Polşa klubunun baş məşqçisi: Rahil Məmmədov komandaya mükəmməl uyğunlaşdı - MÜSAHİBƏ
Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovun çıxış etdiyi Polşanın LKS komandasının baş məşqçisi Pyotr Stokovets AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.
- Əvvəlcə Rahil Məmmədovun transferindən başlayaq. Azərbaycanlı müdafiəçinin keçidi necə baş tutdu?
- Bilirdik ki, müdafiə xəttini gücləndirməliyik. Ona görə də bu cür oyunçu axtarırdıq. Rahil komandaya mükəmməl uyğunlaşdı. İdman direktorumuzun sözlərinə görə, onu Polşada, bizim komandada oynamağa inandırmaq o qədər də asan olmayıb. Şadam ki, təklifimizi qəbul etdi. Onun gəlişindən sonra müdafiə xəttində rəqabəti artıra bilərik.
- Ötən gün Polşa çempionatının XX turunda səfərdə “Korona”ya 1:2 hesabı ilə uduzduğunuz oyunda Rahil Məmmədova start heyətində şans verdiniz və onu matçın sonunadək əvəzləmədiniz. Futbolçunun çıxışını necə dəyərləndirirsiniz?
- Rahil kimi müdafiəçiyə ehtiyacımız var idi. Həqiqətən komanda üçün lazımlı futbolçudur. Müdafiədə etibarlı oynayır. Dünən meydanda onun səylərini gördük. Sürətli və fiziki cəhətdən güclüdür. Top uğrunda effektiv mübarizə aparır.
- Hazırda LKS klubu Ekstraklasada sonuncu yerdədir və ən çox qol buraxan komandadır. Sizcə, Rahil Məmmədovun gəlişindən sonra bu problemi həll etmək mümkün olacaq?
- Bəli, hamımız buna inanırıq. Ekstraklasada yerimizi qorumaq istəyirik. Ona görə də bəzi transferlər etdik. Hazırlıq prosesimiz yaxşı keçdi. Komandanı fiziki və psixoloji cəhətdən yaxşı hazırlaya bildik. Bu, futboldur. Bilirəm ki, burada hər şey mümkündür. Hamımız elitada qalacağımıza ümid edirik. Bunun üçün yaxşı mübarizə aparmalıyıq.
- Təxminən 2-3 il əvvəl Azərbaycan millisinin daha bir üzvü - Mahir Emreli "Legiya"da çıxış edirdi. Lakin azarkeşlərlə bağlı insidentdən sonra Varşava təmsilçisindən ayrıldı. Yəqin ki, futbolçunu və həmin hadisəni xatırlayırsınız...
- Bununla bağlı elə geniş məlumatım yoxdur. Ona görə də bu məsələni şərh etmək istəmirəm.
- Polşada azərbaycanlı futbolçulara münasibət necədir?
- Mən öz münasibətimi deyə bilərəm. Azərbaycan millisinin bəzi oyunlarına baxmışam. Futbolçular fiziki cəhətdən hazırlıqlı olurlar və normal oyun nümayiş etdirirlər. Bundan əlavə, onlar topla yaxşı rəftar edirlər və mübarizələr zamanı çox cəsurdurlar. Polşa çempionatında ölkənizdən cəmi bir neçə futbolçu çıxış edib. Unutmamalıyıq ki, hər bir milli liqa unikaldır, özünəməxsus xüsusiyyətləri var. Ona görə də buraya gələn futbolçular yeni şərtlərə öyrəşməlidirlər.
- Gələcəkdə komandanızda başqa azərbaycanlı futbolçu da görmək istərdiniz?
- Ola bilər. Komandanı gücləndirmək üçün heç bir mümkün variantdan imtina etmirik. Futbolda oyunçunun milliyyəti yox, bacarığı önəmlidir.