AZANS “ATM Awards 2024” beynəlxalq mükafat üzrə yüksək yerə layiq görülüb
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsi hava hərəkətinin idarə edilməsi sahəsində ən nüfuzlu mükafatlardan biri sayılan “ATM Awards 2024” beynəlxalq mükafatının “Collaboration and Community” kateqoriyasında yüksək yerə layiq görülüb.
Bu barədə Lider-media.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu nominasiyada müxtəlif aviasiya sektorunun iştirakçıları arasında əməkdaşlıq vasitəsilə hava hərəkətinin idarə edilməsində dayanıqlı, çevik və effektiv inkişafı təşviq edən layihələr dəyərləndirilir.
AZANS bu uğuru "NATS Green Aviation Insights" (GAIN) layihəsi çərçivəsində əldə edib. NATS (Böyük Britaniya), AZANS (Azərbaycan), CAAM (Malayziya) və "skeyes" (Belçika) kimi aparıcı aeronaviqasiya xidməti təminatçıları ilə birgə həyata keçirilən layihə bu kateqoriyada ikinci yerə layiq görülüb. Birinci yeri isə “Collaboration and Community” nominasiyasında pilotsuz uçuş aparatlarının ümumi hava məkanına inteqrasiyası layihəsi ilə ABŞ-nın Federal Aviasiya İdarəsi (FAA) və NASA qazanıb.
“GAIN layihəsinin yüksək səviyyədə tanınması və FAA ilə NASA-nın təşəbbüsü ilə yanaşı ən yaxşılar arasında yer alması bizim üçün böyük şərəfdir. Bu nailiyyət AZANS-ın hava hərəkətinin idarə edilməsi sahəsində dayanıqlı yanaşmaların inkişafına verdiyi fəal töhfəni nümayiş etdirir və Azərbaycanın qlobal aviasiya arenasındakı mövqeyini daha da möhkəmləndirir. Bütün tərəfdaşları və layihə iştirakçılarını səmimi-qəlbdən təbrik edirik!” — deyə AZANS HHİ-nin direktoru Fərxan Quliyev bildirib.
ATM Awards 2024 mükafatının nəticələri Airspace World 2025 sərgisi çərçivəsində, 13-15 may tarixlərində Portuqaliyanın paytaxtı Lissabon şəhərində açıqlanıb.