Kamilə Əliyeva: Azərbaycan–Özbəkistan münasibətləri: strateji tərəfdaşlıqdan qardaşlığa

Prezident cənab İlham Əliyevin Özbəkistana səfəri və Daşkənddə Azərbaycan ilə Özbəkistan arasında Ali Dövlətlərarası Şuranın 3-cü iclasının keçirilməsi ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da dərinləşməsinə mühüm töhfə verəcək.
Azərbaycan–Özbəkistan əlaqələri yalnız ikitərəfli əməkdaşlıqla məhdudlaşmır, həm də Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropanı birləşdirən mühüm geosiyasi və geoiqtisadi proses kimi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv qəbul edilməsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəstəyi mühüm rol oynayıb. Bununla Azərbaycan coğrafi baxımdan Cənubi Qafqazda yerləşsə də, Mərkəzi Asiya ilə sıx inteqrasiya edən ölkə kimi mövqeyini daha da möhkəmləndirib.
Azərbaycan və Özbəkistan arasında münasibətlərin qardaşlıq və strateji müttəfiqlik səviyyəsinə yüksəlməsində Prezident İlham Əliyev ilə Prezident Şavkat Mirziyoyev arasında formalaşmış səmimi dostluq və qarşılıqlı etimad xüsusi əhəmiyyət daşıyır. Liderlər arasındakı yüksək səviyyəli münasibətlər dövlətlər və xalqlar arasında əməkdaşlığın bütün istiqamətlər üzrə inkişafına mühüm təkan verir. 2024-cü ildə imzalanmış Müttəfiqlik Münasibətləri haqqında Müqavilə isə siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın yeni mərhələsini müəyyənləşdirib.
Ticarət dövriyyəsinin yaxın perspektivdə 1 milyard dollara çatdırılması ilə bağlı razılaşma iqtisadi əlaqələrin genişləndirilməsi baxımından mühüm addımdır. Prezident İlham Əliyev mətbuata bəyanatında enerji, nəqliyyat, bank sektoru, avtomobil sənayesi, turizm və digər sahələrdə əməkdaşlığın daha da genişləndiriləcəyini vurğulayıb. SOCAR-ın Özbəkistanda yeni layihələrdə iştirakının artırılması da bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Enerji sahəsində əməkdaşlıq ikitərəfli münasibətlərin strateji istiqamətlərindən biridir. Azərbaycan və Özbəkistan arasında neft-qaz kəşfiyyatı üzrə layihələrin son mərhələyə çatması, gələn il istismar quyularının qazılması ilə bağlı qərar iki ölkənin enerji tərəfdaşlığının perspektivlərini daha da genişləndirir. Bu əməkdaşlıq Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə enerji əlaqələrinin dərinləşməsinə də mühüm töhfə verəcək.
Xəzər dənizində birgə donanmanın istifadəyə verilməsinin sürətləndirilməsi və Azərbaycan–Özbəkistan dəhlizinin yaradılması ilə bağlı razılaşmalar nəqliyyat-logistika əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Özbəkistanın işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və yenidənqurma prosesində fəal iştirakı da iki ölkə arasındakı qardaşlığın bariz nümunəsidir. Füzulidə 960 yerlik məktəbin və Xankəndidə tikiş fabrikinin Özbəkistan tərəfindən inşa edilməsi bu həmrəyliyin əyani ifadəsidir.
Azərbaycan–Özbəkistan münasibətlərinin yüksək səviyyəsi yalnız iki dövlətin deyil, bütövlükdə Türk dünyasının siyasi, iqtisadi və mədəni inteqrasiyasının güclənməsinə mühüm imkanlar yaradır.
Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor