İslam dünyasının elmi və mədəni ənənələrini yaşadan və mühafizə edən kitabxanalar
Kitabxanalar keçmişi, bu günü, gələcəyi, kitablar aləmini və insanların mənəvi dünyasını birləşdirir, eyni zamanda öz yenilikləri ilə elmi ictimaiyyət üçün həmişə əlamətdar hadisədir.
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının ixtisaslaşdırılmış fondları arasında zənginliyi ilə seçilən Şərq ədəbiyyatı fonduna üz tutan alimlərimizə bu fondun ən dəyərli nümunələrindən sayılan İslam ensiklopediyalarının müxtəlif illərdəki nəşrləri yaxşı tanışdır. İstər tarixçi olsun, istər dilşünas, istər filosof və ya ədəbiyyatşünas, fərqi yoxdur, tədqiqatçılarımızın ən çox üz tutduğu, dəfələrlə müraciət etdikləri bu qiymətli mənbələr azərbaycanşünaslıq üçün də nüfuzlu elmi mənbələrdəndir. Əsrin mədəniyyət sərvəti olan İslam Ensiklopediyasını nəşr etdirərək dini-mədəni məzmun və tarixi-faktoqrafik baxımdan bənzərsiz olan bu əsəri cəmiyyətə əlçatan etmək müqəddəs bir missiyadır. Bu qəbildən nəşrlərin ərsəyə gəlməsində, xüsusilə Türk dünyasında İslam mədəniyyətini, mənəvi-əxlaqi dəyərləri elmi şəkildə öyrənən və təbliğ edən İSAM-ın fəaliyyəti kifayət qədər geniş və çoxşaxəlidir. İSAM bu istiqamətdə milli və beynəlxalq elmi tədqiqat layihələrini, monoqrafik tədqiqatların aparılmasını, ensiklopedik nəşrlərin, dərgi topluların işıq üzü görməsini, bu qəbildən biliklərin populyarlaşdırılmasını dəstəkləyir. Bundan əlavə, islam elmləri sahəsində elmi araşdırmalara həsr olunmuş simpozium və konfranslar təşkil edir. Yaxın Şərq, Orta Asiya, Balkanlar və Şimali Afrikanı əhatə edən araşdırmaları ilə Türk dünyası mədəni həyatına və İslam araşdırmalarına töhfə verir. Türk və İslam dünyasının tarixi irsinin müasir elmi metodlarla araşdırlmasına üstünlük verir. Eyni zamanda bu coğrafiyada sosial, mədəni və intellektual həyatda baş verən dəyişiklikləri və inkişafı təmin edir, ölkələr arasında elmi və akademik qurumlarla əlaqələri təşviq edir.
İslam Araşdırmaları Mərkəzinin TDV Kitabxanasına ehtiyac duyulan nəşrlərlə əlaqədar rəsmi ianə müraciətinə və dəvətinə cavab olaraq bu ilin 16-20 dekabr tarixində Türkiyənin İstanbul şəhərinə ezamiyyətdə olduq.
Mərkəzdə bizi İSAM Kitabxanası və Sənədlər üzrə menecer Mustafa Birol Ülker və həmkarları qarşıladılar. O, İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin Kitabxanaçılıq bölümünün məzunudur və İslam Araşdırmaları Mərkəzinin Kitabxana və Sənədlər Müdirliyinə qədər müxtəlif səviyyələrdə çalışmiş təcrübəli bir müxəssisdir. Bu səbəbdən peşəkar həmkarımızla həmsöhbət olmaq, fikir mübadiləsi aparmaq, yenilikləri öyrənmək, elmi əlaqələrimizin təməl məsələlərini müzakirə etmək kifayət qədər maraqlı oldu. Öyrəndik ki, İSAM Kitabxanası uzun illərdir ki, öz resursları ilə hazırladığı avtomatlaşdırma proqramlarından istifadə edir. Mövcud proqram təminatının günümüzün təhlükəsizlik tələblərinə, proqram texnologiyası tələblərinə və kitabxana-arxiv standartlarına uyğunlaşdırmaq üçün transformasiya layihəsinə başlanılmışdır. Hazırda layihənin üç mərhələsi başa çatıb və dördüncü mərhələyə start verilib.
Mustafa Birol Ülkerin müşayəti ilə orada yaradılmış xidmət sahələri, fondlar, oxu zalları və digər şəhərciklərlə də tanış olduq. Mərkəzin sorğusuna əsasən gətirdiyimiz kitabların səgisini və təqdimatını təşkil etdik. AMEA Nəsimi adına Dilçilik İnstitutunun yenidən nəşrə hazırladığı “Divanü Lüğat-it-Türk” (1-3 cildlər), “Türk mənşəli araxaizmlər lüğəti” və Vahidə Cəfərzadə və Mustafa Zəriin “Fütuhüş-Şam”, Əbdürrəhim Ərdəbili Şirvaninin “Məzhər üt-Türki”, Xədicə Heydərovanın “Nəsiminin dilində işlənən onomastik vahidlərin iazahlı lüğəti”, Lənkəran Regional Elmi Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Əliyev Mehmannın "Yatmış mələkləri oyatmayın", "On yazıçı haqqında on səkkiz esse", "Mirzə Cəlil yanğısı", "Mən konteksti düşünürəm" adlı kitablarını Türkiyənin İstanbul şəhərində yerləşən İSAM Kitabxanasına hədiyyə etdik.
Hədiyyə edilmiş kitab kolleksiyasına görə Mustafa Birol Ülker Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyliyə təşəkkür və minnətdarlıq məktubu da təqdim etdi. Biz də, öz növbəmizdə göstərilən diqqətə və köməyə görə xüsusi təşəkkürümüzü bildiririk.
Onu da qeyd edək ki, İslam Tarix Sənət Və Mədəniyyət Araşdırma Mərkəzinin (Research Centre For Islamic History, Art and Culture – IRCICA) Kitabxana və Arxivlər Departamentində (IRCICA) görüşlərimiz də əhəmiyyətli və yaddaqalan oldu.
1980-ci ildə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) törəmə təşkilatı olan IRCICA çərçivəsində Kitabxana və Arxiv Departamentinin yaradılması qərara alınıb. Kitabxana 2017-ci ildən etibarən İstanbulun tarixi yerlərindən biri olan Cağaloğluda Ulu Porte kompleksi daxilində işlərini davam etdirir. IRCICA Kitabxana və Arxivlər Departamenti müxtəlif növ və formatlarda zəngin kolleksiyalarını, əsasən tarix, coğrafiya, din, elm, fəlsəfə, incəsənət, memarlıq və ədəbiyyat mövzularında dünyanın hər yerindən istifadəçilərə təqdim etməklə bu sahələrdə tədqiqat və araşdırmalara dəstək verir. İslam mədəniyyəti və sivilizasiyasına dair kolleksiyaları qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürmək missiyası ilə cəmiyyətə xidmət edir. IRCICA Kitabxana kolleksiyası çap kitab və jurnallarla yanaşı, rəqəmsal daşıyıcılara köçürülən nadir və əlyazma əsərlərdən, müxtəlif formatlarda arxiv materiallarından (sənədlər, audio-vizual materiallar, xəritələr və s.) ibarətdir.
Bu kitabxana dünyanın müxtəlif ölkələrində mədəniyyət qurumları, universitetlər, incəsənət dərnəkləri, eləcə də alim və tədqiqatçılar arasında məlumat mübadiləsi və əməkdaşlıq edir. Kitabaxananın xüsusi təşkil edilmiş fondların mühafizə şəraiti, komfortlu qiraət zalları, peşəkar və çevik xidmət sahələri ilə əyani tanış olduq. Elmi məzmunlu xüsusi kolleksiyalardan və xidmətlərdən faydalanmaq üçün burada bütün imkanlar nəzərə alınmışdır. Müşahidə etdiyimiz yeniliklər, istifadəçi üçün açıq və əlverişli şəraitdə yerləşdirilmiş fondlarda işin təşkili və bütün bu gördüklərimiz təcrübəmiz üçün faydalı oldu.
Bu mənada, IRCICA rəhbərliyi başda olmaqla, professor Cengiz Tomar, Orhan Çolak, Dr. Didar Bayır xanım və başqalarına təşəkkür edirik.
Növbəti görüşümüz Süleymaniyyə Əlyazma Kitabxanasında oldu. İstanbulun Süleymaniyyə rayonunda yerləşən bu kitabxana 1927-ci ildə yaradılıb. Osmanlı dövründə əsası qoyulan kitabxana mühüm İslam kolleksiyasına malikdir və nadir əsərlərdən ibarətdir. Hazırda Süleymaniyyə Kitabxanası türk-islam mədəniyyətinin əsas qaynaqları olan ərəb hərfləri ilə yazılmış əlyazma və köhnə çap əsərlərini özündə cəmləşdirən, yerli və xarici tədqiqatçılara beynəlxalq səviyyədə xidmət göstərən bir qurumdur. Burada nəqqaşlıq, xəttatlıq, miniatür kimi ənənəvi sənətlərin ən yaxşı nümunələrini görmək mümkündür. Bu əsərlər arasında dünyada bənzəri olmayan nüsxələr və ya sultanlara həsr olunmuş çox qiymətli əlyazmalar var. Elektron kataloqda axtarış parametrləri beynəlxalq standartlar, Şərq xalqlarına məxsus yerli milli bioqrafik tanıtma alqoritmləri nəzərə alınmışdır. Kitabxanada əlyazmaların qorunmasını təmin edən fiziki-kimyəvi, bioloji xarakterli parametrlərin nəzərə alındığı xüsusi mühafizə sistemləri təmin edilmişdir. Rəqəmsallaşdırma prrosesləri xüsusi şərtlərlə hayata keçirilir. Bütün bu proseslər və fondlar, iş prinsipləri ilə bizi tanış edən, bizə geniş məlumat təqdim edən Türk Əlyazmalar Təşkilatı rəhbəri Coşqun Yılmaz bəyə, Əlyazmalar və nadir əsərlər şöbəsinin müdiri Hüseyin Kutan bəyə təşəkkür edirik.
Kitabxanalardan aldığımız təəssrüatlar çox müsbət, səmərəli və perspektivlidir. Çünki Türk dünyasında elmi-mədəni əlaqələrin təməlində kitabxanalar kimi müəqddəs bilik məbədləri mövcuddur və onların varlığı inkişafı, tanınması, yenilənməsi, əlaqələrinin genişlənməsi Türk dünyasının birliyinə gedən həm əski həm də yeni salınan magistral yollardır. Bu yollarda atdığımız bütün addamlar gələcəyimizə hesablanıb.
Ezamiyyətimiz çərçivəsində gərəkli və səmərəli görüşlərimiz Bəyazit Dövlət Kitabxanasında davam etdi. Kitabxana yüksək texnoloji əsaslarla oxucularının hər bir ehtiyacını qarşılmağa hazır olan bir təşkilatdır. 1884-cü ildə əsası qoyulmuş kitabxananın tarixinə dair məlumat aldıq, bir milyondan artıq kitab və digər çap əsərləri, əlyazmalardan ibarət fondları və təqdim etdiyi xidmətlərlə əyani tanış olduq. Burada oxuculara nəzarət deyil, sözün əsil mənasında mədəni və dinamik biblioqrafik xidmət növlərinin təqdiminin şahidi olduq.
Bəyazıt Dovlət Kitabxanasıilə bu tanışlıq üçün başqan Ramazan Minderə, Aysel xanıma, Van Yüzüncü İl Universiteti Ədəbiyyat Fakültəsinin Tarix Bölümü professoru Cavid Qasımova təşəkkür edirik.
Qardaş Türkiyənin yuxarıda adlarını çəkdiyimiz və yığcam məlumatlarla kifayətləndiyimiz kitabxanalarla qarşılıqlı informasiya mübadiləsinə, rəqəmsallaşma və modernləşmə proseslərinin texnoloji əsaslarının öyrənilməsinə və səmərəli elmi əlaqələrə müsbət təsir edəcək görüşlərimizin reallaşmasını himayə edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyliyə, Nəsimi adına Dilçilik İnstitutu direktoru, professor Nadir Məmmədliyə dərin təşəkkürümüzü bildiririk.
Sevil ZÜLFÜQAROVA
AMEA-nın Dilçilik İnstitutunun kitabxana müdiri