Dünya iqtisadiyyatının nəbzi Ərzurumda döyünəcək

4–6 dekabr tarixlərində Ərzurumda keçiriləcək II Palandöken İqtisadiyyat Forumu beynəlxalq iqtisadiyyat, maliyyə və diplomatiya nümayəndələrini bir araya gətirəcək.
Türkiyə 2026-cı il ərzində bir sıra mühüm beynəlxalq forum və sammitlərə ev sahibliyi edib. İlin son böyük iqtisadi tədbirlərindən biri isə Ərzurum şəhərində keçiriləcək.
Türkiyə Prezidentinin himayəsi altında keçirələcək II Palandöken İqtisadiyyat Forumu dünya iqtisadiyyatı, maliyyə və diplomatiya dairələrinin nüfuzlu nümayəndələrini Ərzurumda bir araya gətirəcək.
Bu dəfə qlobal iqtisadiyyatın gələcəyi, beynəlxalq investisiyalar və yeni ticarət imkanları Türkiyənin aparıcı qış turizmi mərkəzlərindən biri olan Palandökəndə müzakirə olunacaq.
Tədbirdə nazirlərin, səfirlərin, beynəlxalq təşkilatların yüksəkvəzifəli rəhbərlərinin, qlobal maliyyə sektorunun təmsilçilərinin, iş adamlarının, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin və akademik dairələrin iştirakı gözlənilir.
“Qlobal qeyri-müəyyənlik şəraitində kapital: investisiyanın yeni düsturu” mövzusuna həsr olunacaq forumda dünya iqtisadiyyatında baş verən dəyişikliklər, kapital axınlarının yeni istiqamətləri, beynəlxalq ticarət, investisiya strategiyaları və iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək.
Forumun proqramına əsasən, ilk tədbir dekabrın 4-də axşam saatlarında Palandöken dağının zirvəsində məşəllərlə müşayiət olunan xizək nümayişi ilə başlayacaq. Qış turizmini iqtisadiyyat və diplomatiya ilə bir araya gətirəcək forumun rəsmi açılışı isə dekabrın 5-də keçiriləcək.
Açılış mərasimindən sonra müxtəlif ölkələrdən gələn yüksək səviyyəli nümayəndələr və sahə üzrə tanınmış ekspertlər 10 ayrı paneldə çıxış edərək qlobal iqtisadiyyatın gələcəyini, investisiya perspektivlərini və regional əməkdaşlıq imkanlarını dəyərləndirəcəklər.
Üç gün davam edəcək forum beynəlxalq iqtisadi əlaqələrin inkişafına töhfə verməklə yanaşı, Ərzurumun turizm, ticarət və investisiya potensialının beynəlxalq miqyasda tanıdılmasına da xidmət edəcək.
Beləliklə, 2026-cı ilin son böyük beynəlxalq iqtisadi tədbirlərindən birinə ev sahibliyi edəcək Ərzurum təkcə qış turizmi ilə deyil, həm də iqtisadi və diplomatik müzakirələrin mühüm mərkəzi kimi diqqət çəkəcək.