lider-media.az

Heydər Əliyev Fondu: Mərhəmət, xeyirxahlıq, ümid ünvanı

Tarix: 10-05-2024, 12:34

 

   

    “Bu gün Heydər Əliyev Fondu Ulu Öndərin adını şərəflə daşıyır, Ulu Öndərin xatirəsinə layiq fəaliyyət göstərir”.

Bunu Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi münasibətilə keçirilən mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev demişdi.  Heydər Əliyev Fondu artıq fəaliyyətinin 20-ci ilini arxada qoyur. Etiraf etməliyik ki, Azərbaycanın ictimai, siyasi, elmi, mədəni həyatının bütün sahələrində Heydər Əliyev Fondunun  rolu əvəzsizdir. 20 il əvvəl başlayan bu yol heç də asan olmamışdır.

Dünya siyasətinin transmilliləşməsi bəşəri səviyyədə praqmatizm və fərdilik meyillərini qabarıq şəkildə üzə çıxarsa da humanizmə, insanpərvərliyə əsaslanan yüksək dəyərlər insanlığın zinəti kimi aktuallığını, mənəvi təsir gücünü həmişə qoruyub saxlamışdır. Ədalətlilik, dürüstlük, xeyirxahlıq və mənəvi saflıq hər bir insanın özündən sonra qoyub getdiyi müqəddəs dəyərlərdir. Kamil və yetkin insanın dünyanın xilası barədə düşüncələri də məhz bu kimi dəyərlərdən qaynaqlanır. Belə insanların yeganə təmənnası başqalarına etdiyi yaxşılıqdan aldığı mənəvi rahatlıqdır. Heydər Əliyev Fondu da milli düşüncə təfəkkürümüzdə xüsusi yer tutan mərhəmət, insanpərvərlik, xeyirxahlıq kimi ali dəyərlərə tapınaraq insanların mənəvi saflaşmasına çalışır, həyata keçirdiyi xoşməramlı missiya ilə cəmiyyətə yüksək mənəvi dəyərlər təlqin edir.

Azərbaycan cəmiyyəti Fondun prezidenti Mehriban xanım Əliyevanın vətəndaşlara diqqət və qayğı nümunələri ilə zəngin olan çoxşaxəli fəaliyyətində mənəvi dəyərlərin nisbətən aşındığı indiki "sürət əsri"ndə savab və xeyirxah əməllərin nə qədər müstəcəb olduğunu dərk edir, özlərinin yaşam fəlsəfəsini bu ideallara uyğunlaşdırmağa çalışır.

"Bu gün biz müasir texnika və qloballaşma əsrində yaşayırıq. Fikrimcə, zəmanənin ən böyük təzadlarından biri ondan ibarətdir ki, əldə edilən tərəqqi, kommunikasiya imkanları insanların birləşməsinə, daha sıx ünsiyyət qurmasına şərait yaratsa da gerçək həyatda biganəlik artır, insanlar arasında uçurum dərinləşir. Bəzən nəinki bəşəriyyətin səsini eşitmirik, hətta qonşu qonşunu eşitmir, qardaş qardaşa kömək əlini uzatmır. Bu gün dünyanın qarşılaşdığı ən ağrılı problemlərindən biri mənəvi idealların ucuzlaşması, onların saxta ideallarla əvəz olunmasıdır", - deyən Mehriban xanım xoş əməllərilə insanları səmimi birlik və həmrəyliyə dəvət edir. Heydər Əliyev Fondunun təhsil sferasında həyata keçirdiyi genişmiqyaslı proqramlardan biri "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsidir. Bu proqram təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə - tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənmişdir.

Proqramın icrası məqsədilə 2005-ci ilin iyununda Heydər Əliyev Fondu müvafiq qurumların, habelə beynəlxalq təşkilatların iştirakı ilə "dəyirmi masa" təşkil etdi. Bundan sonra 100, 200 və 240 şagird yerlik məktəb layihələri hazırlandı və ölkənin müxtəlif bölgələrində, hətta ucqar dağ kəndlərində belə, məktəb tikintisi geniş vüsət aldı. "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı 2 mərhələdə həyata keçirildi.

Fondun təhsillə bağlı həyata keçirdiyi proqramlar sırasında "Təhsilə dəstək" layihəsi də xüsusi əhəmiyyətə malikdir. Bu layihə birbaşa tədrisin keyfiyyətinə təsir göstərən problemlərin həllinə - məktəblərin əyani vəsaitlə, şagirdlərin dərs ləvazimatı ilə təmin olunmasına yönəlmişdi. Fondun bu layihəsi çərçivəsində bölgələrdə və Bakı kəndlərində bir çox uşaq bağçaları əsaslı təmir olunaraq, müasir avadanlıqla təchiz edilmiş və onun təhsillə bağlı fəaliyyətinin coğrafiyası getdikcə genişlənmişdir. İndi artıq dünyada nüfuzlu qurum kimi tanınan Fond xeyriyyəçilik missiyasını xarici ölkələrdə də davam etdirir. "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı da təhsil sferasında həyata keçirilən genişmiqyaslı layihədir.

Səhiyyə, sosial sahələrdə fəaliyyətlə cəmiyyətdə özünə kifayət qədər nüfuz qazanan Heydər Əliyev Fondunun Azərbaycanın mədəni-mənəvi dəyərlərinin qorunması, tanıdılması, ölkəmizin gerçəklərinin dünyaya çatdırılması istiqamətində fəaliyyəti də təqdirəlayiqdir. "Qarabağ xanəndələri" adlı musiqi albomunun, "Qarabağ həqiqətləri" bukletlər toplusunun, "Müharibə və tarixi mədəniyyət abidələrimiz", Parisdə ingilis dilində "Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması", "Muğam haqqında əlyazmalar toplusu" nəşrləri Qarabağın Azərbaycanın ayrılmaz guşələrindən biri kimi dünya ictimaiyyətinə çatdırılmasında mühüm vasitə oldu. Fondun dəstəyilə Xocalı soyqırımı hər il dünyanın 100-dən artıq məkanında qeyd olunur. 2008-ci ildən etibarən fəaliyyətə başlamış "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyası erməni cinayətlərinin dünya miqyasında ifşası üçün əlverişli mühit yaradır.

Uşaqlara, ahıllara nəvaziş göstərilməsi, çoxsaylı məktəb, səhiyyə ocaqları, musiqi liseyləri, uşaq evlərinin tikilməsi, talassemiya və diabetdən əziyyət çəkən uşaqlara xüsusi qayğı göstərilməsi Fondun fəaliyyətində əsas yer tutur. Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Kor və zəif görən uşaqların informasiya-kommunikasiya texnologiyalarına çıxışının təmin olunması" kimi layihələr isə bənzəri olmayan xeyirxahlıq, humanistlik nümunəsidir. Onun xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüşləri, onlara mənəvi güc verməklə, həm də hər birimizdə mərhəmət hissini oyadır, onu alovlandırır. O fidanlara göstərdiyi nəvaziş, xoş təbəssüm bəzən solğun, mənasız görünən həyatı daha maraqlı edir. Özlərini kimsəsiz, atılmış, gərəksiz sayan o fidanlar dünyamıza günəş kimi doğan bu təbəssümlərdən müsbət enerji alaraq yaşayırlar. Məhz bu səbəbdəndir ki, ulu öndərin mərhəmət, nəciblik, yüksək humanizmə əsaslanan saf ideallarının daşıyıcısı olan Heydər Əliyev Fondu milyonların ümid, pənah yerinə çevrilib.

Heydər Əliyev Fondu Vətən müharibəsindəki qələbədən, torpaqlarımızın işğaldan azad edilməsindən sonra öz fəaliyyət istiqamətini bir az da genişləndirib. Belə ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2020-ci il dekabrın 8-də Fondun işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını bəyan edib. Bununla da Fond tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini göstərir. Mehriban Əliyevanın təşəbbüsü, göstərişi ilə regionda icrasına başlanılan layihəyə yerli mütəxəssislərlə yanaşı, Avstriya, Böyük Britaniya, Bolqarıstan, İtaliya, Latviya, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdən də ekspertlər cəlb edilib. Layihəyə əsasən artıq bir sıra mədəniyyət abidələri bərpa edilib, Almaniyadan gəlmiş bərpaçı mütəxəssislər Ağdamın Cümə, Qiyaslı və Şuşanın Yuxarı Gövhər Ağa və Aşağı Gövhər Ağa, Saatlı məscidlərində bərpa işlərini yüksək səviyyədə həyata keçiriblər. Hazırda bu işlər davam etdirilir.

Heydər Əliyev Fondunun 20 yaşı tamam olur. Bu illərdə Fond böyük işlər görüb, xalq arasında, ölkə xaricində nüfuz qazanıb. Təbii ki, bu uğurların qazanılmasında Mehriban xanım Əliyevanın xidmətləri böyükdür. O, öz ətrafında bu işlərə can yandıran bir komanda yarada bilib ki, bu da Fondun qarşıya qoyduğu məqsədinə çatmasında əvəzsiz rol oynayır. Mehriban xanım Əliyeva deyir: "Mənim üçün insanlarla işləmək bacarığı, sənin baxışlarını prinsipcə bölüşən, sənin ardınca getməyə hazır olan həmfikirlər komandası yaratmaq bacarığı daha vacibdir. Çünki onlar anlayırlar ki, sənin işlərin xeyirxahlığa yönəlib...".

İnanırıq ki, Heydər Əliyev Fondu öz prinsiplərinə sadiq qalaraq bundan sonra da uğurla fəaliyyət göstərəcək, hər kəsin mərhəmət və ümid ünvanı olaraq qalaca olaraq qalacaq...

Nurəngiz Adilqızı,

Lider-media.az.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi