HAQQA, ƏDALƏTƏ SƏS VERƏK!
Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra Azərbaycanda və regionda yeni reallıqlar yaranıb, ölkəmiz inkişafın keyfiyyətcə yeni mərhələsinə daxil olub. Fevralın 7-də növbədənkənar prezident seçkilərinin keçirilməsini də məhz yeni şərait və reallıqlar şərtləndirir.
Qeyd edək ki, əvvəlki seçkilərlə müqayisədə 2024-cü il Prezident seçkisinin üzərimizdəki mənəvi yükü daha böyükdür. Bu seçkilər dövlətimizin müstəqilliyini, ərazi bütövlüyünü və əldə olunan uğurları qoruyub saxlayacaq liderin seşilməsi ilə tarixə düşəcək.
Bu il bir millət olaraq, böyük məqsədlər və hədəflər uğrunda irəliləyən Azərbaycanın bütövləşən ərazisində prezident seçkilərində iştirak etmək hər birimizin vətəndaşlıq borcumuz olacaq! Çünki müstəqil Azərbaycanın tarixində ilk dəfədir ki, seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bu isə böyük qürurla söyləyə biləcəyimiz 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası nəticəsində mümkün olmuşdur.
Növbədənkənar prezident seçkilərinin keçirilməsi də məhz ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Bir sözlə, 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərini artıq bütün xalqın “Zəfər seçkiləri” adlandırması da əbəs deyil. Bu bir həqiqətdir ki, hər bir şəxs seçkilərdə vətəndaş mövqeyini ortaya qoymaqla, həm də namizədin seçki proqramı, onun fəaliyyəti və seçicilərə verdiyi vədlərin yerinə yetirməsinin səviyyəsini də göz önünə gətirir.
Bəli, yeni minillikdə və müasir çağırışlar fonunda Azərbaycan modernləşmiş, yeni inkişaf mərhələsinə qovuşmuşdur. Bu illər xalqımızın dövlətçilik tarixində ölkəmizin qarşısında duran hədəflərin reallaşdırılması, respublikamızın ardıcıl inkişafının təmin edilməsi, müstəqilliyinin daha da möhkəmləndirilməsi, tarixi nailiyyətlərin əldə olunması kontekstində ən parlaq, ən şanlı dövrlərdən birini təşkil edir.
Bu gün Azərbaycan özünün çağdaş tarixinə yeni missiya ilə daxil olmuş, milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Müzəffər Azərbaycan Ordusu torpaqlarımızı Ermənistanın işğalçı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir.
Dövlətimiz tərəfindən qəbul edilən milli strategiya nəticəsində ölkəmiz hazırda yüksək inkişaf dövründədir. Xarici və daxili siyasətdə əldə edilən uğurlar bu strategiyanın nə qədər düzgün və dəqiq planlaşdırıldığından xəbər verir. Aparılan daxili siyasət, vətəndaşların yüksək rifaha çatdırılması milli inkişaf strategiyasının əsas məqsədlərindən biri olub. Dünya iqtisadiyyatının dərin böhran vəziyyətində belə ölkəmizə neqativ təsirlərin minimuma endirilməsi də məhz bu strategiyanın effektivliyinin bariz nümunəsidir.
Xalqımızın Zəfəri ilə başa çatan Vətən savaşının yaratdığı əsas reallıqlardan biri Azərbaycanın tarixində yeni inkişaf mərhələsinin başlamasıdır. Bu mərhələdə qarşıya qoyulan hədəflər bəllidir və indi dövlətimizin milli ideyası işğaldan azad olunmuş ərazilərin bərpası, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Və hazırda bütün dünya Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma işlərinə şahidlik edir.
7 fevral tək Zəfər seçkisi deyil, həm də yeni tarixin başlanğıcı olacaq. Azərbaycan daha da güclənəcək, böyüyəcək, ən xoşbəxt insanların yaşadığı bir ölkəyə çevriləcək! Bütün bunları görmək üçün hamımız səsvermə hüququmuzdan istifadə edək, haqqa, ədalətə səs verək!