lider-media.az

Türkiyədə trekkingin ən qeyri-adi ünvanı: Duz Gölündə ultra-trail macərası

Baxış: 234 Tarix: Сегодня, 11:36



Möhtəşəm təbiəti və rəngarəng relyefi ilə seçilən Türkiyə dağ zirvələrindən sahilboyu cığırlara qədər uzanan geniş imkanları ilə trekking və açıq hava idmanı həvəskarlarının diqqətini cəlb edir. Ölkənin zəngin coğrafiyası dünyanın müxtəlif ölkələrindən idmançıları bir araya gətirən nüfuzlu ultra-trail yarışları üçün də əlverişli şərait yaradır.

Qara dəniz sahillərindən Türk Rivierasına, Mərmərə bölgəsindən Kapadokiyaya qədər Türkiyənin müxtəlif guşələrində ilboyu beynəlxalq səviyyəli ultra-trail yarışları keçirilir. Bu tendensiya 2026-cı ildə səyahət seçimlərində müşahidə olunan dəyişikliklərlə də səsləşir. Turistlər səfərlərini getdikcə daha çox açıq hava fəaliyyətləri, idman tədbirləri və fiziki aktivlik üzərində qurur, trekking və macəra yönümlü marşrutlara maraq artır.

Bu yarışlar arasında Runfire Salt Lake Ultra Trail özünəməxsus məkanı və formatı ilə xüsusi seçilir. Yarış 21–23 avqust 2026-cı il tarixlərində Aksarayın Eskil rayonunda yerləşən Duz Gölünün bənzərsiz ağ düzənliyində keçirilir.

Ekstremal fiziki sınağı qeyri-adi təbiət mənzərəsi ilə birləşdirən yarış Türkiyə Turizmin Təşviqi və İnkişafı Agentliyinin (TGA) dəstəyi ilə təşkil olunur. 2026-cı il yarışında 13 ölkədən 750 idmançının iştirakı gözlənilir. Bu isə beynəlxalq iştirakla yanaşı, üfüqdə ilğımları xatırladan mənzərələri və başqa planet təsiri bağışlayan sonsuz duz düzənlikləri ilə seçilən Duz Gölünə marağı da artırır.

Hər səviyyəyə uyğun ultra-trail təcrübəsi

Duz Gölünün möhtəşəm mənzərələri fonunda keçirilən Runfire Salt Lake Ultra Trail müxtəlif hazırlıq səviyyəsinə malik iştirakçılar üçün geniş seçim imkanları təqdim edir. Yarış proqramına 10 km, 10 km komanda yarışı, 15 km gündüz və gecə yürüşü, 20 km, 40 km, 80 km və 100 mil (160 km) məsafələr daxildir.

Beləliklə, yarış həm qısa məsafələrdə özünü sınamaq istəyən həvəskarları, həm də uzunməsafəli qaçış və ultra-marafon təcrübəsi olan peşəkarları bir araya gətirir.

Runfire Salt Lake Ultra Trail-in tarixçəsi 2012-ci ildə keçirilən Runfire Cappadocia yarışına gedib çıxır. O zaman yarış Likya Yolu Ultra Marafonundan sonra Türkiyənin ikinci çoxmərhələli ultra-marafonu idi. 2016-cı ildən etibarən isə Runfire ayrıca yarış formatında keçirilməyə başlayıb və Duz Gölünün sonsuz ağ düzənliklərində təşkil olunan təkmərhələli ultra-marafona çevrilib.

Runfire yalnız fiziki dözümlülüyün sınağı deyil. Yarış çərçivəsində təşkil olunan düşərgə həyatı, canlı səhnə çıxışları, musiqi proqramları və müxtəlif əyləncə tədbirləri iştirakçılara idmanla yanaşı, fərqli festival təcrübəsi də yaşadır.

Ekoloji və sosial davamlılıq əsas prioritetdir

Mərkəzi Anadoluda Ankara, Aksaray və Konya vilayətlərinin kəsişməsində yerləşən Duz Gölü Türkiyənin ikinci ən böyük gölüdür. Sahəsi böyük olsa da, göl olduqca dayazdır: orta dərinliyi 50 santimetrdən az, ən dərin nöqtəsi isə təxminən 1 metrdir.

Yay aylarında suyun buxarlanması ilə gölün səviyyəsi əhəmiyyətli dərəcədə azalır və səthdə qalınlığı təxminən 30 santimetrə çatan parlaq duz təbəqəsi üzə çıxır. Məhz bu unikal mənzərə Duz Gölünə özünəməxsus görünüş qazandırır.

Duz Gölü yalnız təbii gözəlliyi ilə deyil, zəngin biomüxtəlifliyi ilə də seçilir. Xüsusi Mühafizə Olunan Təbiət Ərazisi statusuna malik göl köçəri və yuvalayan su quşları üçün mühüm yaşayış məkanıdır. Türkiyədə flaminqoların ən böyük çoxalma ərazilərindən biri də məhz burada yerləşir və hər il minlərlə flaminqo gölün ətrafında yuva salır.

Bu yüksək təbii və ekoloji dəyərinə görə Duz Gölü Xüsusi Mühafizə Olunan Təbiət Ərazisi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib.

Belə həssas ekosistemdə keçirilən Runfire Salt Lake Ultra Trail yarışında ətraf mühitin qorunması əsas prioritetlərdən biridir. Təşkilatçılar davamlılıq prinsiplərinə əsaslanaraq yarışın bütün mərhələlərində ekoloji məsuliyyətə xüsusi diqqət yetirir, Duz Gölünün unikal təbiətinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə töhfə verməyə çalışırlar.

Tədbir haqqında

Tarix: 21–23 avqust 2026
Məkan: Duz Gölü, Eskil, Aksaray, Türkiyə
100 mil (160 km) yarışının startı: 21 avqust 2026
Festival və digər yarışlar: 22 avqust 2026
Mükafatlandırma mərasimləri: 22–23 avqust 2026
Qeydiyyat üçün son tarix: 17 avqust 2026


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi