Akademik Siddiqə Məmmədovanın anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun (BMTBETİ) təşkilatçılığı ilə görkəmli alim, akademik Siddiqə Məmmədovanın anadan olmasının 100 illiyinə həsr olunmuş "Bitki mühafizəsi: müasir çağırışlar, problemlər və həlli yolları" mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, kənd təsərrüfatı, biologiya və ekologiya sahəsində fəaliyyət göstərən alimlər, mütəxəssislər, elmi-tədqiqat institutları və ali təhsil müəssisələrinin əməkdaşları iştirak ediblər.
Konfransı giriş sözü ilə BMTBETİ-nin direktoru, professor İbrahim Cəfərov açaraq akademik Siddiqə Məmmədovanın Azərbaycan elminə verdiyi töhfələrdən danışıb. O, xüsusilə bitki mühafizəsi sahəsində apardığı elmi tədqiqatların bu gün də aktual olduğunu və bu sahədə çalışan alimlər üçün mühüm örnək təşkil etdiyini vurğulayıb. İbrahim Cəfərov bitki mühafizəsi və bu sahədə aktual problemlər və onların elmi əsaslarla həll yollarına toxunub. Qeyd edib ki, qlobal iqlim dəyişikliyi, intensiv təsərrüfatçılıq, torpaqların deqradasiyası və zərərvericilərin yeni formalarının yayılması bitki mühafizəsi sahəsində yeni yanaşmalar tələb edir.
AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev akademik Siddiqə Məmmədovanın zəngin elmi irsindən danışıb. Vurğulayıb ki, Siddiqə Məmmədova bitki mühafizəsi sahəsində Azərbaycanın tanınmış alimlərindən biri olmaqla yanaşı, ölkədə bu sahənin elmi əsaslarla inkişafında öncül rol oynamışdır. Fuad Əliyev, həmçinin iqlim dəyişiklikləri, kənd təsərrüfatında yeni patogen və zərərvericilərin yayılması, eləcə də bioloji mübarizə vasitələrinin tətbiqindəki çətinlikləri müasir dövrdə kənd təsərrüfatı sahəsində Azərbaycan elminin qarşısında duran əsas məsələlər kimi qeyd edib. Akademik, bitki mühafizəsində mövcud problemlərin həllində əsas istiqamətlər barədə məlumat verib.
Plenar sessiyada çıxış edən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, elmi-tədqiqat institutlarının rəhbərləri və digər nümayəndələr də öz çıxışlarında akademik Siddiqə Məmmədovanın bitki mühafizəsi sahəsindəki elmi fəaliyyəti barədə danışıblar. Onlar, həmçinin müasir çağırışlar və problemlərin həllinə yönəlik təkliflər səsləndirib, kənd təsərrüfatında dayanıqlı inkişaf üçün strateji yanaşmalar və innovativ texnologiyalar barədə fikirlərini bölüşüblər.
Plenar iclasın sonunda institut tərəfindən akademik Siddiqə Məmmədovanın anadan olmasının 100 illiyinə ithaf olunan, gənc tədqiqatçıların birgə müəllifliyi ilə hazırlanmış “Dənli-taxıl və texniki bitkilərin zərərvericiləri” adlı kitabın təqdimatı keçirilib. Kitabda Azərbaycan şəraitində müşahidə olunan əsas zərərverici növlər, onların biologiyası, təsnifatı və onlara qarşı mübarizə tədbirləri haqqında sistemləşdirilmiş məlumatlar yer alıb. Nəşr mütəxəssislər və alimlər tərəfindən yüksək qiymətləndirilib.
Konfrans plenar iclasdan sonra əvvəlcədən müəyyən edilmiş seksiyalar üzrə fəaliyyətini davam etdirib. Tədbir 12 əsas istiqamət üzrə təşkil olunub. Seksiyalar çərçivəsində kənd təsərrüfatı bitkilərində zərərvericilərin və xəstəliklərin idarə olunması, alaq otları ilə mübarizə, bitki immuniteti və davamlılığı, orqanik əkinçilik, ətraf mühitin qorunması, pambıq sortlarının introduksiyası və toxumçuluğun bərpası kimi aktual mövzular üzrə məruzələr təqdim olunub.
Konfransın sonunda məruzə ilə çıxış edən tədqiqatçılara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, konfrans bölmələr üzrə işini 2 gün davam etdirib.