MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının İcraçı katibi Yuri Nikolayeviç Jdanov ölkəmizdə işgüzar səfərdədir
MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının İcraçı katibi Yuri Nikolayeviç Jdanov ölkəmizə işgüzar səfər edib. Səfər çərçivəsində Azərbaycan Respublikasının Baş prokuroru ilə cənab Yuri Jdanov arasında görüş baş tutub. Görüşdə qarşılıqlı maraq doğuran bır sıra məsələlər, o cümlədən MDB çərçivəsində prokurorluq orqanları arasında əməkdaşlığın gücləndirilməsi, cinayətkarlıqla mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində təcrübə mübadiləsinin önəmi müzakirə olunub. Həmçinin təşkilatın fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Baş prokuror Kamran Əliyev MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurasının fəaliyyətinin yüksək qiymətləndirdiyini ifadə edərək, qurumun bütün MDB məkanında hüquqi əməkdaşlığın inkişafında oynadığı rolu vurğulayıb. Eyni zamanda, qonağa Azərbaycan Prokurorluğunda son illər ərzində aparılan islahatlar, struktur dəyişiklikləri və yeni yaradılmış Kibertəhlükəsizlik şöbəsi barədə ətraflı məlumat verilib. Bundan başqa görüş çərçivəsində MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının yaradılmasının 30 illiyi münasibətilə yubiley tədbirlərinin təşkili və cari ilin oktyabr ayında Tacikistanda keçiriləcək Şuranın 35-ci iclasına hazırlıq məsələləri müzakirə edilib. Səmimi qəbula görə təşəkkürünü bildirən Yuri Jdanov, Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovun salamlarını çatdıraraq, Azərbaycan Respublikası ilə hüquqi sahədə əməkdaşlığın möhkəmləndirilməsinə böyük önəm verdiklərini qeyd edib. O, Azərbaycanın təşkilatın fəaliyyətində fəal iştirakını və verdiyi töhfələri yüksək dəyərləndirib. Cənab Jdanov MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurası tərəfindən son dövrlər həyata keçirilən layihələr və tədbirlər haqqında ətraflı məlumat verərək, Şura nəzdində Kibertəhlükəsizlik Mərkəzinin təsis olunduğunu bildirib. O, Azərbaycan Baş Prokurorluğunun nümayəndə heyətini həmin mərkəzin fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə təlim səfərinə dəvət edib. Daha sonra Şuranın İcraçı katibi Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub. Muzeydə ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunan guşə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin fəaliyyəti, onun rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsinə həsr olunmuş bölmə, eləcə də Azərbaycan Prokurorluğunun tarixi və eksponatlar qonaqda zəngin təəssürat oyadıb.