Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov “Son zəng” tədbirində iştirak edib
Bu gün ölkəmizdə 2024-2025-ci tədris ilinin başa çatması münasibətilə bütün ümumtəhsil müəssisələrində “Son zəng” çalınıb. Bu münasibətlə Şirvan şəhərinin 14 ümumtəhsil müəssisəsində “Son zəng” tədbirləri təntənəli şəkildə qeyd edilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 21 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, xalqımızın Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 11 illik təhsil pilləsini başa vuran şəhərimizin bütün məzunlarını “Son zəng” münasibətilə təbrik edib, onlara gələcək həyatlarında uğurlar və hansı peşəyə yiyələnməklərindən asılı olmayaraq öz bilik və bacarıqları ilə günbəgün tərəqqi edən ölkəmizin inkişafına töhfələr vermələrini arzulayıb.
Bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda təhsilin inkişafına göstərdiyi yüksək diqqət və qayğı bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd edib ki, son illər qazanılan bütün uğurlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafı ilə bağlı həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasətin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi diqqətinin nəticəsi kimi dəyərləndirilməlidir. Tədbir məktəblilərin hazırladıqları musiqili-bədii çıxışlarla davam edib.
Sonda “Son zəng” çalınıb.