ABŞ-ın nüfuzlu Vaşinqton Universitetinin nümayəndə heyəti Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin fəaliyyəti ilə tanış olub
“ADA” Universiteti və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi arasında 12 may 2022-ci il tarixdə imzalanmış birgə əməkdaşlıq haqqında memorandum tələbələrin prokurorluq orqanlarında təcrübə keçməsi, birgə elmi konfransların, dəyirmi masaların və görüşlərin keçirilməsi, hüquq tətbiqi fəaliyyətdə daha çox rast gəlinən problemlərin həlli məqsədilə birgə elmi-praktiki araşdırmaların aparılması və sair məsələlər üzrə geniş və səmərəli əməkdaşlığı əhatə edir. Mayın 8-də “ADA” Universiteti ilə tərəfdaş münasibətləri olan ABŞ-ın nüfuzlu Vaşinqton Universitetinin professor və müəllimlərinin daxil olduğu geniş nümayəndə heyəti, habelə “ADA” Universitetinin nümayəndələri Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə Mərkəzi ziyarət etmişlər. İlkin olaraq qonaqlar Baş Prokurorluğun inzibati binalar kompleksi, o cümlədən Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya, mühazirə, praktiki məşğələlər və iclas zalları, kitabxana, kriminalistika və istintaq otaqları ilə tanış olmuşlar. Daha sonra qonaqlar üçün Elm-Tədris Mərkəzinin şöbə rəisi Əmir Ocaqverdiyev, böyük prokuroru Nigar Əskərova və baş məsləhətçisi İlkanə Qasımova tərəfindən “Prokurorluq orqanlarının strukturu və fəaliyyət istiqamətləri”, “Azərbaycanda prokurorların peşə hazırlığı” və “Prokurorluq orqanlarında dövlət qulluqçularının statusu və fəaliyyət prinsipləri” mövzularında ingilis dilində təqdimatlar edilmişdir. Daha sonra qonaqları maraqlandıran mövzular üzrə faydalı fikir mübadiləsi aparılmışdır.
Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə ölkəmizin aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində tədbirlər davam etdirilir. 
