Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Forumu öz işini Naxçıvanda davam etdirir

Noyabrın 24-də Bakıda Türk Dövlətləri Təşkilatına sədrliyi növbəti mərhələ üçün qəbul edən Azərbaycanın təşəbbüsü ilə təşkilata üzv ölkələrin qeyri-hökumət təşkilatları ilk dəfə bir yerə toplaşır.
Lider-media.az xəbər verir ki, “Gülüstan” sarayında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun rəsmi açılışı olub.
Forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətindən 500 nəfərdən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edəcək. Bu, ümumi iştirakçı sayına görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə indiyədək təşkil olunan ən böyük tədbirdir.
Nümayəndə heyətləri noyabrın 23-də Fəxri xiyabanı, Şəhidlər xiyabanını, Türk şəhidliyini, Zəfər parkını ziyarət edib, Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Forum çərçivəsində 2 panel müzakirəsi keçirilib. “Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü” adlı paneldə Zəngəzur dəhlizinin açılmasından sonrakı yeni vəziyyətə hazırlıq, bu istiqamətdə Türk dünyasının vətəndaş cəmiyyəti təsisatlarının təşəbbüsləri müzakirə olunub.
İkinci panel isə “Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu” olacaq. Belə ki, ikitərəfli əsasda 2022-ci ildə Azərbaycan-Türkiyə, 2023-cü ildə Azərbaycan-Özbəkistan, 2024-cü ildə Özbəkistan-Azərbaycan QHT-lərinin əməkdaşlıq forumları baş tutub. Bu silsilənin davamı olaraq, bu il Qazaxıstanla ikitərəfli əsasda QHT-lərin təcrübə, bilik mübadiləsi aparılacaq, əməkdaşlığın dərinləşdirilməsi imkanları araşdırılacaq. Qarşıdakı dövrdə Qırğızıstan, Macarıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Türkmənistanla da analoji tədbirlərin keçirilməsi planlaşdırılır.
“Gülüstan” sarayındakı müzakirələrə bədii-mədəni proqramla yekun vurulub.
Forum öz işini noyabrın 25-də Naxçıvan şəhərində davam etdirəcək. Türk Dövlətləri Təşkilatının tarixinə 2009-cu il tarixli “Naxçıvan Sazişi” ilə düşmüş, təşkilat üçün böyük rəmzi və mənəvi məna daşıyan Naxçıvan şəhərində təşkilata üzv ölkələrin QHT-lərinin Platformasının təsis olunması gözlənilir. Bu, forumun mühüm qalıcı irsinə çevriləcək. Platformaya rəhbərliyi Türk Dövlətləri Təşkilatının hazırkı sədri kimi Azərbaycan edəcək. Platformada 8 ölkədən QHT-lər birləşəcək.
Qeyd edək ki, bu ilin aprelində Bakıda dünyanın üçdə iki hissəsini əhatə edən bölgədən – 115 ölkədən vətəndaş cəmiyyəti təsisatlarının iştirakı ilə Qlobal Cənub QHT Platforması da təsis olunub. Bu il, həmçinin dünya müsəlmanlarının 60 faizinin yaşadığı, “İslam Səkkizliyi” adlanan D-8 ölkələrinin QHT-lərinin ilk görüşü də Azərbaycanda təşkil olunub. 2025-ci il oktyabrın 20-də Xankəndidə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu çərçivəsində “Dünyaya açılmış Azərbaycan QHT-ləri: təklənməyə qarşı birləşmə texnikası” adlı panel müzakirəsində xüsusi vurğulanıb ki, son 2 ildə Azərbaycan QHT-lərinin ən böyük uğuru dünyaya açılmalarıdır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Platformasının təsis olunması bu istiqamətdə aparılan prosesin mühüm tərkib hissəsidir.
Naxçıvanda Forum çərçivəsində “WUF13-ə doğru - Türk dünyasında ilk” adlı panel müzakirələri də təşkil olunacaq. Panel müzakirələrində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurdakı nəhəng quruculuq və bərpa işlərinin miqyasının və sürətinin dünyanın postmünaqişə bölgələri üçün nümunə olması diqqət mərkəzində olacaq. Bundan başqa, Türk dünyası QHT-ləri 2026-cı ildə Azərbaycanda keçiriləcək 13-cü Dünya Şəhərsalma Forumunda fəal iştiraka dəvət olunacaq.
Noyabrın 26-da Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçıları Naxçıvan MR-də bir sıra yerlərlə tanış olacaq. Foruma birgə bəyanatın qəbul olunması ilə yekun vurulması nəzərdə tutulur.