lider-media.az

AZƏRBAYCAN ÖZÜNÜ İDMAN ÖLKƏSİ KİMİ TƏSDİQLƏYİB

Baxış sayı: 71 Tarix: 25-04-2024, 13:53

  Müasir dövrdə ölkəmizin əldə etdiyi iqtisadi uğurlar siyasi sabitlik, dövlət proqramlarının, irimiqyaslı layihələrin həyata keçirilməsi müxtəlif sahələrdə  əldə edilən nailiyyətlərlə  müşayiət olunur. Sosial-iqtisadi inkişaf sahəsində müəyyən olunmuş siyasət respublikamıza uğurlar gətirməklə yanaşı, onun dünya miqyasında imicini də  yüksəldib.

    Ulu öndər Heydər Əliyevin siyasi və iqtisadi kursunu uğurla davam etdirən, ideyalarını gercəkləşdirən  Prezident İlham Əliyevin siyasətinin məntiqi nəticəsi olaraq  ölkənin davamlı iqtisadi inkişafı təmin edilib. Bütün sahələrdə olduğu kimi,  Azərbaycan dünyanın idman arenasında da özünə layiqli yer tutur və beynəlxalq yarışlara ev sahibliyi edir. Ümumilikdə, son illərdə Azərbaycanda 300-dən çox beynəlxalq yarış keçirilib. Dünyanın idman ictimaiyyətinin diqqətini çəkən  ən irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunur. Bütün bu uğurların  nəticəsidir ki, Bakının 2026-cı ildə dünyanın idman paytaxtına namizədliyi irəli sürülüb.

    Xatırladaq ki,  dünya idmanının tarixində ilk dəfə keçirilən I Avropa Oyunlarına ev sahibliyinin Bakıya həvalə edilməsi, böyük etimad Azərbaycana olan inamın nəticəsi idi. Azərbaycan bu oyunların yüksək səviyyədə təşkilini təmin edə bildi. Dünyanın 50 ölkəsinin 6 min idmançısının iştirak etdiyi I Avropa Oyunlarında Azərbaycan təmsilçilərinin 21 qızıl medal qazanması və 21 dəfə Azərbaycan bayrağının yüksəldilməsi, Dövlət Himninin səsləndirilməsi idmana olan qayğının nəticəsi idi. 17 gün çəkən  bu elit oyunlarda xalqımızın tolerantlığı, sülhsevərliyi, qonaqpərvərliyi dünyaya nümayiş etdirildi.

     Paytaxt Bakıda keçirilən  “Formula-1” də  idman tarixində yeni maraqlı səhifə aşdı. Bakı hər zaman olduğu kimi, növbəti tədbirdə də ev sahibi olaraq  yarışı uğurla yekunlaşdırdı.  “Formula-1” in möhtəşəmliyi üçün paytaxtımızda istənilən şərait yaradıldı.  “Formula-1” dünyanın 190 ölkəsində 500 milyondan artıq azarkeş tərəfindən izlənildi. Bu da  dünya ictimaiyyətinə paytaxtımız haqda kifayət qədər məlumat çatdırmaq üçün zəmin yaratdı. Ölkəmizə gələn   “Formula-1” iştirakçıları və qonaqlar bir daha Azərbaycandakı fərqli milli-dini mənsubiyyəti olan icmaların, müxtəlif millətlərin nümayəndələrinin qarşılıqlı əməkdaşlıq və mehriban şəraitdə yaşadığının şahidi oldular. Azərbaycanın  çoxəsrlik tolerant, mehriban birgəyaşam mədəniyyəti və multikultural mühiti ilə dünyaya nümunə olduğunu gördülər.

      “Həmrəylik bizim gücümüzdür” şüarı ilə Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının  Azərbaycanda keçirilməsi də ölkəmizin idman arenasında söz sahibi olduğuna dəlalət edir.  İslam aləminin bir parçası olan Azərbaycan bu oyunları da ən yüksək səviyyədə keçirdi. Azərbaycana gələn hər kəs ölkəmizdə hökm sürən əmin-amanlığı və sabitliyi bir daha gördü.

     7 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdu. Bu, tarixi qələbə idi və 2022-ci ildə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görüldü. Bu, bir daha Azərbaycanın idman sahəsindəki uğurlarını təsdiqləyir. Çünki İslam Həmrəyliyi Olunlarında  böyük rəqabət var idi.                     

      Tarixi Zəfərimizdən  sonra azad edilmiş torpaqlarda dərhal  genişmiqyaslı quruculuq-bərpa işlərinə başlanılıb və o bölgələrdə beynəlxalq idman yarışlarının keçirilməsinin çox böyük rəmzi mənası var. Şuşada beynəlxalq şahmat yarışı, Suqovuşanda, Suqovuşan gölündə beynəlxalq avarçəkmə yarışı, Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış artıq tarixə düşüb.

            Bəli, bu gün Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib.  Bütövlükdə sabitlik, əmin-amanlıq,  təhlükəsizlik hökm sürən ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir.  Dövlət başçısı İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət  Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırmaqla yanaşı, beynəlxalq federasiyaların seçim edərkən məhz ölkəmizə üstünlük verməsini təmin edib. Yəni, Azərbaycan müasir idman və digər infrastruktura, dünya arenalarında böyük uğurlar qazanan idmançılara sahib dövlət kimi seçim zamanı bir addım öndə olur. İnanırıq ki, hər biri  100 ballıq şkala  ilə qiymətləndirilən 12 kateqoriyaya əsasən dünyanın idman paytaxtına namizədliyi irəli sürülən Bakı  bu yüksək ada da layiq görüləcək.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi