İstanbulun Rami Kitabxanası dünyanın ən yaxşı “yaşıl kitabxanası” seçilib




İstanbulun ən böyük kitabxanası olan Rami Kitabxanası Beynəlxalq Kitabxana Assosiasiyaları və Müəssisələri Federasiyasının (IFLA) təşkil etdiyi 2026-cı il Yaşıl Kitabxana Mükafatlarında “Böyükmiqyaslı layihə” kateqoriyası üzrə birinci yerə layiq görülüb. Kitabxana bu mükafata XIX əsrə aid tarixi Rami Kazarmasının iqlim dəyişikliklərinə davamlı müasir şəhər məkanına çevrilməsini nəzərdə tutan layihəsinə görə layiq görülüb.
IFLA-nın Ətraf Mühit, Davamlılıq və Kitabxanalar Bölməsi (ENSULIB) tərəfindən təqdim olunan mükafat ətraf mühitin qorunması və davamlı inkişaf sahəsində nümunəvi liderlik, innovativ yanaşma və real təsir yaradan kitabxana layihələrini qiymətləndirir.
Müsabiqənin 11-ci buraxılışının qalibləri Cənubi Koreyanın Busan şəhərində keçirilən IFLA Dünya Kitabxana və İnformasiya Konqresi (WLIC 2026) çərçivəsində elan olunub. Rami Kitabxanası 27 ölkədən təqdim edilən 62 layihə arasında çoxşaxəli davamlılıq təşəbbüsləri ilə fərqlənib. Layihə tarixi irsin qorunması ilə ekoloji prinsiplərə əsaslanan müasir mədəniyyət məkanının yaradılmasının uğurlu nümunəsi kimi qiymətləndirilib.
Rami Kitabxanasının bu mükafata layiq görülməsi tarixi irsin qorunması, ekoloji davamlılıq və müasir kitabxana xidmətlərinin vahid məkanda uğurla birləşdirilə biləcəyini göstərir. Eyni zamanda, bu uğur Türkiyənin davamlı inkişaf və mədəni irsin qorunması istiqamətində həyata keçirdiyi siyasətin kitabxanaçılıq sahəsindəki əks-sədasını nümayiş etdirir.
1826–1828-ci illərdə inşa edilən Rami Kazarması genişmiqyaslı bərpa, yenilənmə və tikinti işlərindən sonra 2023-cü ildə kitabxana kimi fəaliyyətə başlayıb. Yenidənqurma zamanı tarixi abidənin memarlıq kimliyinin və orijinal materiallarının qorunmasına əsaslanan konservasiya və adaptiv təkrar istifadə prinsipləri tətbiq olunub.
36 min kvadratmetr qapalı sahəyə və 4 200 nəfərlik oturacaq tutumuna malik Rami Kitabxanası Türkiyənin əsas informasiya və mədəniyyət mərkəzlərindən biridir. Kompleksdə rəqəmsal kitabxana, gənclər kitabxanası, böyüklər üçün kitabxana və müxtəlif ixtisaslaşmış kitabxanalar fəaliyyət göstərir.
Yaşıl məkan və biomüxtəliflik
Rami Kitabxanasında tarixi irsin qorunması ilə yanaşı, ekoloji davamlılıq da layihənin əsas prinsiplərindən biridir. Kitabxananın 51 min kvadratmetrlik yaşıllaşdırılmış ərazisində 696 ağac, 99 min kol, bioloji gölməçə və qamışlıqlar yerləşir. Bu xüsusiyyət Rami Kitabxanasını Avropanın ən böyük qapalı landşaft sahəsinə malik kitabxanalarından birinə çevirir.
Yaşıl ərazilər şəhər biomüxtəlifliyinin qorunmasına və yerli mikroiqlimin yaxşılaşdırılmasına töhfə verir. Dam örtüklərindən toplanan yağış suları isə yaşıllıqların suvarılması və sanitar qovşaqlarda istifadə üçün yenidən dövriyyəyə qaytarılır.
Kitabxanada enerji sərfiyyatının azaldılması məqsədilə LED işıqlandırma, sensor sistemləri, enerjiyə qənaət edən avadanlıqlar və günəş enerjisi texnologiyalarından istifadə olunur. Tullantılar mənbəyində çeşidlənir, təhlükəli tullantılar ayrıca idarə edilir, birdəfəlik plastiklərin istifadəsi minimuma endirilir və daxili iş prosesləri rəqəmsallaşdırılır.
“Yaşayan kitabxana” konsepsiyası
Rami Kitabxanasında davamlılıq yalnız ekoloji məsələlərlə məhdudlaşmır. Kitabxana sosial, mədəni və təhsil istiqamətlərini bir araya gətirən hərtərəfli yanaşma tətbiq edir. Müxtəlif mədəni proqramlar və icma xidmətləri vasitəsilə kitabxana cəmiyyətin təhsil, mədəniyyət və incəsənət sahələrindəki ehtiyaclarına cavab verir və özünü “yaşayan kitabxana” konsepsiyasının nümunəsi kimi təqdim edir.
Bu yanaşma iqlim savadlılığının artırılmasına yönəlmiş təşəbbüslərdə də özünü göstərir. Ətraf mühit mövzusunda informasiya xidmətləri, təlimlər və praktiki seminarlar ziyarətçilərin ekoloji məsələlər barədə məlumatlılığının artırılmasına xidmət edir.
Kitabxananın Əlçatan Resurslar Mərkəzi müxtəlif yaş qruplarından və fərqli ehtiyacları olan istifadəçilərin kitabxana xidmətlərindən yararlanmasına imkan yaradır. Şifahane – bərpa bölməsi isə nadir əlyazmaların və çap materiallarının mühafizəsi və bərpasını həyata keçirərək mədəni irsin gələcək nəsillərə çatdırılmasına töhfə verir.
Rami Kitabxanası sutka ərzində, həftənin yeddi günü fəaliyyət göstərir. Fövqəladə hallar zamanı təhlükəsiz toplanış məntəqəsi kimi də istifadə olunan kitabxana bu xüsusiyyəti ilə sosial dayanıqlılıq baxımından da mühüm ictimai məkandır.
Çoxşaxəli davamlılıq təşəbbüsləri Rami Kitabxanasına Türkiyədə “Biosphere Davamlı Muzey Sertifikatı” alan ilk kitabxana olmaq imkanı verib. Kitabxana, həmçinin ölkədə “Sıfır Tullantı Sertifikatı” və “Yaşıl Enerji Sertifikatı” əldə edən ilk müəssisədir.
2023-cü ildə fəaliyyətə başladığı gündən 2025-ci ilin sonunadək Rami Kitabxanasını 8,2 milyondan çox ziyarətçi ziyarət edib. Bu gün Rami Kitabxanası tarixi irsi müasir kitabxanaçılıq, ekoloji məsuliyyət və sosial inklüzivliklə birləşdirən model kimi fəaliyyətini davam etdirir.