Azərbaycan və Türkiyə həmkarlar ittifaqları əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər




Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Türkiyənin “Hak-İş” Konfederasiyasının üzv təşkilatı Öz Sağlık-İş Həmkarlar İttifaqının nümayəndə heyəti ilə görüş keçirilib.
AHİK-in Aparat rəhbəri Ayaz Əliyev Azərbaycan və Türkiyənin həmkarlar ittifaqları arasında əlaqələrin bütün sahələr üzrə uğurla inkişaf etdiyini bildirib. O, ölkəmizdə səhiyyə işçilərinin əmək və sosial hüquqlarının qorunmasında və onlar üçün layiqli əmək şəraitinin yaradılmasında həmkarlar ittifaqlarının rolunu vurğulayıb, həyata keçirilən layihələrdən bəhs edib.
Qeyd olunub ki, AHİK-in üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ilə Öz Sağlık-İş Həmkarlar İttifaqı arasında imzalanmış Əməkdaşlıq Memorandumu iki qurum arasında əlaqələrin möhkəmləndirilməsi, təcrübə mübadiləsi və birgə təşəbbüslərin reallaşdırılması baxımından əhəmiyyətlidir.
Öz Sağlık-İş Həmkarlar İttifaqının sədri Devlet Sert Azərbaycan həmkarlar ittifaqları ilə münasibətlərin artan xətt üzrə inkişafından danışıb, Türkiyənin səhiyyə işçilərinin hüquq və mənafelərinin müdafiəsi istiqamətində görülən işlər barədə məlumat verib.
Görüşdə yeni çağırışlar fonunda səhiyyə sahəsində dəyişən əmək münasibətləri və həmkarlar ittifaqlarının qarşısında duran vəzifələrə dair fikir mübadiləsi aparılıb.