27 noyabr - Davamlı İnkişaf naminə Elmə Cəlbolunma günü
Bəşəriyyətin inkişaf yoluna nəzər saldıqda aydın görünür ki, xalqların tərəqqisini müəyyənləşdirən başlıca amillərdən biri onların elmə, biliyə və intellektual potensiala münasibətidir. Tarixin müxtəlif mərhələlərində elmi kəşflər insanların həyatını dəyişib, dövlətlərin iqtisadi gücünü artırıb, yeni inkişaf istiqamətləri açıb. Bu gün isə elmin əhəmiyyəti daha geniş məzmun daşıyır. Çünki dünyanı narahat edən iqlim dəyişmələri, ərzaq və su təhlükəsizliyi, enerji təminatı, səhiyyə problemləri və texnoloji rəqabət elmi biliklərə əsaslanan həll yollarını zəruri edir. Noyabrın 27-də qeyd olunan Davamlı İnkişaf naminə Elmə Cəlbolunma Beynəlxalq Gün məhz bu reallıqlara diqqət çəkir.
Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) 2025-ci ildə keçirilən Baş Konfransında təsis edilən bu beynəlxalq gün 2026-cı ildə ilk dəfə qeyd olunur. Onun yaradılmasında əsas məqsəd elmi cəmiyyət üçün əlçatan etmək, insanların elmi biliklərin əldə olunması və yayılmasında iştirakını genişləndirmək, xüsusilə gənclərin tədqiqat fəaliyyətinə marağını artırmaqdır. UNESCO-nun yanaşmasına görə, elm yalnız mütəxəssislərin fəaliyyət sahəsi deyil, insanlığın ümumi sərvəti və ortaq problemlərin həllində mühüm vasitədir.
Bu təşəbbüs 2024–2033-cü illəri əhatə edən Davamlı inkişaf naminə Beynəlxalq Elm Onilliyi ilə də birbaşa bağlıdır. Onilliyin əsas ideyası elmi potensialı bəşəriyyətin qarşılaşdığı problemlərin həllinə yönəltmək, elmi əməkdaşlığı gücləndirmək və biliklərin cəmiyyətin bütün təbəqələri üçün əlçatan olmasına nail olmaqdır. Deməli, yeni beynəlxalq günün mahiyyəti yalnız elmi nailiyyətləri qeyd etməkdən ibarət deyil. Burada əsas məsələ insanları elmi düşüncəyə, araşdırmaya, yenilik yaratmağa və əldə olunan bilikləri ictimai faydaya çevirməyə təşviq etməkdir.
Müasir dünyada dövlətlərin rəqabət gücü artıq yalnız təbii sərvətlərlə, istehsal imkanları və maliyyə resursları ilə ölçülmür. Elmi tədqiqatların nəticələrini iqtisadiyyata tətbiq etmək, yeni texnologiyalar yaratmaq, ixtisaslı mütəxəssislər yetişdirmək və innovativ ideyaları reallaşdırmaq ölkələrin gələcək mövqeyini müəyyənləşdirən əsas göstəricilərə çevrilib. Bu baxımdan elmə investisiya əslində gələcəyə, insan kapitalına və milli inkişafın dayanıqlılığına investisiyadır.
Azərbaycanda elmin inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasında milli elmi potensialın qorunması, alimlərin əməyinə ehtiram və təhsilin inkişafı xüsusi yer tutub. Onun siyasi iradəsi ilə ölkədə elmi müəssisələrin fəaliyyətinin möhkəmləndirilməsi, elmi kadrların hazırlanması və milli elmi məktəblərin inkişafı dövlətçilik siyasətinin tərkib hissəsinə çevrilib.
Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün tələblərinə uyğun davam etdirilir. Ölkədə elmi fəaliyyətin hüquqi əsaslarının təkmilləşdirilməsi, tədqiqat imkanlarının genişləndirilməsi, rəqəmsal texnologiyaların tətbiqi və gənc nəslin müasir biliklərə yiyələnməsi istiqamətində mühüm addımlar atılır. 2016-cı il iyunun 14-də qəbul edilmiş “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu bu sahədə dövlət siyasətinin hüquqi əsaslarını müəyyənləşdirən mühüm sənədlərdəndir. Qanun elmi fəaliyyətin təşkili, elmi müəssisələrin fəaliyyəti, tədqiqatların maliyyələşdirilməsi və elmi nəticələrin tətbiqi ilə bağlı münasibətləri tənzimləyir.
Dövlət dəstəyinin mühüm istiqamətlərindən biri elmi araşdırmaların maliyyələşdirilməsi mexanizmlərinin yaradılmasıdır. 2022-ci il oktyabrın 15-də Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycanda Elm Fondu publik hüquqi şəxs yaradılıb. Fondun fəaliyyət istiqamətləri sırasında fundamental, tətbiqi və eksperimental tədqiqatların, elmi layihələrin qrant şəklində məqsədli maliyyələşdirilməsi müəyyən edilib. Bu mexanizm alimlərin elmi təşəbbüslərinin reallaşdırılması və yeni tədqiqatların dəstəklənməsi baxımından əhəmiyyət daşıyır.
Elmin inkişafına dövlət qayğısının miqyasını rəsmi statistik göstəricilər də aydın nümayiş etdirir. Dövlət Statistika Komitəsinin 19 noyabr 2026-cı ildə yayımladığı “Azərbaycanda təhsil, elm və mədəniyyət” statistik məcmuəsindəki məlumatlara əsasən, 2025-ci ildə ölkədə tədqiqat və işləmələri həyata keçirən 127 təşkilat fəaliyyət göstərib. Bu sahədə çalışan heyətin sayı 19 min 165 nəfər təşkil edib. Onların 11 min 702-si qadınlardır. Göstəricilər ölkəmizin elmi fəaliyyətinin geniş insan resurslarına və müxtəlif tədqiqat istiqamətlərinə əsaslandığını təsdiqləyir.
Bu gün Azərbaycanda elmin qarşısında duran vəzifələrdən biri də milli potensialın ölkənin strateji inkişaf hədəfləri ilə uzlaşdırılmasıdır. Kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi, su ehtiyatlarının səmərəli idarə olunması, alternativ və bərpaolunan enerji mənbələrinin inkişafı, səhiyyədə innovativ üsulların genişləndirilməsi, sənayedə elmtutumlu istehsalın artırılması elmi araşdırmaların birbaşa iqtisadi və sosial nəticələr verə biləcəyi istiqamətlərdir.
İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri də elmi yanaşmanın əhəmiyyətini aydın göstərir. Ağıllı şəhər və kənd konsepsiyalarının tətbiqi, müasir infrastrukturun qurulması, ekoloji tarazlığın qorunması, enerji səmərəliliyi və rəqəmsal idarəetmə texnologiyaları bu ərazilərin gələcək inkişafında elmi biliklərin rolunu artırır. Qarşıya qoyulan məqsəd yalnız dağıdılmış yaşayış məntəqələrini bərpa etmək deyil, müasir texnologiyalara əsaslanan, insanların təhlükəsiz və rahat yaşayacağı dayanıqlı məkanlar yaratmaqdır.
Bütün bunlarla yanaşı, elmin cəmiyyətə nüfuz etməsi məktəbdən başlamalıdır. Uşaqlarda araşdırmaq, müşahidə aparmaq, sual vermək və müstəqil düşünmək bacarıqlarının formalaşdırılması gələcəyin alimlərinin yetişdirilməsi üçün mühüm zəmin yaradır. Ali təhsil müəssisələrində nəzəri biliklərin praktiki tədqiqatlarla tamamlanması, istedadlı gənclərin elmi layihələrə cəlb edilməsi, beynəlxalq elmi əlaqələrin genişləndirilməsi bu prosesin davamlılığını təmin edə bilər. Gənclərə yaradılan imkanlar onların yalnız şəxsi uğurlarına deyil, bütövlükdə ölkənin intellektual gücünə xidmət edir.
Davamlı İnkişaf naminə Elmə Cəlbolunma Beynəlxalq Günün əsas mesajı da məhz budur: elmin inkişafı cəmiyyətin bütün üzvlərinin iştirakını, dövlətin ardıcıl qayğısını və gələcəyə hesablanmış düşüncəni tələb edir. Alimin laboratoriyada apardığı araşdırma, müəllimin şagirdə aşıladığı elmi maraq, gəncin irəli sürdüyü yenei ideya və dövlətin yaratdığı imkanlar vahid tərəqqi zəncirinin ayrılmaz hissələridir.
Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatmasında elmin rolu getdikcə daha da artır. Çünki müasir dövrdə güclü dövlət olmağın mühüm şərtlərindən biri yalnız mövcud imkanlardan istifadə etmək deyil, həm də yeni imkanlar yaradan bilik və texnologiyalara sahib olmaqdır. Elmi düşüncəyə əsaslanan inkişaf, insan kapitalına göstərilən diqqət və innovasiyalara açılan yol Azərbaycanın iqtisadi qüdrətini, beynəlxalq rəqabət qabiliyyətini və milli müstəqilliyini möhkəmləndirir. Ən əsası, bu gün elmə göstərilən qayğı sabahın daha savadlı, daha güclü və daha firavan Azərbaycanını formalaşdırır.
Nurəngiz Adilqızı

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
Leyla Əliyevanın təşəbbüsü ilə yaşıllıqların mühafizəsinə dəstək verən “agac.az” mobil tətbiqi istifadəyə verilib
İsmayıllıda aqrar sahədə həyata keçirilən tədbirlərin icra vəziyyəti yerində araşdırılıb
Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb
“V Yubiley Aqrar Startaplar və İnnovasiya Forumu” keçirilib
Səhiyyə Nazirliyinin psixoloqu: Misofoniya və hiperhidroz: səslərə həssaslıq və həddindən artıq tərləmə ilə necə mübarizə aparmalı?
Cenevrədə Azərbaycanın ÜTT-yə üzvolması üzrə ikitərəfli danışıqlar keçirilib
BMT-nin Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
26-cı Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayır
Elmi tərəqqi davamlı inkişafın əsas dayağıdır
İğdır Beynəlxalq Qafqaz Konqresinə ev sahibliyi edib
Dünya iqtisadiyyatının nəbzi Ərzurumda döyünəcək
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşüb
DOST-da 5 milyonuncu vətəndaşa xidmət göstərildi
Əli Əsədov Slovakiyaın Baş prokuroru ilə görüşüb
“Qubadlı” əlahiddə sərhəd diviziyasına və hərbi hissələrinə Döyüş Bayrağı təqdim edilmişdir
Azərbaycan - Litva Dəyirmi Masası keçirilib
Litvanın xarici işlər naziri ilə görüş keçirilib
Daxili işlər naziri Masallıda vətəndaşların müraciətlərini dinləyəcək və sıra baxışı keçirəcək
Dövlət Komitəsinin yerli bölmə və nümayəndəliklərinin iştirakı ilə regional idarəetmə və status məsələləri müzakirə olunub
İşğaldan azad edilmiş ərazilərdə 47 əmək yarmarkası keçirilib

Tarixdə ilk dəfə:Lazerlə reaktiv dronu vurdular
Süni intellekt müharibənin qaydalarını dəyişir: dünya ölümcül avtonom silahların təhlükəsi qarşısında
Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs