lider-media.az

DƏYƏRLİ BİR ÖMRÜN HƏYAT HEKAYƏSİ

Tarix: 26-08-2024, 00:10

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.

 


"Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll edə, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nə isə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyümü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir".

     Seçimini özü etsə də, həyatda yerini tarix müəyyənləşdirmiş, alın, tale yazısı isə yol-yoldaşı olmuşdu. İxtisasca həkim olan Mehriban xanım ictimai işlərə 1995-ci ildə hazırda rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondunu yaratmaqla başladı. 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan "Azərbaycan - İrs" jurnalını təsis etdi. Müsahibələrinin birində Mehriban Əliyeva Azərbaycan Mədəniyyət Fondunun və "Azərbaycan - İrs" jurnalının yaradılmasının səbəblərindən danışarkən demişdi: "Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradarkən onun məqsədi Azərbaycan mədəniyyətini təbliğ etmək, tanıtdırmaq idi. "İrs" jurnalını da mən elə onda təsis etdim. Jurnal, əslində Fondun fəaliyyətini işıqlandırmaqla məşğul olurdu və müəyyən bir mövzuya həsr edilən hər bir nömrə həm populyar, həm də tədqiqat materialı idi. İftixarla deyə bilərəm ki, Azərbaycan mədəniyyəti barədə bizdən əvvəl hələ heç kim belə şirin yazmayıbdır. Məsələn, miniatürdən və ya memarlıq abidələrindən yazmağı qarşımıza məqsəd qoyduqda, əməkdaşlığa, əslində həm akademiya alimlərini, həm jurnalistləri, həm də sənətşünasları cəlb etmişdik. Fond da, jurnal da kifayət qədər mürəkkəb vəzifələri yerinə yetirməli idi. O illər müstəqil Azərbaycanın təşəkkül illəri idi. Siyasi, iqtisadi dəyişikliklərlə yanaşı, köhnə ideologiyadan xilasolma prosesi də gedir, stereotiplər dağıdılırdı. Kifayət qədər təlatümlü həmin dövrdə mədəni irsimiz yenidən fikir süzgəcindən keçirilir, əzəli milli ənənələrə və köklərə qayıdılırdı".

     Beləcə, ictimai işlərə fəal şəkildə qoşulan Mehriban xanım 1995-ci ildən başlayaraq uzun-uzadı bir yol keçdi, bir çox ilklərə imza atdı, ölkəmizdə, onun hüdudlarından kənarda tanındı, sevildi. İctimai fəaliyyətdən dövlət məmuru statusunadək yüksəldi. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti oldu. Bu illərin arxasında isə gərgin əmək və zəhmət dururdu.

     2002-ci ildə Mehriban xanım Əliyeva Azərbaycan Bədii Gimnastika Federasiyasına rəhbərlik missiyasını da öz üzərinə götürdü. Bundan sonra Azərbaycan idmançılarının bu sahədə əldə etdikləri uğurların sayı artdı. 2003-cü ildən etibarən Bakıda bədii gimnastika üzrə Dünya kubokunun mərhələ yarışlarının keçirilməsinə start verildi. 2005-ci ildə Azərbaycan ilk dəfə dünya çempionatını, 2007-ci ildə isə ilk Avropa birinciliyini keçirmək hüququ qazandı, idmançı qızlarımızın nailiyyətləri artdı, ən başlıcası isə idmanın bu növü ilə məşğul olmaq istəyən qızların gimnastika bölmələrinə kütləvi axını başladı. Azərbaycanda beynəlxalq yarışların keçirilməsi xoş bir ənənəyə çevrildi.

Bu möhtəşəm qələbələrdən sonra Mehriban xanım Əliyeva haqqında Azərbaycan cəmiyyətində formalaşan fikirlər mətbuatda yayılan aşağıdakı sətirlərlə də bir daha təsdiqləndi: "Bütün bu uğurların bir canlı rəhni, mənəvi anası, ilham mənbəyi var - Federasiyanın prezidenti Mehriban Əliyeva! Öz nəcibliyi, humanizmi, insanpərvərliyi, qızıl ürəyi ilə dəstək verdiyi və günü bu gün də təhsil, səhiyyə, mədəni irsin qorunması sahəsində uğurla gerçəkləşdirilən onlarla layihə kimi idmanın bu sahəsinin inkişafını da o, öhdəsinə götürüb. Bu yol nəcib yoldur, Azərbaycan Prezidentinə kömək, Azərbaycan xalqına təmənnasız xidmət yoludur".

 

     2005-2010-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva müvafiq olaraq 92,12 faiz və 94,49 faiz səs toplayaraq deputat seçildi. O, Milli Məclisin deputatı kimi fəaliyyətində əsl peşəkarlıq, siyasi yetkinlik nümunəsi göstərirdi: "Siz mənə səs verməklə, sizin və balalarınızın ümidlərinin gerçəkləşməsinə səs vermisiniz", - deyən Mehriban xanım öz fəaliyyətilə sübut etdi ki, əzmkarlıq, işləri düzgün qurmaq bacarığı olan yerdə həlli mümkünsüz sayıla biləcək heç bir problem yoxdur.

      Mehriban Əliyevanın Milli Məclisin deputatı kimi fəaliyyətində yaddaqalan məqamlardan biri onun ədalət, humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq genişmiqyaslı amnistiya aktının qəbul edilməsi təşəbbüsü ilə çıxış etməsidir. 2007-ci il mayın 8-də Mehriban xanımın hazırladığı "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında" qərar layihəsinin müzakirəsində o öz çıxışında belə qeyd etmişdir: "...səhv etmiş, cinayət törətmiş insanlara bir daha imkan verməliyik ki, onlar azad həyata qayıtsınlar, ailələrinə, yaxınlarına qovuşsunlar, cəmiyyətdə öz yerlərini tapa bilsinlər. Ağır cinayət törətməyən insanları bağışlayaraq, biz onları normal həyata qaytarırıq, həm də müstəqil Azərbaycanın humanizm prinsipləri əsasında inkişaf etdiyini nümayiş etdiririk".

     Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış bu amnistiya aktı böyük mənəvi-əxlaqi və siyasi məzmun daşıyırdı. O, bu təşəbbüsü ənənəyə çevirərək 2009 və 2013-cü illərdə də eyni müraciətlə çıxış etmiş və nəticədə 2009-cu ildə 9564, 2013-cü ildə isə təqribən 9000 nəfər azadlığa buraxılmışdır.

     Mehriban xanım mərhəmətlidir, xeyirxahdır, qəlbi sevgilə doludur. Nə xoş ki, o, bu sevgini bölüşməyi, özü də yerində, məqamında, lazımi ünvanda paylaşmağı da gözəl bacarır.

     Hərdən düşünürsən, xoş bir təbəssüm, xoş bir söz olmasaydı həyatımız necə də solğun, mənasız olardı. Dünyamıza günəş kimi doğan bu təbəssümlərdən aldığımız enerjidir, bizi yaşadan. Bəlkə də bunun çox zaman heç fərqinə də varmırıq. Ancaq fiziki qüsurlu insanlarla, xüsusən də uşaqlarla tanışlıq bunun məhz belə olduğuna əminliyi bir daha artırır. Onların dünyasına düşəndə məhz bu "günəş təbəssümün" sirrini də kəşf etmiş olursan. Daun sindromlu, serebral iflic və daha neçə-neçə çətin sağalan, yaxud da əlacı olmayan xəstəliklərdən əziyyət çəkən uşaqlarla hər bir görüş ürəyi həlim Mehriban xanıma da eyni hissləri yaşadır. Bəzən bizim zəif, əlacsız bildiyimiz o uşaqların bacarıqlarını görəndə onların özü kimi, özü qədər sevinməyin necə gözəl bir nemət olduğunun fərqinə varır. Uşaq reabilitasiya, sağlamlıq mərkəzlərində müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların əl işlərinə heyrətini gizlədə bilməyən Mehriban xanım onların daxilində bizim bilmədiyimiz qədər dərin bir özünəinamın olduğuna əmin olur və bu, ona rahatlıq gətirir, üzündə təbəssüm yaradır, xoş kəlmələr, xoş sözlər dilə gəlir. Və onlar üçün həyat sanki yenidən başlayır.

     Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun prezidenti kimi fəaliyyəti isə ölçüyəgəlməzdir. Ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, gənclərin milli dövlətçilik ideyaları ilə tərbiyə edilməsi, qloballaşmada milli-mənəvi dəyərlərin qorunub-saxlanılması kimi mühüm məsələlərin həllini qarşısına məqsəd qoyan Fond, eyni zamanda elm, təhsil, mədəniyyət, səhiyyə, idman və ekologiya

sahələrində maraqlı layihələr həyata keçirir. Fondun məqsədyönlü fəaliyyəti nəticəsində bu qurum Azərbaycandan kənarda da yüksək nüfuz qazanıb.

     Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban xanımın rəhbərliyi ilə "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı da uğurla həyata keçirilir. Proqram üzrə uşaq evləri və internat məktəblərində mövcud problemlər həll olunur və bu işlər 4 əsas istiqamətdə aparılır: texniki dəstək, təhsil, səhiyyə və ictimai fəallıq.

     Uşaq evlərində valideyn himayəsindən uzaq böyüyən uşaqların taleyi həmişə onu düşündürür. Məhz onun təşəbbüsü ilə uşaq evlərində tərbiyə alan, yaşı 18-dən yuxarı qızlar üçün 50 mənzillik 100 nəfərlik yaşayış binası tikilib. 2009-cu il yanvarın 22-də özü şəxsən bu binanın açılışında iştirak edib. Bununla da çoxdan bəri ictimai narahatlıq doğuran ciddi bir problemin həllinə yol açılıb. Əvvəllər uşaq evlərini tərk edən qızlar taleyin hökmünə buraxılır, onların sonrakı həyatını izləmək mümkün olmurdu. Həmin il Mehriban xanım növbəti xeyirxah aksiyanı da reallaşdırdı. Uşaq evlərində böyüyən və işləmək üçün Daşkəsənə gələn 10 nəfəri mənzillə təmin etdi. Gənclərdən 4 nəfərinin toy məclisini təşkil etməklə isə onlara bir dünya rahatlıq bəxş etdi.

     Bu gün Avropanın mədəniyyət mərkəzlərində hamını heyran qoyan "Azərbaycanın xoşməramlı mələkləri" də elə xoşməramlı Mehriban xanımın qayğısından, sevgisindən ilham alıb pərvazlanırlar...

     Bütün bu tədbirlərlə yanaşı, Mehriban xanım özünün də söylədiyi kimi, hər kəs yaxşı başa düşür ki, heç bir dövlət müəssisəsi, ən müasir, gözəl təmirli, avadanlıqla təmin edilən məktəb belə heç zaman ailə mühitini əvəz edə bilməz. Onun ən böyük məqsədi odur ki, bütün uşaqlar ailə şəraitində tərbiyə alsınlar.

     Mehriban xanımın fəaliyyəti çoxşaxəlidir. O, bütün bunları sevərək, Azərbaycanı, onun gələcəyini düşündüyü üçün edir, heç bir təmənna güdmədən, qürrələnmədən... Çünki sadəlik, alicənablıq Mehriban xanım Əliyevanın şəxsində öz əsl mahiyyətinə qovuşur, axı bu sadəlik xatirinə sadəlik, alicənablıq xatirinə alicənablıq deyil, bir Tanrı bəxşişidir. Bütün ömrü boyu insan şəxsiyyətini rövnəqləndirən mənəvi zinətdir və bu zinət Mehriban xanıma çox yaraşır.

     Xidmətlərinə görə çox mükafat alıb, ancaq onun şəfqətinə sığınıb sağalmaz dərddən şəfa tapan, xilasına sevinən bir körpənin çöhrəsindəki sevincdən böyük mükafat yoxdur Mehriban xanım üçün. Onun humanizmi nəticəsində azadlığa çıxmış bir məhbusun həbsxanadan cəmiyyətə doğru atdığı ilk addımın yaratdığı məmnunluq, qurub yaratdığı məktəblərdə oxuyan uşaqların, onların valideynlərinin gözlərindəki təbəssümdür əsl mükafat. Bir şəhid ailəsinin, bir şəhid balasının üzünü güldürmək, bir qazimizin yarasına məlhəm olmaq, bəzən xoş bir sözlə həyata inamını qaytarmaq, onlara qoşulub sevinmək... Hə, bir də hər zaman, ümid qapısı, mərhəmət ünvanı olaraq qalmaq!.. Bu, Mehriban xanımın öz seçimidir!..

     "Ağlım kəsəndən bəri başqa alternativim olmayıb. Anam şərqşünas-alim idi. Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna başçılıq etmişdir. Lakin məktəbi bitirdikdən sonra sənədlərini Tibb İnstitutuna vermişdi, çünki çox istəyirdi ki, həkim olsun. Nəyə görəsə valideynləri onu uzun müddət dilə tutmuşlar və nəticədə o, görkəmli filoloq olmuşdur. Bax, onun bu baş tutmamış arzusu mənim seçimimi müəyyənləşdirmişdir. İxtisas seçimimə isə İlhamın anası - həkim oftalmoloq Zərifə xanım təsir göstərmişdir". Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva müsahibələrinin birində peşə seçimi ilə bağlı sualı belə cavablandırmışdı.

     Heydər Əliyev Fondu milli düşüncə sistemimizdə xüsusi yer tutan mərhəmət, insanpərvərlik, xeyirxahlıq kimi ali dəyərlərə tapınaraq cəmiyyətin mənəvi saflaşmasına çalışır, həyata keçirdiyi xoşməramlı missiya ilə cəmiyyətə yüksək mənəvi dəyərlər təlqin edir. Həm də bu dəyərlər ənənəvi təbliğat qəliblərində təqdim olunmur, görülən işlərin hər bir cəmiyyət üzvünün öz evində, ailəsində, gündəlik həyatında duyub hiss edə biləcəyi müsbət nəticələrlə əxz etdirilir: "Bu gün biz müasir texnika və qloballaşma əsrində yaşayırıq. Fikrimcə, zəmanənin ən böyük təzadlarından biri ondan ibarətdir ki, əldə edilən tərəqqi, kommunikasiya imkanları insanların birləşməsinə, daha sıx ünsiyyət qurmasına şərait yaratsa da, gerçək həyatda biganəlik artır, insanlar arasında uçurum dərinləşir. Bəzən nəinki bəşəriyyətin səsini eşitmirik, hətta qonşu-qonşunu eşitmir, qardaş-qardaşa kömək əlini uzatmır. Bu gün dünyanın qarşılaşdığı ən ağrılı problemlərdən biri mənəvi idealların ucuzlaşması, onların saxta ideallarla əvəz edilməsidir", - deyən Mehriban xanım Əliyeva xoş əməlləri ilə insanları səmimi birlik və həmrəyliyə dəvət edir.

     Heydər Əliyev Fondunun qarşıya qoyduğu məqsədləri incələyərkən aydın olur ki, əslində, bu məqsədlərin heç biri əlahiddə xarakter daşımır və hər biri Azərbaycanı qəlbən sevən bütün fərdlərin arzularıdır. Onların hər biri arzu kimi daim daxili dünyamızda yaşayıb, sadəcə bir insan bu arzuları məqsədə çevirərək qarşıya qoymaq, həyata keçməsinə nail olmaq gücündə deyil. Lakin fərdi güclər birləşəndə və ümumi gücü qarşıya qoyulmuş hədəflərə doğru yönəldəndə bu məqsədlərin reallaşacağı məqam o qədər də uzaqda olmur.

     Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən irəli sürülmüş elə bir ideya yoxdur ki, o, məzmununda, mahiyyətində Azərbaycanın indisi və gələcəyi ilə bağlı arzuları ifadə etməsin. Mehriban xanım yaxşı bilirdi ki, bu gün qloballaşan dünyamızda Azərbaycan vətəndaşları üçün ölkəmizdə təhsilin inkişafı vacib məsələlərdən biridir. Məhz elə buna görə də, fond yarandığı ilk gündən Azərbaycanda təhsilin inkişafını özünün başlıca fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirdi.

     "Yeniləşən Azərbaycana yeni məktəb" devizi altında istər paytaxtda, istərsə də bölgələrimizdə müasir tələblərə cavab verən məktəblər tikilib sabahımız olan uşaqların istifadəsinə verildi.

     İnsanın həyatında xoşbəxt anlar çox olur. Amma ağır bir mərəzdən qurtulduğunu, ölümün həyatının astanasından geri çəkildiyini duyan xəstənin çöhrəsindəki ilahi sevincin sözlə ifadəsi yoxdur. Bəs, bu anı yaşatmış insanın xoşbəxtliyi necə. Bənzərsiz bir şeydir!.. Bax, Mehriban xanımın səhiyyə sahəsində gördüyü işlərin sonu həmişə belə nəticələnir, xeyirxah əməli həyat verdiyi insanların dünyaya sığmayan sevincinin içində əriyib yox olur.

     Bəli, son illər Heydər Əliyev Fondunun köməyi ilə tikilən məktəblər, uşaq bağçaları, mədəniyyət ocaqları, Azərbaycan mədəniyyətinin təbliği və milli irsimizin qorunması istiqamətində görülən möhtəşəm işlər, dünya mədəniyyətinə verdiyi töhfələr onu təkcə ictimai-siyasi xadim kimi yox, həm də görkəmli mədəniyyət hamisi kimi gözlərimizdə ucaldır. Mədəniyyətimizin köklərini minilliklərə bağlayan Mehriban xanım unudulmaqda, itib-batmaqda olan mədəniyyət incilərimizə həyat bəxş etdi, onları dünya arenasına çıxardı.

     Bütün bunlar onun UNESCO və ICESCO kimi nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığı fonunda daha aydın görünür. Bu gün Azərbaycan mədəniyyətinin bir çox nümunəsinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınması görülən işlərin uğurlu nəticələridir.

      Bu il Azərbaycanın hərtərəfli inkişafı proseslərində daim yaxından iştirak edərək mühüm xidmətləri ilə seçilən və ictimaiyyətin böyük rəğbət və ehtiramını qazanmış Heydər Əliyev Fondunun yaradılmasının 20 ili tamam olur.

     Fond müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, Ulu Öndərin zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılıb. Ötən dövrdə bu istiqamətdə uğurla fəaliyyət göstərən Heydər Əliyev Fondu Azərbaycanı qalibiyyət zirvəsinə yüksəldən Prezident İlham Əliyevin ölkəmizin dinamik inkişafını təmin edən siyasətinin icrası işlərində daim dəyərli töhfələrini verir.

     Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu elm və təhsilin, səhiyyənin inkişafında, milli-mədəni dəyərlər sisteminin qorunması və geniş təbliğində, humanizm prinsiplərinin ictimai həyatda möhkəmlənməsində, mədəniyyətlərarası dialoqun gücləndirilməsində, tolerant dəyərlərin qlobal səviyyədə təbliğində mühüm xidmətləri ilə seçilir. Fondun fəaliyyətində sosial sahənin inkişafına, sosial müdafiə sisteminin gücləndirilməsinə, əhalinin həssas qruplarının  diqqət və qayğı ilə əhatə olunmasına, əlilliyi olan şəxslərin reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının artırılmasına ardıcıl dəstək göstərilməsi xüsusi yer tutur.

     Heydər Əliyev Fondunun yüksək humanizmin təcəssümü olan və mühüm sosial önəm kəsb edən layihələrindən biri kimi, son illərdə Abşeron rayonunda üç çoxmənzilli yaşayış binası tikilərək dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclərin istifadəsinə verilib. “Məzun evi”  sosial xidmət müəssisəsi kimi fəaliyyət göstərən həmin binalarda 365 gənc mənzillə təmin olunub. Həmçinin Fondun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisələrində ən müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb. 

     Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə yaralanmış hərbçilərimizin reabilitasiyasına Heydər Əliyev Fondu tərəfindən daim yüksək diqqət və qayğı göstərilir. Fondun “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi bunun daha bir əyani təzahürüdür. Layihə çərçivəsində həmin əsgər və zabitlərimiz Almaniya, İslandiya, İngiltərənin dünyada müasir protez istehsalçıları kimi tanınan şirkətlərinin yüksək texnologiyalı məhsulları ilə təmin ediliblər. Fond İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə fəaliyyətini davam etdirir.

   Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının genişləndirilməsi üçün Heydər Əliyev Fondu tərəfindən Naxçıvan, Gəncə və Yevlaxda onlar üçün regional informasiya mərkəzləri də yaradılıb. Bu mərkəzlərdə gözdən əlilliyi olan və görmə imkanları məhdud insanlara informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə internetə çıxış, internetdə informasiyanın tapılması və s. üçün imkanlar yaradılıb.

     Eyni zamanda, Heydər Əliyev Fondu əlilliyi olan uşaq və gənclərin əl işlərindən ibarət sərgilərin təşkilinə, yaradıcılıq potensialının inkişafına öz mühüm dəstəyini göstərir. Fond tərəfindən sosial xidmət müəssisələrində, habelə Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində mütəmadi olaraq xeyirxah aksiyalar, dövlət himayəsində yaşayanlara, aztəminatlı ailələrə dəstək məqsədli ardıcıl tədbirlər təşkil olunur. 

      Heydər Əliyev Fondu özünüməşğulluq proqramının genişləndirilməsi işlərində də dəyərli dəstəyini verir. Fondun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Sosial bağlar” layihəsi çərçivəsində son illərdə yüzlərlə aztəminatlı ailə üçün intensiv meyvə bağları, tərəvəz və bostançılıq təsərrüfatları yaradılıb.

     Bütün bunlar ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsində, həssas qruplara diqqət və qayğının artırılmasında  Fondun böyük dəstək olduğunu göstərir və cəmiyyət tərəfindən yüksək dəyərləndirilir. 

   Ötən 20 ildə təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində, xalqımızın mənəvi irsinin qorunması və təbliği, keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyinin dünya birliyinə düzgün şəkildə çatdırılması işində və digər istiqamətlərdə Heydər Əliyev Fondu çoxşaxəli fəaliyyət həyata keçirərək mühüm nailiyyətlərə imza atıb. Xeyriyyəçilik və humanizm kimi dəyərlərdən yoğrulmuş fəaliyyət insanlığa, bəşəriyyətə xidmət etmək kimi ali dəyərə söykənir. İllərdir yorulmaq bilmədən çalışan və böyük əhəmiyyət kəsb edən, müasir dünyamızın çağırışlarına cavab verən layihələri ilə milyonlarla insanın sevgisini qazanan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın özünün vurğuladığı kimi, bu fəaliyyət sarsılmaz həqiqətlərə söykənir: "Əxlaq və mənəviyyat, insaniyyət və şəfqət, inam və məhəbbət, xeyirxahlıq və saf niyyətlər Yaradanın hər birimizə bəxş etdiyi ən gözəl keyfiyyətlərdir". 
     Azərbaycan Prezidenti İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında etdiyi çıxışında bildirib ki, Azərbaycanın müasir dövlət kimi dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri var: "Bu gün müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri, onun qoyduğu xeyriyyəçilik ənənələri davam edir, geniş vüsət almışdır. Bildirməliyəm ki, bu sahədə ən böyük xeyriyyəçi nəinki Azərbaycanda, Cənubi Qafqazda Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir". 
     Dövlət başçısı bildirib ki, Azərbaycanın tolerant, müasir dövlət kimi dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri var: "Məhz fondun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə İkinci Qarabağ müharibəsi dövründə kömək göstərdi. Çünki Azərbaycan xalqı yaxşı bilir ki, o vaxt erməni lobbisi və onun havadarları Azərbaycan haqqında olmazın yalanlar uydurub media məkanına atmışlar. Ancaq uzun illər ərzində Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə fəaliyyəti və Azərbaycanın müasir, mütərəqqi dövlət kimi tanıdılması bu təbliğatı alt-üst etmişdir. Bu gün Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır. Ənənəvi fəaliyyətlə yanaşı, bu gün fond geniş fəaliyyətə başlamışdır. Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Şuşa şəhərində Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir, Zəngilan şəhər məscidi də həmçinin. Eyni zamanda Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir. Təkcə sadaladığım dini abidələrimizin sayı 8-ə bərabərdir və əminəm ki, fond digər layihələrdə də fəal iştirak edəcək. Bildiyiniz kimi, məcburi köçkünlər üçün yeni evlərin yaradılması da Heydər Əliyev Fondunun təşəbbüsü ilə geniş vüsət almışdır və mənim iştirakımla Qobu qəsəbəsində bir neçə böyük, çoxmərtəbəli evlərin inşası təmin edilmişdir".

     2015-ci il iyunun 12-dən 28-dək ötən müddətdə Bakıda keçirilən ilk Avropa Oyunlarının uğurla başa çatmasında da ölkənin birinci xanımının böyük rolu olmuşdur. Onun xidmətləri dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmişdir. "Bakı-2015" Avropa Oyunlarında iştirak etmiş idmançılarla görüşü zamanı ölkə başçısı İlham Əliyev Təşkilat Komitəsinin sədri kimi Mehriban xanım Əliyevaya ən ali mükafat, "Heydər Əliyev" ordenini təqdim edərkən demişdir: "Təşkilat Komitəsinə rəhbərlik etmiş Mehriban Əliyevanın böyük fəaliyyətini xüsusilə yüksək qiymətləndirirəm. O, bu oyunların keçirilməsinə çox böyük töhfə vermişdi. Deyə bilərəm ki, bu oyunların bu səviyyədə keçirilməsinə öz canını qoymuşdu".

     Mehriban xanım isə bu xoş, səmimi sözlərə, yüksək mükafata görə minnətdarlığını bildirərək fikrini belə ifadə etmişdi: "Çox sağ olun ki, Sizin və Azərbaycan xalqının birliyi nəticəsində ölkəmiz belə inanılmaz nailiyyətlərə imza atıb. Cənab Prezident, biz hər birimiz ölkəmizin əsgəriyik və Azərbaycanın gələcəyi naminə daha da tam gücümüzlə xidmət etməyə hazırıq".

     Xoş əməllər heç zaman cavabsız qalmır. Qəlbindəki mərhəmət, humanizm duyğularıyla kiminsə sınıq qəlbini ovudan, insanlara sevgi bəxş edən hər bir kəs özü haqqında xoş, müsbət fikir formalaşdırır. Zaman-zaman müxtəlif səviyyələrdə təsis edilmiş mükafatlar böyük toplumun ifadəsinə çevrilib öz ünvanına çatır.

     Bəşəriyyətin humanizm, mərhəmət tərənnümçüsü kimi ona da çox mükafatlar verilib. 2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub-saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. 2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən "İlin qadını" seçilib. 2005-ci il iyunun 9-da

ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə sanballı töhfələrinə görə Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeninə sahib olub.

Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin İslam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı ilin noyabrında ICESCO-nun xoşməramlı səfiri adını qazanıb.

Dünya Səhiyyə Təşkilatı (DST) İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban Əliyevaya ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatı verilib. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında "Qızıl ürək" beynəlxalq mükafatını əldə edib.

Fransanın "Şərəf Legionu" ordeni, Polşanın "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeni, Pakistanın "Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi" mükafatı, Azərbaycanın qadın ictimaiyyətinin "Qadın və inkişaf" mükafatı və digər ödüllər də onun layiq görüldüyü mükafatlar cərgəsindədir. 2009-cu ildə isə Mehriban xanım Əliyeva Azərbaycanda "Heydər Əliyev Mükafatı" ilə təltif edilmişdir. 2010-cu ildə UNESCO-nun "Qızıl Motsart" medalı, 2011-ci ildə Krans Montana Forumunun Qızıl medalı, 2012-ci ildə "Prix de la Fondation" mükafatını alan Mehriban Əliyeva 2014-cü ilin mayında sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, həmçinin Almaniyada türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin inkişafındakı xidmətlərinə görə Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatına layiq görülüb.

Azərbaycanın ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin ümumdünya mədəni irsinin qorunub-saxlanılması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə "The Business Year" jurnalı tərəfindən 2014-cü ilin mayında "İlin Birinci xanımı" mükafatını alıb. 2015-ci ildə Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafındakı səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və Birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif olunub.

2018-ci ildə İtaliyanın "Xidmətlərinə görə" Böyük Xaç Kavaleri ordeni, 2019-cu ildə isə Rusiya Federasiyasının "Dostluq ordeni" ilə mükafatlandırılıb.

Bütün bunlarla yanaşı, Mehriban xanım qayğıkeş həyat yoldaşı, ana, sevimli nənədir. Ailə dəyərlərinə böyük hörmətlə yanaşan Mehriban xanım deyir: "Ailə mühitini müəyyənləşdirən amillər çoxdur, amma, yəqin ki, başlıcası bir ümumi dalğaya köklənən fikir və dəyərlərin birliyidir. Bir-birinə son dərəcə diqqətli münasibət çox vacibdir... Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm... Mənim üçün çox vacibdir ki, həyat yoldaşım olduqca dalğın və gərgin iş günündən sonra evə gəlir və burada onu anlayır və dəstəkləyirlər, onu qiymətləndirir və sevirlər".

Azərbaycanın bu gün Qərblə Şərq, Qərblə İslam Dünyası arasında önəmli, etibarlı körpü rolu oynaması, sivilizasiyalar və mədəniyyətlərarası dialoqla bağlı Azərbaycanın bir çox ölkələrə nümunə olması haqqında dünyada müsbət təsəvvürün formalaşmasında Prezident İlham Əliyevlə yanaşı, Mehriban Əliyevanın da müstəsna xidmətləri vardır və bu məqama xarici mətbuat da xüsusi diqqət yetirir. ABŞ-ın nüfuzlu "Washington Times" qəzetində onun haqqında dərc edilən məqalədə yazılır: "Azərbaycanın birinci xanımı Mehriban Əliyeva müsəlman dünyası qadınları üçün ən yaxşı nümunədir".

     Azərbaycan muğamının dünya miqyasında təbliğində Heydər Əliyev Fondunun fəaliyyəti ən yüksək qiymətə layiqdir. Azərbaycanın ənənəvi musiqisi olan muğam UNESCO-nun Bəşəriyyətin şifahi və qeyri-maddi irs siyahısına daxil edilib. Mədəni irsin qorunması baxımından muğamın təbliği və inkişafına kömək Heydər Əliyev Fondunun aktiv fəaliyyət istiqamətidir. Gerçəkləşən layihələr milli mədəniyyətimizi qorumaq, inkişaf etdirməklə yanaşı, həm də sivil dünyada öz layiqli yerimizi tutmağa, xalqımızı tanıtmağa imkan yaradır. 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə səhiyyə sisteminin müasirləşdirilməsi sahəsində də mühüm işlər həyata keçirilir, tibb ocaqlarında ən müasir avadanlıqlar quraşdırılır, əhaliyə göstərilən xidmətin səviyyəsi getdikcə yüksəlir. İlk layihələrdən biri kimi bu gün də davam edən "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi 14 yaşına qədər qeydiyyatda olanların dərman preparatı ilə təmin olunmasına yönəlib.

     Fondun tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Torpaqlarımız işğaldan azad olunduqdan sonra isə fond Qarabağ və Şərqi Zəngəzurda tarixi və dini abidələrimizin, məscidlərimizin bərpası üzrə yeni layihələrin icrasına başlayıb. Mehriban Əliyeva rəsmi "İnstaqram" səhifəsindəki paylaşımında bildirmişdi ki, işğaldan azad olunmuş torpaqlarımızdakı hazırkı mənzərəni hər birimiz ürəkağrısı ilə seyr edirik: "Erməni təcavüzkarları bu illər ərzində şəhər və rayonlarımızı, oradakı yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıtmış, təbii sərvətlərimizi talan etmiş, bu ərazilərdəki dini, tarixi, mədəni abidələrimizi vandalizm aktlarına məruz qoymuşdur. Bir vaxtlar Azərbaycanın dilbər guşəsi olan Qarabağ bölgəsindəki abadlıqdan əsər-əlamət qalmamışdır".
İşğaldan azad olunan ərazilərimizin, tarixi-dini, mədəni abidələrimizin təmir və bərpası uğurla həyata keçirilir. Heydər Əliyev Fondunun Şuşada reallaşdırdığı layihələri sırasında Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışını qeyd etməliyik. Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq məhv edilmiş heykəl Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən hazırlanıb. Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan heykəl Şuşa şəhərində öz əvvəlki yerində ucaldılıb. Şuşada dahi Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin bərpası və yenidənqurma işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb. Mehmandarovların da malikanəsi məhz ermənilərin çirkin niyyətlərinin qurbanı olmuşdu. Mühüm mədəni-tarixi memarlıq abidəsi olan bu malikanə kompleksində də bərpa işlərini Heydər Əliyev Fondu həyata keçirir. Bəli, bu gün dağıdılmış ərazilərin bərpası və yenidən qurulması istiqamətində abadlıq-quruculuq işləri aparılır.

     İnsan ömrün müəyyən məqamlarında istər-istəməz geriyə boylanır, arxada qoyub gəldiyi illəri, olub-keçənləri saf-çürük edir. Biz də bu yazımızda dəyərli bir ömrün həyat hekayəsini vərəqlədik, bəzi anları xatırladıq. Qeyd etdiklərimiz isə xalqımızın bu fədakar qızının xalqı üçün etdiklərinin yalnız bir qismidir. Mehriban xanım bundan sonra da  Azərbaycan üçün çox işlər görəcək. Bu, birinci xanımın öz seçimidir!..

Nurəngiz Adilqızı,

Lider-media.az .


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi