Milli Qəhrəmanımızın doğum günüdür
Qədiməliyev Arif Maasif oğlu
Vətən o zaman müqəddəsləşir ki, cəsur oğulları dar anında onu qoruyub, torpaq, yurd uğrunda mənfur düşmənə qarşı mərdliklə vuruşur. Onlar bu yolda lazım gəldikdə şəhadət şərbətini içməkdən belə çəkinmirlər. Belə oğullarımızın cəsarəti ilə torpaq Vətən olub səcdəgaha çevrilir. Elə Arif Qədiməliyev də vətənə göz dikən düşməni, yurdumuzun müstəqilliyinə uzanan qara əlləri məhv etmək üçün fədakarlıq edən qəhrəman oğullardan biri idi. 1975-ci il iyulun 13-də Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olmuşdu. 1992-ci ildə burada kənd orta məktəbini bitirmiş və Nəvai adına kolxozda çalışmışdı. Arif 1993-cü ildə Milli Ordu sıralarına çağırılmış, Qusarda və Sumqayıtda hərbi təlim keçmişdi. 1994-cü il yanvarın 18-də Qarabağ bölgəsinə cəbhəyə göndərilmişdi. Xidmət etdiyi hərbi hissənin tərkibində Füzuli, Kəlbəcər, Murovdağ uğrunda gedən döyüşlərdə fəal iştirak edərək Ağdərə, Tərtər bölgələrində ağır döyüşlərdə rəşadət göstərmişdı. A.Qədiməliyev 1995-ci il martın 17-də dövlət çevrilişinə cəhdin qarşısını alarkən həlak olub.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Qədiməliyev Arif Maasif oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Dağ Kəsəmən kəndində dəfn olunub. Ağstafa şəhərində büstü qoyulub. Adına mədəniyyət evi var.