Şəkidə arı xəstəliklərinin idarə olunması və biotəhlükəsizlik üzrə genişmiqyaslı təlim proqramı başlayıb

Arıçılıq sahəsində müasir yanaşmaların tətbiqi, arı sağlamlığının qorunması və biotəhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin təşkilatçılığı ilə Şəki şəhərində "Arı Xəstəliklərinin İdarə Edilməsi: Müasir Çağırışlar və Biotəhlükəsizlik" mövzusunda genişmiqyaslı təlim proqramına start verilib. Yerli və beynəlxalq ekspertlərin, dövlət qurumlarının nümayəndələrinin, baytarlıq mütəxəssislərinin və arıçıların iştirak etdiyi proqram arıçılıq sahəsində mövcud çağırışların müzakirəsi, xəstəliklərin effektiv idarə olunması, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və praktik biliklərin artırılması məqsədi daşıyır. Təlim çərçivəsində iştirakçıların nəzəri biliklərinin təkmilləşdirilməsi ilə yanaşı, sahədə tətbiq olunan müasir idarəetmə və biotəhlükəsizlik yanaşmaları üzrə praktiki bacarıqlarının inkişaf etdirilməsi də nəzərdə tutulur.
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev bildirib ki, təlim proqramı arıçılığın dayanıqlı inkişafına, arı ailələrinin sağlamlığının qorunmasına, xəstəliklərin qarşısının alınmasına və müasir biotəhlükəsizlik tədbirlərinin tətbiqinə yönəlib. O qeyd edib ki, iqlim dəyişiklikləri və xəstəliklərin yayılma riskinin artdığı bir şəraitdə arıçılar arasında maarifləndirmənin və profilaktik tədbirlərin gücləndirilməsi vacibdir. Təlimlərin fermerlərin real ehtiyaclarına uyğun təşkili məqsədilə 25-ci Yubiley Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkası çərçivəsində 11 iqtisadi rayonu təmsil edən 173 arıçı arasında keçirilmiş sorğu nəticəsində toplanmış məlumatlar əsasında arıçıların ehtiyaclarına uyğun mövzular müəyyənləşdirilib və təlim proqramı formalaşdırılıb. Sərdar Hacıyev vurğulayıb ki, bu tədbirlər 2026–2030-cu illər üzrə Dövlət Proqramının kənd təsərrüfatı xidmətlərinin keyfiyyətinin artırılması, fermerlərin müasir aqrar xidmətlərə çıxışının genişləndirilməsi, informasiya-məsləhət xidmətlərinin və innovasiyaların yayımının inkişafı ilə bağlı prioritetləri ilə də uzlaşır.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov təlim proqramının Şəkidə keçirilməsinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, arıçılıq Şəki və ətraf rayonlarda kənd təsərrüfatının mühüm istiqamətlərindən biri olmaqla yanaşı, regionun ənənəvi təsərrüfat sahələrindən biridir. İcra başçısı arıçıların müasir bilik və bacarıqlarının artırılmasının, arı xəstəliklərinin qarşısının alınması və biotəhlükəsizlik tədbirlərinin gücləndirilməsinin sahənin dayanıqlı inkişafına mühüm töhfə verəcəyini qeyd edib.
Təlim proqramı çərçivəsində yerli və beynəlxalq ekspertlərin iştirakı ilə arıçılıq sahəsində aktual mövzular üzrə təqdimatlar keçirilib. Təqdimatlarda arı xəstəliklərinin diaqnostikası, müasir mübarizə və profilaktika üsulları, biotəhlükəsizlik tədbirlərinin tətbiqi, xəstəliklərin yayılmasının qarşısının alınması, düzgün baytarlıq yanaşmaları və beynəlxalq təcrübədə istifadə olunan effektiv idarəetmə metodları barədə ətraflı məlumat verilib. Beynəlxalq ekspert, professor Mustafa Necati Muz arı sağlamlığının qorunması, qlobal çağırışlar və müasir yanaşmalarla bağlı təcrübəsini iştirakçılarla bölüşərkən, sahə üzrə mütəxəssis Rəfiqə Qazi ölkəmizdə arıçılıq təsərrüfatlarında tətbiq olunan baytarlıq tədbirləri, profilaktik yanaşmalar və praktik təcrübələr haqqında təqdimatla çıxış edib. Təqdimatlar interaktiv müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Üç gün davam edəcək proqram çərçivəsində Təlimçilər üçün Təlim (Training of Trainers – ToT) proqramı da təşkil olunacaq. Təlimin son günündə isə iştirakçılar Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən nümunəvi arıçılıq təsərrüfatında praktiki məşğələlərə cəlb ediləcəklər. Burada iştirakçılar xəstəliklərin diaqnostikası, biotəhlükəsizlik tədbirləri və müasir arıçılıq idarəetmə metodları ilə tanış olacaq, beynəlxalq təcrübəyə əsaslanan qabaqcıl yanaşmaların tətbiqi üzrə praktiki biliklər əldə edəcəklər.