Hüquqimaarifləndirmə: Cinayətprosessualhüququ – Şəxs hansı hallarda şübhəli kimi tutula bilər?
Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması onun cinayət törətməsinə bilavasitə şübhə yarandığı və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduğu hallarda həyata keçirilir.
Şəxsin cinayət törətməsinə bilavasitə şübhə yarandıqda təhqiqatçı, təhqiqat orqanının digər əməkdaşı, müstəntiq və ya prokuror onun tutulmasını tətbiq edə bilər.
Şəxsin cinayət törətməsinə bilavasitə şübhə yaranması dedikdə aşağıdakı hallar nəzərdə tutulur:
- şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən, yaxud bilavasitə bundan sonra cinayət başında yaxalandıqda;
- zərər çəkmiş, yaxud hadisəni görən digər şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərdikdə;
- şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda.
Şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduqda, o, təhqiqatçı, təhqiqat orqanının digər əməkdaşı, müstəntiq və ya prokuror tərəfindən tutula bilər.
Şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şübhələnməyə əsas verən digər məlumatlar dedikdə aşağıdakı hallar nəzərdə tutulur:
- şəxs hadisə yerindən qaçıb gizlənməyə, yaxud cinayət prosesini həyata keçirən orqandan gizlənməyə cəhd göstərdikdə;
- daimi yaşayış yeri olmadıqda və ya başqa ərazidə yaşadıqda;
- şəxsiyyəti müəyyən edilmədikdə
Qeyd olunan hallardan biri mövcud olduqda tutulma müvafiq cinayət işi başlananadək həyata keçirilə bilər. Cinayət işinin başlanmasına dair qərar şəxsin tutulduğu andan 24 saat keçənədək qəbul olunmazsa, tutulmuş şəxs dərhal azad olunmalıdır.
Cinayət törətməkdə şübhəli olduğu üçün tutulmuş şəxsin müvəqqəti saxlama yerində saxlanılması cinayət prosesini həyata keçirən orqanlar tərəfindən tərtib edilmiş tutulma haqqında protokol əsasında həyata keçirilir.
Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması 48 saatdan artıq davam edə bilməz. Həmin müddət keçənədək tutulmuş şəxsə ittiham elan edilməli, həbslə bağlı prokurorun təqdimatı olduqda isə o, məhkəməyə gətirilməli, məhkəmə təxirə salmadan işə baxmalı və həmin şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və ya onun azad edilməsi haqqında qərar çıxarmalıdır.