarixini. Böyük Zəfərin, Qələbənin  başlanğıcı qoyulan gün. Həmin gün Azərbaycanın tarixində, qəhrəmanlıq salnaməsində yeni səhifə açdı. Bu səhifə Azərbaycan əsgərinin şücaəti, zəfər yürüşü, Ordumuzun Vətən uğrunda savaşı ilə yazıldı. O gün Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu Vətən uğrunda ölüm-dirim savaşına qalxdı. Düşmən tapdağında qalan el-obamızı kafir caynağından qurtarmaq, üçrəngli müqəddəs bayrağımızı azad olunmuş yaşayış məntəqələrində asmaq üçün başlayan bu döyüş hamının ürəyindən soraq verdi.

Azərbaycan əsgəri, müqəddəs Vətənimizin igid, ər, qəhrəman  oğulları! Qoynunda dünyaya göz açdığınız Vətənin oğlu adını şərəflə daşıdınız. Vətənin məcnunu kimi bütün maneələri, çətinlikləri qorxmadan dəf etdiniz. Sinənizi güllə və mərmilərə gözünüzü qırpmadan sipər etməyə hazırsınız. Ayaq səsləriniz, məğrur duruşunuz, qorxmazlığınız düşmənləri lərzəyə saldı. Ayağınız dəyən torpaqları azad etdiniz, xalqımıza sevinc, başıucalıq gətirdiniz, qürur yaşatdınız. Sizin bir dağ kimi yenilməz duruşunuza, ucalığınıza düşmən həsəd aparırdı. 

Vətən müharibəsində əsgərlərimiz qəhrəmanlıq və igidlik göstərərək Vətən uğrunda şərəflə döyüşüb, öz adlarını Azərbaycanın tarixinə yazdırdılar. Düşmənə layiq olduğu cavab məğlubedilməz ordumuzun yüksək döyüş əzmi, ruhu ilə savaş meydanında - Qarabağın ürəyi Şuşada verildi. İgid, qəhrəman oğullarımız son damla qanları, nəfəslərinədək savaşaraq düşməni diz çökdürdülər, şücaəti, mərdliyi ilə dillərə dastan oldular.Şanlı  tariximizə  yazılan Vətən müharibəsi Azərbaycan  xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. 

 Tarixin ən ağır sınaqlarından üzüağ, şərəflə çıxmağı bacarmış məmləkətimizin var olmasının kökündə dayanan ən ümdə səbəblərdən biri bu torpağın övladlarının Vətənə sonsuz məhəbbəti oldu. Qəlbən, ruhən hər zaman Vətənə bağlı olan əcdadlarımız Azərbaycan uğrunda canlarından keçməyə hazır olublar, şəhidlik zirvəsinə yüksəliblər. Çünki biliblər ki, Vətən uğrunda ölmək həyatın şərəfli bir formada davamıdır. Babalarımızın əmanəti olan Vətən onların sonrakı davamçıları tərəfindən də sevilib, qorunub və bu gün də sevilməkdə, qorunmaqdadır. Tariximizin hansı səhifəsini vərəqləsək, orada cəsur, igid babalarımızın keçdiyi qəhrəmanlıq yollarının izinə rast gələrik. Yaşadığımız torpağı qorumaq üçün Vətən uğrunda mübarizə əsas şərtdir. Məhz bu amil vətənpərvərliyi şərtləndirir. Əsl vətənpərvər isə Vətənə məhəbbətini sözdə deyil, gördüyü işdə, çəkdiyi zəhmətdə, fəaliyyətində nümayiş etdirir. Buna görə də vətənpərvərlik – söz ilə əməlin üst-üstə düşməsidir.

 Vətən Sevgisi! Vətən Həsrəti! Bu hisslərlə hücum edən cəngavər əsgərlərimiz düşmənin 30 ildir  qurduğu istehkamları darmadağın etdi. Hansı ki, illərdir ermənilər və onlara havadarlıq edənlərin göndərdiyi mühəndislər tərəfindən hər bir xırdalığı düşünülərək qurulmuşdu. Qisas atəşi ilə  silaha sarılan bir ordunu durdurmaq mümkünsüzdür. Müdafiə xətləri cəmi bir neçə saata yarıldı, düşmən nə olduğunu anlayana qədər artıq igidlərimiz başlarının üzərini əcəl kimi kəsmişdilər.

 27 sentyabr 2020-ci il hər bir Azərbaycanlının özünü xoşbəxt hiss etdiyi, çoxdandır gözlədiyi gün idi. Torpaqlarımızı azad etmək, xalqımızın başına gətirilmiş müsibətlərin qisasını almaq imkanı yaranmışdı. Xocalının  intiqamı 44 günün hər günü  alındı. Amma alçaq düşmənin Xocalıda etdiyi kimi yox! Günahsız, əli yalın qadın qoca uşaq ayırmadan şərəfsiz xain əməllər törətmək quduz ermənilərə xas hərəkətdir.

Azərbaycan ordusunun 44 günlük müharibədə nümayiş etdirdiyi rəşadətini bütün dünya ictimaiyyəti gördü. Əsgərimizin döyüşdə qəhrəmancasına “ya şəhid olacayıq ya qazi” ifadəsi bizim bu haqq savaşında nə qədər doğru yolda olduğumuzun təcəssümü idi. Vətən, millət, ordu vəhdəti qələbəmizi sürətləndirən amillərdən ən başlıcası idi. Bu zəfərdə  ordumuzun yüksək peşəkarlığı, müasir silahlarla təmin edilməsi və ruh yüksəkliyi də öz sözünü deyirdi. Düşmən ordusunun döyüşlərdəki qorxaqlığı və xaosu Azərbaycan əsgərinin qəhramanlığından xəbər verirdi. Vətən müharibəsində rəşadətlə döyüşən, düşmənə göz açmağa imkan verməyən Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti öz mübarizliyi ilə xalqımızın qəhrəmanlıq simvoluna çevrildi. Əsgərlərimiz, zabitlərimiz, çavuşlarımız döyüş meydanlarında əsl vətən övladının igidliyini, cəsarətini, qorxmazlığını göstərdi.

 Qarabağ zəfərinə aparan yolda Azərbaycan düşməni ağır məğlubiyyətə uğradarkən itkilərimiz də oldu. Ancaq qazanılan bu qələbə hüdudsuz ağrı-acılarımızı üstələdi. Övladını itirən ata-analar da, həyat yoldaşını son mənzilə dəyanətlə yola salan xanımlar da ağrılarını bir kənara qoyub qazanılan ümummilli dinclikdə əzizlərinin, övladlarının, yoldaşlarının payının olması ilə qürurlandılar. Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını Vətən uğrunda qurban verdilər. Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda, təsəlli odur ki, şəhidlərimizin intiqamı döyüş meydanında alındı, qanları yerdə qalmadı.

   Yenə xalq öz Vətəninin, dövlətinin arxasında olduğunu, hər an işğalda olan torpaqlarımızın azad olunması üçün canlarından belə keçəcəklərini bütün dünyaya sübut etdi. Bunun üçün minlərlə vətənpərvər, cəsur, igid oğlumuz səfərbərlik nümayiş etdirdi. Bütün Azərbaycan xalqı – qocası, cavanı, fəhləsi, ziyalısı, məmuru bir sözlə hər kəs üçrəngli bayrağna sarılıb “Vətənə canımız fəda” deyə Vətənin səsinə hay verdi. Bax, budur vətənpərvərlik, budur Vətən sevgisi.   

   Prezident, Müzəffər Ali Baş Komandanın dediyi kimi: ”... İlk günlərdən Ordumuz irəliyə gedirdi, bir dəfə də olsun geriyə addım atmamışdır. Ermənistan ordusunda özlərinin etiraflarına görə, on mindən çox fərari olmuşdur. Azərbaycan Ordusunda bir nəfər də fərari olmamışdır. Budur Azərbaycan xalqının mənəvi keyfiyyətləri, budur milli ruhumuz, Vətən sevgisi. Bizi irəliyə aparan Vətən sevgisi idi, ancaq, eyni zamanda, hazırlıq, peşəkarlıq idi.  Həm gücünüz, həm iradəniz, peşəkarlığınız və Vətən sevgisi. Siz öz Vətəniniz uğrunda doğma torpaqda vuruşurdunuz. İşğalçı düşmən isə Azərbaycan torpağında sizin qarşınızda duruş gətirə bilməzdi”.

   Bəli, Şanlı Qələbəyə aparan Vətən sevgisi idi. Bütün dünya gördü ki, bir qarış belə torpaqlarımız düşməndə qala blməz.

   Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi