lider-media.az

Əziz Şuşa, sən azadsan!..

Tarix: 9-05-2024, 14:57

Əziz Şuşa, sən azadsan!

Şuşanın Dövlət Bayrağı Günü ərəfəsində azad olunması diqqət çəkən məqamlardandır. Müqəddəs bayrağımız öz tarixinin yəqin ki, ən şərəfli gününü yaşayır, indi o Şuşada qürurla dalğalanır və əbədi dalğalanacaq! Çünki Şuşanın azad olunması ilə, şəhidlərimizin intiqamı alındı.

“Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur”. Ümummilli lider Heydər Əliyev Şuşanın ölkəmiz üçün dəyərini bu sözlərlə ifadə etmişdir. Prezident İlham Əliyevin bildirdiyi kimi: Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.

Ulu öndərimizin dediyi kimi, doğrudan da Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur. Bunu 30 ilə yaxın çəkən ayrılıq da göstərdi. Yuxularımızda gördük, Şuşa həsrəti ilə bu dünyadan köçənlərin yasını tutduq. Nə yaxşı ki, tarixi ədalət deyilən bir şey varmış. İllərlə mədəniyyətindən, mənəviyyatından, gözəlliyindən uzaq düşdüyümüz Şuşamız qayıtdı bizə, Qarabağımıza qovuşduq. Dövlət başçısı Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətinə əməl edərək, “Qarabağ Azərbaycandır” şüarı altında səni geri qaytardı, gözəl Şuşa. Və bir gün sənə xitabən çox böyük fəxrlə: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” - bəyan etdi. Bu gün gözəl Şuşamızda Azərbaycan Ordusunun addım səsləri eşidilir. Bir müddət sonra Şuşaya dönüş başlayacaq. Bütün bunları düşündükcə iftixar və qürur duyuram: “Qoynuna qayıdırıq, Şuşa! Gəlirik səni qoxlamağa, xarıbülbül. Dönürük gözəlliyinə tamaşa etməyə, Topxana! Qayıdırıq suyundan içməyə, İsa bulağı! Gəlirik üzərində at çapmağa, yarışlar, xarıbülbül festivalları keçirməyə, Cıdır düzü”.

Qeyd edək ki, Şuşa qalası uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olmuşdur. Şuşa qalasının salınması 1750-1751-ci illərdən hesab edilir. Tarixi mənbələrə görə, 1750-ci ildə hündür, sıldırım dağ üstündə qalanın inşasına başlanılmış və 1756-1757-ci illərdə tikilib başa çatdırılmışdır. Qarabağ xanı Pənahəli xan Şuşanı paytaxt elan edib oranı möhkəmləndirmiş, Qala-şəhərə çevirmişdi. Şəhər bir müddət Pənahəli xanın şərəfinə “Pənahabad”, sonradan isə “Şuşa qalası” və “Şuşa” adlandırılmışdır. Tarixi mənbələrdə Şuşanın hətta XIII əsrdə də Azərbaycanın məşhur şəhərlərindən biri olması haqqında faktlar vardır. Bütün bunlar Şuşanın hələ çox qədimdən mövcud olması barədə fikir söyləməyə əsas verir.

Şuşanın dağları başı dumanlı,

Qırmızı qoftalı yaşıl tumanlı,

Dərdindən ölməyə çoxdu gümanım.

Ecazkar səsi ilə Xan Şuşinskinin ifasında nə qədər dinləmişik bu mahnını. Bəlkə də bu mahnını o zamanlar dinləyərkən heç ağlımızdan keçməzdi ki, bir vaxt həqiqətən də Şuşa dağlarının başını duman alacaq. Çox təəssüf ki, bu oldu. Ölkəmizin mədəniyyət beşiyi olan Şuşa yağı düşmənin tapdağı altında qaldı.

1992-ci il mayın 8-də Ermənistan silahlı ordusunun hücumları nəticəsində Azərbaycanın dilbər guşəsi, Qarabağın gözəllik simvolu, 24900 əhalisi olan Şuşa işğal olundu. Yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil oldu. İşğal nəticəsində Şuşadakı bir sıra mədəniyyət abidələri düşmən tərəfindən talan, tarixi abidələr məhv edildi.

Alınmaz qala olan Şuşanın işğalı ilə bağlı müxtəlif fikirlər səslənsə də bir məsələ aydındır ki, bu qədim şəhər xəyanətin qurbanı oldu. Şuşa işğal altına düşəndə bizim əsas problemimiz həm də güclü ordumuzun olmaması idi, rəhbərlik öz vəzifə borcunu yerinə yetirə bilmirdi. Beynəlxalq müstəvidə Azərbaycan demək olar ki, bütün ölkələrlə münasibətləri gərginləşdirmişdi. Ölkə sözün əsl mənasında təcrid edilmiş vəziyyətdə idi. Bu gün isə Azərbaycan dövləti ən etibarlı əllərdədir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş hərtərəfli inkişaf strategiyası dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə yeni səviyyəyə çıxarılmışdır. Ordu quruculuğu isə həmin strateji kursun önəmli hissəsini təşkil edir. Təsadüfi deyil ki, Şuşanın alınması əməliyyatı müasir dünya hərb sənətinin dərsliklərinə salınması və öyrənilməsi vacib olan əməliyyat idi...

Dəniz səviyyəsindən 1400-1800 metr yüksəklikdə olan, alınmaz qala sayılan Şuşaya xüsusi təyinatlılarımız gecə saatlarında, Daşaltı kəndi və Qəribəli kəndi tərəfindəki meşəlikdən daxil olublar. Düşmənin 4 postunu məhv edəndən sonra Köhnə Qalanı və “Türmə”ni ələ keçirən əsgərlərimiz düşmənin hücumlarını dəf edərək şəhərdəki mövqelərini genişləndirməyə başlayıblar. Şəhərin yanındakı xüsusi təyinatlı qruplar isə Xankəndi – Şuşa yolunu nəzarətə götürmüşdülər. Noyabrın 3-dən 4-nə keçən gecə şəhərin qayalıqlarını dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olan xüsusi təyinatlılarımız zirehli texnikasız, topsuz, aviasiyasız 2 gün döyüşdülər. Noyabrın 6-da axşam saatlarında ordumuzun motoatıcı hissələri ölüm yağışı altında əlbəyaxa gedən döyüşlərə özlərini çatdırdılar. Çünki orada nə səngər, nə istehkam, nə top, nə tank, nə də minaatan var idi. Olanları avtomat, tapança, əlqumbaraları, pulemyot və bıçaqlar idi. Ən böyük silahları isə Vətən təşnəsi, Yurd sevgisi və bir də kamuflyaj formanın sol döş cibində olan Azərbaycan bayrağı idi. Nəhayət, gərgin gedən döyüşlərdən bir neçə gün sonra Ermənistan məğlubiyyətini qəbul etdi və Azərbaycan müharibədə qələbə qazandı.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev noyabrın 8-də Azərbaycan xalqına müraciətində Şuşa şəhərinin erməni işğalından azad edildiyini bəyan edərək dedi: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ Bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!”.

Azərbaycan xalqı bəlkə də son bir əsrdə bu qədər sevinc, qürur yaşamamışdı, bayrağa bu qədər sevgi bəsləməmişdi. Bu tarixi müjdəyə sevinən xalqımız Azərbaycanın bütün şəhər və bölgələrində üçrəngli bayrağımızı dalğalandıraraq bir daha Bayrağımıza, qələbəmizə olan sevgilərini böyük coşqu ilə nümayiş etdirdilər. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olundu.

Bəli, 8 may 1992-ci tarixində Ermənistan ordusu tərəfindən işğal olunan Şuşamız. 8 noyabr 2020-ci il tarixində Azərbaycanın müzəffər, şanlı ordusunun vətən uğrunda apardığı müharibədə zəfər çalaraq qələbəsi nəticəsində işğaldan azad edildi. İnanırıq ki, 8 may tarixində qətlə yetirilən şuşalıların və bu torpağın azad olunması uğrunda canından keçən şəhidlərimizin ruhu sevinir indi. Ruhunuz daima şad olsun! Qisasınız alındı! Qarabağ Azərbaycandır!

Bu gün işğaldan azad olunmuş bütün ərazilərdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən genişmiqyaslı yenidənqurma, bərpa və quruculuq işləri uğurla aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. "Böyük Qayıdış"a dair 1-ci Dövlət Proqramının icrası çərçivəsində tezliklə Şuşadan olan məcburi köçkünlərin də doğma şəhərə qayıdışı başlanacaq.

Bəli, yenə qonaqlı-qaralı Cıdır düzü igidlərin məskəninə çevriləcək, doğmalarının nəfəsinə həsrət qalan xarıbülbül əsrarəngiz gözəlliyi ilə hamını valeh edəcək. Bütün bunlar üçün torpaqlarımızın azad olunması uğrunda canından keçən şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyir, Ali Baş Komandanımıza sonsuz təşəkkürlərimizi bildiririk.

Nurəngiz ADİLQIZI.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi