Şuşa özünün əvvəlki şöhrətinə qovuşur
Qədim tarixə malik Şuşa şəhəri Qarabağın baş taçı, Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsr şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçib, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynayıb. Ulu öndər Heydər Əliyev Şuşanın Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olduğunu bildirərkən deyib: “...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.
Şuşa bir çox mənbələrdə “Şişə” kimi yazılır və adlanır. Bu da qalanın şüşə kimi təmiz və parlaq olması ehtimalına gəlir. Şuşanın “Şişə” şəklində ifadəsi 1795-1797-ci illərdə İranda şahlıq edən Ağa Məhəmməd Şah Qacarın (1742-1797) Şuşaya hücumu zamanı Qarabağ xanı İbrahim xana göndərdiyi və xalq arasında uzun zaman rəvayətləşən bir məktubunda ifadə edilmişdir Şah Qacar İbrahim xana yazmışdı: “Fələyin mancanağından bəla daşları yağır. Sənsə əbləhcəsinə Şişə içində qərar tutmusan”. İbrahim xanın vəziri Molla Pənah Vaqif (1717-1797) isə məktubu belə cavablandırır: “Məni qoruyan mənim Tanrımdırsa, Şişəni daş içərisində də qoruyar”.
Bəli, bu şəhəri qurub yaradanlar əsirlər boyu onu qoruyub saxladı. Təssüf ki, ötən əsrin sonlarında 1992-ci il mayın 8-də bu gözəl diyar ermənilər tərəfindən işğal edildi və bu işğal 28 il davam etdi. Ölkəmiz qalib gəlsə də geridə dağıdılmış şəhərlər, insan tələfatı, şikəst edilmiş ömürlər qaldı.
Erməni vandalları işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan etdilər, yüzlərlə tarixi-mədəniyyət abidəsini dağıtdılar, məbədgah və məscidləri təhqirlərə məruz qoydular, çox sayda nadir əlyazma nümunəsini məhv etdilər, təhsil və səhiyyə ocaqlarını xarabazara döndərdilər. Bununla yanaşı, işğala qədər Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə var idi. Bunların içərisində son tunc və ilk dəmir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş qutusu qəbirləri, daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə dair Şuşa qalasının divarları, Gəncə qapısı, Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsri, Xan sarayı və karvansaray, Molla Pənah Vaqifin məqbərəsi və türbəsi, Yuxarı məscid mədrəsəsi, Hacıqulların malikanəsi, ikimərtəbəli karvansaray, Mehmandarovların malikanə kompleksi, Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli məscidləri, Xurşudbanu Natəvanın evi və bulağı, Əbdürrəhim bəy Haqverdiyevin, Qasım bəy Zakirin, Mir Möhsün Nəvvabın, Süleyman Sani Axundovun, Nəcəf bəy Vəzirovun, Yusif Vəzir Çəmənzəminlinin evləri, Mamay bəyin evi, məscidi və bulağı, Behbudovların, Fərəməzovların, Zöhrabbəyovun, Bəhmən Mirzənin evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri, Xan Şuşinskinin, Tarzən Sadıqçanın evləri, Realnı məktəbinin binası, Qız məktəbi, Şirin su hamamı, Meydan bulağı, İsa bulağı və s. Tarixi mədəniyyət nümunəsi erməni işğalçıları tərəfindən talan edilib, dağıdılıb və məhv edilib.
Nəhayət 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarımız, o cümlədən Şuşa şəhəri erməni işğalından azad olundu. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu bununla da tarix yazdı. 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində Şuşanın işğaldan azad olunması müjdəsini verərək dedi: “Əziz Şuşa biz səni dirçəldəcəyik”. Qələbədən ötən 3 il ərzində görülən işlər isə onu göstərir ki, Şuşa həqiqitən dirçəlir.
Bu gün dövlət başçısı ölkə həyatında ən vacib əlamətdar günləri, ən önəmli tarixləri məhz Şuşada qeyd edir. Azərbaycan Prezidenti İlham Əliyev Şuşanın xalqımız üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq yanvarın 5-də Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında Sərəncam imzaladı. Sərəncamda qeyd olunur: “Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunan Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır”.
Hazırda dövlətimiz tərəfindən qədim abidələrlə zəngin olan Azərbaycanın mədəniyyət paytaxtı, dilbər guşəmiz Şuşada bərpa işləri uğurla davam etdirilir. Xan şəhəri Şuşanın bir sıra tarixi binaları, yaşayış məntəqələri, abidələri restavrasiya olunub. Görülən işlər şəhərin tarixi simasının bərpa edilməsi məqsədilə, onun orijinal memarlıq üslubuna uyğun olaraq gerçəkləşdirilir.
İndi dünyanın müxtəlif yerlərində gedən iqtisadi proseslər, çətinliklər, böhranlara baxmayaraq ağır müharibədən çıxmış ölkə kimi Azərbaycan işğaldan azad edilmiş torpaqlarda üç il ərzində geniş miqyaslı quruculuq işləri aparır. Bütün bu işlərin də maliyyə mənbəyi Azərbaycan büdcəsidir. Bu isə o deməkdir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlıdır.
Bu gün Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərimizə hər səfəri yeni müəssisələrin təməlqoyma mərasimləri, bəzilərinin isə açılışı ilə yadda qalır. Bunlardan əsasən Şuşada dahi Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin və böyük müğənni Bülbülün ev-muzeyinin bərpadan sonra açılışını, Üzeyir Hacıbəylinin heykəlinin və “Qarabağ” hotelinin açılışını, Şuşada “Otel və Konfrans Mərkəzi”nin və şəhərdə yeni salınacaq yaşayış massivinin təməlqoyma tədbirlərini qeyd etmək olar.
İşğal zamanı dağıdılmış və məhv edilmiş müqəddəs ünvanlardan biri də Yuxarı Gövhər ağa məscidi olmuşdur. Erməni vandalları tərəfindən məscidin interyeri məhv edilmiş, minarələrinin dekoru zədələnmiş, örtükləri dağıdılmışdı. Qəbul edilmiş layihələrə əsasən, Heydər Əliyev Fondunun rəhbərliyi və “Paşa Holdinq”in maliyyə dəstəyi ilə məsciddə geniş bərpa işləri aparılıb, ötən ilin may ayında istifadəyə verilib.
Dövlətimizin başçısı Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edib. Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin, korifey sənətkarımız Bülbülün və xan qızı Natəvanın abidələri Şuşa şəhərində bərpa olundu. Vaxtilə işğal altında olan bu abidələr düşmən tərəfindən güllələnmişdi. Bu abidələr Bakıya gətirilərək erməni vandalizminin nümunəsi kimi xarici qonaqlara nümayiş etdirilirdi. Bu gün isə həmin abidələr məxsus olduqları Şuşaya qaytarıldı. Heydər Əliyev Fondu tərəfindən Molla Pənah Vaqifin məqbərəsi və büstü təmir olunub, məscidlərimizin, dini abidələrimizin bərpası istiqamətində işlər davam etdirilir.
“Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir”. Ali Baş Komandan İlham Əliyevin çıxışı zamanı səsləndirdiyi bu fikirlər onun rəhbərliyi və müvafiq tapşırıqları ilə görülən işlər sayəsində artıq reallığa çevrilib. Vaqif Poeziya günləri ədəbiyyatsevərləri, Şuşa sevdalılarını bir yerə topladı, Xarıbülbül Beynəlxalq Musiqi Festivalında ürəkləri riqqətə gətirən “Qarabağ şikəstəsi” bir çox xalqların musiqi nömrələrinə qarışıb, dumanla, çənlə dünyaya yayıldı.
Ötən il iyunun 1-də Şuşada keçirilən Uşaqların Beynəlxalq Müdafiə Günündə “Heydər Əliyev – türk dünyası birliyinin böyük carçısı” adlı beynəlxalq uşaq rəqs festivalı da maraqla qarşılandı, onun iştirakçılarının yaddaşına xoş məqamlarıyla yazıldı. Türükdilli dövlətlərin gənc nəsli də Şuşanın füsunkar gözəlliyini gözlərinə çəkib özləri ilə apardılar.
Bəli, bu gün Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə doğma Şuşamız özünün əvvəlki şöhrətinə qovuşur, nəinki regionun, dünyanın ən gözəl məkanlarından birinə çevrilir. Yenə İsa bulağı, Cıdır düzü öz rəngarəng məclisləri ilə göz oxşayır.
Lider-medi.az