Türkiyənin Aralıq və Egey sahilləri spontan səyahətlər üçün ideal ünvandır



Səyahət vərdişləri dəyişir və çeviklik turistlərin seçimində getdikcə daha mühüm rol oynayır. Dünyanın aparıcı səyahət platformalarından biri olan Expedia Group-un məlumatına görə, insanlar artıq səfərlərini aylar öncədən deyil, daha qısa müddət ərzində planlaşdırmağa üstünlük verirlər. Dəyişkən hava şəraiti, qlobal hadisələr və gündəlik həyatın dinamik ritmi bu tendensiyanı gücləndirən əsas amillərdir. Şirkətin statistikasına əsasən, bu ilin ilk rübündə səfərə 7–13 gün qalmış edilən axtarışların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz artıb.
Son dəqiqə qərar verən səyahətçilər üçün sərfəli kampaniyalar, əlverişli iqlim və zəngin turizm imkanları ilə Türkiyə Aralıq dənizinin ən cəlbedici istiqamətlərindən biri kimi seçilir.
Türkiyə spontan səyahət həvəskarlarına rahat planlaşdırma ilə zəngin təcrübəni bir arada təqdim edir. Egey sahillərindən Türk Rivierasına qədər uzanan geniş turizm coğrafiyası, uzun yay mövsümü, müxtəlif yerləşmə imkanları və mövsümi endirimlər son anda təşkil olunan səfərləri daha əlçatan edir.
Firuzəyi dənizi, qızılı çimərlikləri və gizli koyları ilə yanaşı, ölkə yüksək səviyyəli qonaqpərvərlik, zəngin türk mətbəxi, butik şərabçılıq təsərrüfatları, Gecə Muzeyləri layihəsi və dalğıclıqdan paraplana qədər uzanan müxtəlif açıq hava fəaliyyətləri ilə də fərqlənir. Bütün bunlar qısa müddətdə planlaşdırılan istirahəti belə unudulmaz Aralıq dənizi tətilinə çevirir.
Antalya – Mavi Bayraqlı çimərliklərin paytaxtı
Spontan yay istirahəti üçün ilk seçimlərdən biri Türk Rivierasıdır. İldə 300-dən çox günəşli günü və uzun yay mövsümü ilə seçilən bu bölgənin mərkəzi Antalya Aralıq dənizinin aparıcı kurort şəhərlərindən biridir. Dünya səviyyəli qonaqpərvərliyi və müxtəlif büdcələrə uyğun istirahət imkanları ilə tanınan şəhər Belekdən Kemerə, Sidedən digər məşhur kurortlara qədər uzanan müasir istirahət kompleksləri, SPA mərkəzləri, zəngin qastronomiyası və idman infrastrukturu ilə diqqət çəkir.
Antalya həm də 232 Mavi Bayraqlı çimərliyi ilə bu göstərici üzrə dünyada ilk yeri tutur. Uzun qumlu sahillər, sakit koylar, büllur kimi şəffaf sular və möhtəşəm mənzərələr burada hər zövqə uyğun istirahət imkanı yaradır. Şəhərin Belek, Gündoğdu və Kadriye çimərlikləri TUI-nin dünyanın ən gözəl çimərlikləri reytinqində yer alıb. Kaputaşın firuzəyi suları, Caretta caretta dəniz tısbağalarının yuvaladığı Patara çimərliyi və Kekovanın qədim sualtı qalıqları isə bölgənin ən yaddaqalan təbiət və tarix məkanları sırasındadır.
Egey sahillərində mədəniyyət, təbiət və qastronomiya
Türkiyənin qərb sahilləri füsunkar sahil qəsəbələri, tarixi kəndləri, qədim şəhərləri və canlı kurortları ilə Egey həyat tərzini yaxından tanımaq istəyənlər üçün ideal seçimdir. Butik hotellər, zeytun yağı, təzə dəniz məhsulları, mövsümi məhsullar və seçkin türk şərabları bu bölgədə təbiət, mədəniyyət və qastronomiyanı bir araya gətirir.
Kristofer Nolanın "The Odyssey" filmi Homerin məşhur dastanını yenidən gündəmə gətirdiyi bir dövrdə Şimali Egey bu əfsanənin izlərini kəşf etmək üçün maraqlı marşrut təqdim edir. Qədim Troya şəhərinə ev sahibliyi edən Çanaqqala, Assosun tarixi sahilləri və Bozcaadanın sakit atmosferi bölgənin əsas cazibə mərkəzlərindəndir. Ayvalık və Cunda isə daş küçələri, dənizkənarı ab-havası və sakit ritmi ilə Egey ruhunu yaşadır.
İzmir - Egey bölgəsinin mərkəzi
Marşrut Egey bölgəsinin mərkəzi sayılan İzmirdə davam edir. Çeşmə, Alaçatı və Urla zərif sahil həyatı, butik şərab marşrutları və MICHELIN tərəfindən tövsiyə olunan restoranları ilə seçilir. Bodrum, Datça, Marmaris və Fethiye isə təmiz dənizi, məşhur Mavi Səyahət marşrutları, yüksək səviyyəli kurortları və zəngin qastronomiyası ilə həm istirahət, həm də yeni məkanlar kəşf etmək istəyənlər üçün ideal istiqamətlərdir.
Yay tətilinizi hələ planlaşdırmamısınızsa və ya son anda səyahət etmək istəyirsinizsə, Türkiyə bunun üçün ən uyğun seçimlərdən biridir. Egey və Aralıq dənizi sahillərində payızın sonunadək davam edən yay mövsümü, sərfəli son dəqiqə təklifləri, bol günəşli hava, yüksək səviyyəli qonaqpərvərlik və zəngin təcrübələr qonaqlara mövsüm boyu rahat və yaddaqalan istirahət vəd edir.