Fethiye: Adrenalin və təbiətin qovuşduğu turizm məkanı



Müasir səyahətçilər bir səfərdə müxtəlif təcrübələri bir araya gətirən, dinamik istirahət imkanlarına üstünlük verirlər. Bu baxımdan Türkiyə idman və aktiv turizm üçün geniş seçimlər təqdim edən əsas məkanlardandır.
Qardaş ölkənin Fethiye bölgəsi isə yamac paraşütündən trekkingə, su idmanlarından yoqa və sağlamlıq proqramlarınadək zəngin fəaliyyət imkanları ilə seçilir.
Muğlanın Egey sahilində yerləşən Fethiye xüsusilə Ölüdəniz və Babadağla tanınır. Dünyanın aparıcı yamac paraşütü məkanlarından biri olan Babadağ hər il Türkiyədən və müxtəlif ölkələrdən minlərlə həvəskarı qəbul edir. Dəniz səviyyəsindən təxminən 2 min metr yüksəklikdəki uçuş nöqtələrindən peşəkar pilotların müşayiəti ilə tandem uçuşları həyata keçirilir. Təxminən 30 dəqiqə davam edən uçuş zamanı iştirakçılar Ölüdənizin firuzəyi suları və ətrafdakı meşələr üzərində süzərək sahilə enirlər. Daha çox adrenalin axtaranlar pilotun nəzarəti ilə müxtəlif akrobatik manevrləri də sınaqdan keçirə bilərlər.
Fethiyənin imkanları bununla məhdudlaşmır. 80-dən çox kəpənək növünün məskunlaşdığı Kəpənəklər Vadisi təbiətsevərlərin, Kabak körfəzi isə sakit istirahət, düşərgə və yoqa həvəskarlarının sevimli məkanlarındandır.
Bölgənin sahil coğrafiyası dalğıclıq və digər su idmanları üçün də əlverişlidir. Afkulə sualtı mağaraları və zəngin dəniz canlıları ilə, Saklıkent kanyonu rafting imkanları ilə diqqət çəkir. Fethiye həmçinin Aralıq dənizi boyunca uzanan məşhur Likya yolunun mühüm dayanacaqlarındandır və trekking həvəskarlarına unudulmaz marşrutlar təqdim edir.
Müxtəlif yerləşmə imkanları və təzə dəniz məhsulları, yerli mətbəx nümunələri ilə zəngin gastronomik seçimlər Fethiyedə aktiv istirahəti tamamlayır. Beləliklə, bölgə bir səfərdə adrenalin, təbiət, idman və istirahəti birləşdirmək istəyənlər üçün ideal destinasiyaya çevrilir.
Qardaşlığın yeni üfüqləri: Daşkənddən dünyaya uzanan Azərbaycan–Özbəkistan yolunun növbəti mərhələsi