lider-media.az

Ağ örtüyə bürünən qız   -ESSE

Baxış: 481 Tarix: Сегодня, 10:02



Uşaqlığımla bağlı o qədər xatirələrim var ki, bilmirəm hansından başlayım, hansını yazım. Bəzi xatirələr zaman keçdikcə unudulub, bəziləri isə illər ötsə də yaddaşımdan silinməyib. Elə hadisələr var ki, uşaqlıq şüurunda açdığı iz ömür boyu insanın içində qalır.

Mənim üçün kəndim yalnız doğulduğum yer deyildi. Orada ata-anam, ailəm, qohumlarım yaşayırdı. Bütün dünyam həmin kənddən ibarət idi. Uşaqlıq təsəvvürümdə kəndimizin hüdudlarından kənarda başqa bir həyatın mövcudluğu haqqında təsəvvürüm yox idi. Hər şey sadə və adi idi.  İnsanlar həyatını yaşayırdı. O insanların arasında yaxşısı da vardı, zalımı da, nikbini də, pessimisti də. 

Təxminən doqquz-on yaşım olardı. Adi, yeknəsək həyatıma rəng qatan yeganə məkan həvəslə getdiyim, təfəkkürümdə mənim üçün yeni bir dünya açan məktəb idi. Sıxıldığım həyatdan xilas yolunu məhz burada, müəllimlərimin dilində, kitablarda axtarırdım. Və zənnimdə yanılmadım... 

 Həmin illərdə baş verən bir hadisə məktəbdən də, uşaqlıq illərinin qayğısızlığından da güclü təsir bağışladı və yaddaşıma əbədi həkk olundu.

Qonşuluğumuzda Diləfruz adlı bir qız yaşayırdı, tibb bacısı idi. Savadlı, nəcib və sakit təbiətli bir xanım kimi tanınırdı. Anası ilə atam qohum idilər. Kifayət qədər böyük ailə idilər. Atası kobud və sərt adam olsa da, anası müdrik qadın idi.

Kənddə həyat öz axarı ilə gedirdi. Bir gün baş verənlərdən kənd silkələndi, söhbət, pıçha-pıç, dedi-qodu. Allah heç kimə göstərməsin. Diləfruz yoxa çıxmışdı. Qızı gördüm deyən yox idi. Ailəsi, candan yanan kənd adamları hər yerdə onu axtarırdılar. Amma qız elə bil ərşə çəkilmişdi. Hamı narahat idi.

Bu hadisəyə nikbinliklə baxan da var idi, fikirləşirdilər ki, bəlkə istədiyinə qoşulub qaçıb. Kimi isə ən pis ehtimallardan danışırdı.

Diləfruzun ailəsi isə çarəsizlik içində idi. Onu qonşu kəndlərdə, dərələrdə, su kanallarında axtarırdılar.

Aradan nə qədər vaxt keçdiyini dəqiq xatırlamıram — bəlkə bir həftə, bəlkə on gün. 

Bir gün kənd yenidən ayağa qalxdı. 
 

Diləfruzun cansız bədəni kəndin yaxınlığından keçən, hamının "Təzə arx" adlandırdığı su kanalından tapılmışdı. Ən dəhşətlisi isə onun ağappaq mələfəyə bürünmüş vəziyyətdə tapılması idi.

Bu xəbər uşaq dünyamı alt-üst etdi.

Başa düşə bilmirdim: gənc, savadlı, həyatının ən gözəl çağında olan bir insan niyə öz həyatına son versin? Niyə özünü suya atsın? Bu suallar təkcə məni deyil, bütün kənd sakinlərini düşündürürdü. Amma həmin sualların cavabını yalnız Diləfruz bilirdi. O isə sirrini özü ilə aparmışdı.

Məni ən çox düşündürən isə başqa bir məqam idi — onun ağ mələfəyə bürünməsi. Uşaq ağlımla bunun mənasını tapmağa çalışırdım. Günlərlə düşündüm, amma cavab tapa bilmədim.

Nəhayət, bir gün cəsarətimi toplayıb anamdan soruşdum.

Anam əvvəlcə söhbəti dəyişmək istədi:
— Ay qız, sən hələ uşaqsan, öz işinlə məşğul ol.

Amma gördü ki, bu hadisə məni dərindən sarsıdıb. Bir qədər susduqdan sonra izah etdi:
— Yazıq qız bakirə idi. Ağ mələfəyə bürünməklə demək istəyib ki, namusuna heç kəs toxunmayıb, bu qərarı öz iradəsi ilə verib.

Anamın bu sözləri məndə qəribə hisslər oyatdı. O vaxta qədər anlamadığım bir dünyanın qapısı sanki üzümə açıldı. Uşaq təfəkkürüm bunu nə qəbul edə bilir, nə də rədd edirdi. Uzun müddət həmin mənzərəni, həmin ağ mələfəni və anamın sözlərini unuda bilmədim.

İllər keçib.

Bu gün də Diləfruzun niyə belə bir qərar verdiyini bilmirəm. Bəlkə heç vaxt bilməyəcəyəm. Amma o hadisə mənə həyatın görünəndən daha mürəkkəb olduğunu öyrətdi. İnsanların içində hansı ağrıların, hansı sirlərin gizləndiyini heç vaxt tam bilmək olmur.

Uşaq vaxtı mən bu hərəkətə bir növ cəsarət kimi baxırdım. İndi isə düşünürəm ki, bu, bəlkə də, köməyə ehtiyacı olan bir insanın səssiz fəryadı idi. Hər halda, ağ örtüyə bürünən o qız uşaqlıq yaddaşımın ən ağrılı və ən sirli xatirələrindən biri olaraq qalır.

Səadət Hakıyeva

P.S. İnsanın həyatında rastlaşdığı və başına gələn hadisələr onun üçün həyat dərsinə çevrilir.  


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi