lider-media.az

Türkiyənin füsunkar sahilləri: Egey və Aralıq sahillərində unudulmaz səyahət 

Baxış: 488 Tarix: Вчера, 12:14

Suyun insanın fiziki və psixoloji sağlamlığına müsbət təsirini ön plana çıxaran "Blue Mind" konsepsiyası son illərin populyar səyahət trendlərindən birinə çevrilib. Təbiətlə təmas, dənizdə üzmək, sahil boyunca qayıqla gəzinti və sakit atmosferdə istirahət bu yanaşmanın əsasını təşkil edir. Araşdırmalar da göstərir ki, su kənarında keçirilən vaxt stressi azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır və zehni rahatlaşdırır.

Egey və Aralıq dənizi boyunca uzanan minlərlə kilometrlik sahil xətti Türkiyəni bu təcrübə üçün ideal istiqamətlərdən birinə çevirir. Gizli koylar, firuzəyi körfəzlər, qədim liman şəhərləri və zəngin mədəni irs mavi səyahəti unudulmaz edir.

Marşrutun ilk dayanacağı olan İzmir təmiz körfəzləri, yelkən marşrutları, Egey mətbəxi və "MICHELIN" tərəfindən qiymətləndirilən restoranları ilə seçilir. Çeşmənin Ilıca, Ayayorgi, Pırlanta və Boyalık çimərlikləri, eləcə də Eşək adası dəniz həvəskarlarının ən çox üz tutduğu məkanlardandır. Dünyanın aparıcı külək sörfü mərkəzlərindən sayılan Alaçatı və qastronomiyası ilə tanınan Urla da marşrutun diqqətçəkən ünvanlarındandır.

Bodrum

Muğlanın Bodrumşəhəri Türkiyədə mavi səyahət ənənəsinin beşiyi hesab olunur. Lüks marinaları, Mavi Bayraqlı çimərlikləri, zəngin Egey mətbəxi və qədim irsi ilə tanınan Bodrumdan Gökova körfəzinə uzanan qayıq marşrutları dəniz həvəskarlarına firuzəyi koylarda üzmək, şnorkellə dalış etmək və təbiətin sakitliyindən zövq almaq imkanı yaradır. Şəhərdə Bodrum qalası və Halikarnas Mavzoleyinin qalıqları da görülməli tarixi məkanlardandır.

Sakit atmosferi ilə seçilən Datça yarımadası daş evləri, toxunulmamış təbiəti və Palamutbükü, Hayıtbükü, Akvarium kimi kristal təmiz koyları ilə fərqlənir. Buradan marşrut Marmarisə uzanır. Kumlubük, Sərçə limanı, Sedir adası və Bördübet təbiət və macəra axtaranlar üçün ideal dayanacaqlardır. Yaxınlıqdakı qədim Knidos şəhəri və Marmaris qalası isə bölgənin zəngin tarixini əks etdirən əsas görməli yerlər sırasındadır.

Muğla

Muğlada mavi səyahətin ən məşhur istiqamətlərindən biri Göcek və Fəthiyə körfəzidir. Göcek adası, Yassıca adaları, Bedri Rəhmi körfəzi, Tərsanə adası və Boynuzbükü firuzəyi suları ilə seçilir. Fəthiyə yaxınlığındakı Ölüdəniz, Kabak və Katrancı körfəzləri, eləcə də Dalyan, qədim Kaunos şəhəri və Caretta caretta tısbağalarının yuvaladığı İztuzu çimərliyi bölgənin ən maraqlı məkanlarındandır. Ölüdəniz üzərində yamac paraşütü isə bu səyahətin ən yaddaqalan təcrübələrindən sayılır.

Antalya

Marşrut Antalya sahillərində başa çatır. Kaş–Kekova xətti kristal təmiz suları, sakit koyları və sualtı tarixi irsi ilə seçilir. Kaş dalğıclıq həvəskarlarının sevimli ünvanlarından biri olduğu halda, Kekovadakı Batıq Şəhər qədim tarixi dənizdən seyr etmək imkanı yaradır. Antalya həm də Aspendos teatrı, Patara, Likya yolu, Mavi Bayraqlı çimərlikləri və Aralıq dənizi mətbəxinin zəngin ləzzətləri ilə mavi səyahəti tamamlayan ən cəlbedici istiqamətlərdən biridir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi