lider-media.az

Bişkekdən Bakıya: Azərbaycanın Avrasiya diplomatiyasında yeni imkanlar

Baxış: 1 292 Tarix: Вчера, 14:49


Prezident İlham Əliyevin Bişkek səfərini Azərbaycanın son illərdə Avrasiya məkanında artan siyasi və diplomatik çəkisinin növbəti göstəricisi kimi qiymətləndirmək olar. Səfər çərçivəsində keçirilən görüşlər və müzakirələr Azərbaycanın həm regional təhlükəsizlik, həm nəqliyyat-kommunikasiya, həm də iqtisadi əməkdaşlıq gündəliyində fəal mövqeyini bir daha nümayiş etdirdi.

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Çin, Rusiya, Hindistan, İran, Pakistan və Mərkəzi Asiya ölkələri kimi mühüm güc mərkəzlərini bir araya gətirən geniş platformadır. Hərbi-siyasi blok olmayan təşkilatın gündəliyi təhlükəsizliklə yanaşı, nəqliyyat, ticarət, enerji, rəqəmsallaşma və digər əməkdaşlıq istiqamətlərini də əhatə edir.

Azərbaycanın ŞƏT platformasında yüksək səviyyədə fəal iştirakını məhz bu kontekstdə qiymətləndirmək lazımdır. Bu, Azərbaycanın hər hansı geosiyasi blokun tərəfinə keçməsi deyil, əksinə, müxtəlif güc mərkəzləri ilə milli maraqlar əsasında münasibətləri inkişaf etdirmək imkanlarının genişlənməsi deməkdir. Bakı özünü təkcə Cənubi Qafqazın deyil, daha geniş Avrasiya məkanının siyasi, iqtisadi və nəqliyyat proseslərində maraqlı və fəal tərəf kimi təqdim edir.

Bu baxımdan Azərbaycanın əsas üstünlüklərindən biri onun geostrateji mövqeyidir. Ölkəmiz Şərq–Qərb və Şimal–Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşir. Xüsusilə Orta Dəhlizin inkişafı fonunda Azərbaycanın tranzit və logistika imkanları daha da artır. Çin və Mərkəzi Asiyadan gələn yüklərin Xəzər dənizi vasitəsilə Azərbaycana, buradan isə Gürcüstan və Türkiyə üzərindən Avropaya çatdırılması ölkəmizin geoiqtisadi əhəmiyyətini gücləndirir.

Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və digər infrastruktur layihələri Azərbaycanın yalnız tranzit ölkə deyil, mühüm regional logistika mərkəzinə çevrilməsi strategiyasının əsas elementləridir. ŞƏT məkanında nəqliyyat və regional bağlantıların gündəmə gəlməsi də bu baxımdan Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Çünki təşkilatda təmsil olunan ölkələrin böyük hissəsi Orta Dəhlizin inkişafı baxımından potensial tərəfdaşlardır.

Deməli, Bişkekdə nəqliyyat dəhlizləri ilə bağlı müzakirələr Azərbaycan üçün yalnız siyasi deyil, həm də konkret iqtisadi məzmun daşıyır. Qarşıdakı mərhələdə əsas məqsədlər Orta Dəhlizin yükdaşıma imkanlarının artırılması, marşrutun səmərəliliyinin yüksəldilməsi, yeni logistika və investisiya layihələrinin cəlb olunması və Azərbaycanın bu sistemdə əsas nəqliyyat qovşaqlarından biri kimi mövqeyinin möhkəmləndirilməsidir.

Səfərin digər mühüm məqamı Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bişkekdə keçirilən görüşdür. Görüşün əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan–Ermənistan sülh prosesində artıq əsas siyasi çərçivə formalaşıb. Tərəflər Vaşinqtonda əldə edilmiş razılaşmaların və sülh sazişinin razılaşdırılmış mətninin paraflanmasının tarixi əhəmiyyətini bir daha vurğulayıblar.

Bu baxımdan Bişkek görüşünü sülh prosesinin yeni mərhələsinin siyasi təsdiqi kimi qiymətləndirmək mümkündür. Qarşıda duran əsas vəzifə əldə edilmiş razılaşmaların praktik müstəvidə davam etdirilməsi və Azərbaycan–Ermənistan münasibətlərinin qarşıdurma məntiqindən əməkdaşlıq məntiqinə keçirilməsidir.

Görüşün məhz ŞƏT kimi geniş beynəlxalq platforma çərçivəsində keçirilməsi də əlavə siyasi əhəmiyyət daşıyır. Bu, Cənubi Qafqazda sülh və sabitliyin artıq yalnız iki ölkə arasındakı münasibətlər məsələsi deyil, daha geniş regional bağlantılar və iqtisadi əməkdaşlıq prosesinin mühüm tərkib hissəsinə çevrildiyini göstərir.

Bu kontekstdə regional kommunikasiyaların açılması xüsusi önəm daşıyır. Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması ilə yanaşı, nəqliyyat və iqtisadi əlaqələrin bərpası bütün region üçün yeni imkanlar yarada bilər. Azərbaycan baxımından isə bu proses ölkənin mövcud nəqliyyat layihələrinin genişləndirilməsinə, yeni marşrutların formalaşmasına və Cənubi Qafqazın Mərkəzi Asiya ilə daha sıx inteqrasiyasına xidmət edə bilər.

Bişkekdən verilən əsas mesajı belə ümumiləşdirmək olar: Cənubi Qafqazda müharibə və qarşıdurma mərhələsi geridə qalmalı, onun yerini sülh, kommunikasiyalar, ticarət və qarşılıqlı iqtisadi maraqlar üzərində qurulan yeni regional düzən tutmalıdır.

Azərbaycan üçün bu proses həm daha əlverişli təhlükəsizlik mühiti, həm də ölkənin Avrasiya nəqliyyat və logistika xəritəsində çəkisinin daha da artması deməkdir. Azərbaycanın regional siyasi çəkisi artdıqca onun nəqliyyat və iqtisadi layihələrdə imkanları genişlənir. Nəqliyyat bağlantıları inkişaf etdikcə isə Cənubi Qafqazda sülh və əməkdaşlığın iqtisadi əsası möhkəmlənir.

Bişkek səfərinin Azərbaycan üçün əsas strateji əhəmiyyəti də məhz siyasi diplomatiya, geoiqtisadi maraqlar və regional təhlükəsizlik gündəliyinin eyni platformada kəsişməsindədir.

Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi