Taleyin çox sınaqlarından çıxmışdı. Həyata yenicə göz açar-açmaz qismətinə didərginlik yazılmışdı. Doğulduğu yerlərdə, Arazın o tayında həmin dövrdə hökm sürən aclıq, qıtlıq ucbatından bir çox həmvətənləri kimi, onun da ailəsi dərdli Arazın bu tayına pənah gətirmiş, çətin uşaqlıq, gənclik çağları Gəncə şəhərində keçmişdi. Atasını itirəndə 10 yaşı təzə tamam olmuşdu. Atasız qalsa da, həyatın burulğanlarına sinə gərib, iti zehni, çalışqanlığı ilə əvvəl ibtidai, sonra orta təhsilini uğurla başa vurdu. Şərəfli bir ömür yolunun yolçusu oldu, o yolu zəhmətlə, min bir əziyyətlə, amma son dərəcə ləyaqətlə addımladı, məhsuldar yazıçı, dəyərli alim, həmişə sevilən bir müəllim ömrü yaşadı. Təmizlik, sadəlik mücəssəməsi olan bu böyük insanla hesablaşdılar, fikirlərinə hörmətlə yanaşdılar. Qətiyyətli arqumentlərlə mübahisəli məsələlərə son nöqtəni qoymağı bacardı, zəngin mənəviyyatı, ağayana davranışı, ziyalı ləyaqətilə yetirmələrinə, müasirlərinə nümunə oldu, fəaliyyətilə sözün əsl mənasında bir həyat məktəbi yaratdı. Sadəliyinə, təvazökarlığına, xeyirxahlığına görə onu hamı sevdi.
XX əsrin əvvəllərində geniş vüsət alan ictimai-siyasi, mənəvi-mədəni və ideoloji proseslərdə xüsusi rol oynayan, öndə gedərək xalqa doğru yol göstərmək missiyasını böyük bir məsuliyyətlə yerinə yetirən ziyalılardan biri Mir Cəlal Paşayevin doğum günündən 117 il ötür...
"12 il bundan əvvəl sərin bir may axşamında Avropanın mərkəzində böyük şəhərin ərşə çəkilmiş uca binaları arasında kitab tonqalı qalandı. Yaraşıqlı geyinmiş, cəld və gözüqanlı adamlar odun başına fırlanır, maşınların daşıyıb gətirdiyi cild-cild əsərləri alovun ağzına verirdilər. Əsrlər boyu insan övladının yaratdığı parlaq fikir və yüksək hiss ifadə edən nə varsa, hamısı oda atılırdı. Tonqal böyüdü. Alov əjdaha kimi nərə çəkdi. Onun zəhərli ağzından çıxan acı tüstü qaranlıq girdabı kimi uzanaraq göylərə yüksəldi, şəhərləri, ölkələri bürüdü, dünyaya bəla və fəlakət kölgəsi saldı. Cəhənnəm belə tikildi... Bütün xalqlar, bütün səadət əhli günəşlə silahlanaraq, zülmət üstünə hücuma keçdilər. XX əsrin cəhənnəmi, faşizmin təcavüz yuvası, qara və qanlı əsarət sarayı, qan və sümükdən tikilən zülm və zülmət qalası milyon əllərin zərbəsi ilə kökündən dağıdıldı. Cəhənnəm belə uçuruldu!". İkinci Dünya müharibəsində qələmini süngüyə çevirən Azərbaycan ədiblərindən biri Mir Cəlal publisistik məqalələrinin birində faşizmin cinayətlərlə dolu tarixini əfsanəvi cəhənnəm məhfumu ilə bağlayaraq, onun dağıdıcı mahiyyətini məhz belə ifşa edirdi. Müharibə başlayandan yaradıcılıq aləmində özünü kifayət qədər tanıdan Mir Cəlal "məişət romantikası" deyilən mövzulardan uzaqlaşaraq günün vacib tələblərinə cavab verən əsərlər yazıb-yaradırdı. Onun "Vətən yaraları" hekayəsinin baş qəhrəmanı, düşmənin alqana boyadığı sovet əsgəri ağır yaraların verdiyi əzabdan usanmır, əksinə, ikinci ömür istəyir, çünki vətənin dərdlərinə çarə etmək, çətin günlərində ona dayaq olub ağır yaralarını sağaltmaq arzusundadır. Öz qəhrəmanının yaralarını vətənin köksünə vurulmuş yaralar kimi təsvir edən Mir Cəlalın bu hekayədə yaratdığı ümumiləşdirmə isə uğurlu və təsirlidir...
Yazıya müharibə mövzusu ilə başlamağımız, xüsusilə faşizmlə mübarizəni ön plana çəkməyimiz heç də təsadüfi deyil. Çünki ədibin söylədiyi fikirlər bu gün üçün də aktualdır: "Cəhənnəm belə uçuruldu!", - deyən müəllif alman faşizmi üzərində qələbənin əhəmiyyətini göstərmək istəyib. Əslində isə faşizmin kökü tam kəsilməyib, o, bu gün də yaşayır. Xalqımıza min cür müsibətlər yaşadan erməni faşizminin timsalında. Dövlət başçısı İlham Əliyevin dediyi kimi: "Erməni faşizmi - faşizmin ən yüksək nöqtəsidir". Bütün dünya üçün təhdid olan erməni faşizminə qarşı Mir Cəlalın dediyi kimi: "bütün xalqlar, bütün səadət əhli günəşlə silahlanaraq" mübarizə aparmalı, zülmün, zülmətin qalasını kökündən dağıtmalıdır...
UNESCO-nun Baş konfransının 34-cü sessiyası görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramı çərçivəsində 2008-2009-cu illərdə yazıçı Mir Cəlalın da 100 illik yubileyinin rəsmi qeyd olunması ilə bağlı qərar qəbul etmişdi. Bu münasibətlə Azərbaycan Prezidentinin imzaladığı 2008-ci il 31 yanvar tarixli Sərəncamda deyilirdi ki, milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı Mir Cəlal Paşayev Azərbaycan ədəbiyyatının inkişafında və onun məzmunca zənginləşməsində mühüm rol oynayıb. Xalq yaradıcılığı ilə klassik bədii irsin qabaqcıl ənənələrinin vəhdətini yeni formada yaşadıb və ədəbiyyatımızı təzə həyati mövzularla zənginləşdirib.
Görkəmli ədib, alim və müəllim. Mir Cəlal bu üç sahənin hər birində zirvədə dayanan, çoxsahəli fəaliyyətində yüksək nəticələr əldə edən nadir simalardandır. Onun bu uğurlarının mayasında zəhmətlə istedadın vəhdəti dayanırdı.
İlk qələm təcrübələrinə hələ texnikum tələbəsi ikən başlayan Mir Cəlal kiçik hekayə və oçerklərini o dövrün "Qızıl Gəncə", "Gənc işçi", "Hücum" və "Ədəbiyyat cəbhəsində" kimi mətbu orqanlarında çap etdirir, əsərlərində bütün qələm sahiblərini məşğul edən ən başlıca mövzulara müraciət edərək inqilabın Azərbaycana gətirdiyi ab-havanı göstərir, köhnəliklə yenilik arasındakı mübarizənin bədii təsvirini verir, keçmişin acınacaqlı lövhələrlə müqayisəsində yenini təqdir edirdi. "Mirzə", "Sara", "Həkim Cinayətov", "İlk günlər" hekayələrində sovet hakimiyyətinin ilk çağlarında Azərbaycanda gedən mədəni quruculuq işlərindən söhbət açılır. Müəllif kənddəki komsomol özəyinin katibi Cəmil, şura sədri Telli xala, mərkəzdən gəlmiş təhkimçi Tərlan kimi obrazları rəğbətlə təsvir edir, yenilikləri gözü götürməyən hampa Xanlar, cinayətkar həkim Cinayətov, yalnız su bulandırmaqla məşğul olan səviyyəsiz "müəllim" Mirzə Şəfi kimilərini tənqid atəşinə tuturdu. "Mirzə" hekayəsinin epiqrafında: "İki Mirzə Şəfi var. Birisi - bildiyimiz məşhur Mirzə Şəfi, ikincisi - mənim məşhur etmək istədiyim Mirzə Şəfidir", - deyə yazan müəllif xalq maarifi orqanlarının, məktəb müdirlərinin gözünü açır, müəllim şərəfinə ləkə olan bəzi kəmsavad, başabəla "müəllimləri" onlara tanıdır, tərbiyə ocaqlarını belələrindən tezliklə təmizləməyə çağırırdı.
Bir qədər sonra Mir Cəlal həyatı daha dərindən dərk və əks etdirmək üçün nəsrin iri formasında geniş epik lövhələrin təsvirinə ehtiyac duyur və 1934-cü ildə "Dirilən adam" adlı ilk romanını yazır. Onun ardınca "Bir gəncin manifesti" həyata vəsiqə alır. Mir Cəlalın 100 illiyi münasibətilə akademik Bəkir Nəbiyev "Nadir istedad" adlı məqaləsində yazırdı: "Bir gəncin manifesti" Azərbaycan nəsrində vətəndaş müharibəsinə həsr edilmiş romanların ən yaxşılarındandır. Burada yazıçı 1919-1920-ci illərin Gəncə hadisələrini bədii lövhələrlə əks etdirmişdir... "Bir gəncin manifesti"ndə yazıçı ictimai ədalətsizliyə qarşı öz gənc qəhrəmanlarının birliyini qoymuşdur. "Manifest" bədii xüsusiyyətləri ilə Mir Cəlalın ən qüvvətli əsərlərindən biridir". Əsərin "Dirilən adam" romanı ilə müqayisəsini aparan Bəkir müəllim göstərir ki, "Dirilən adam"dakı yoxsul, hüquqsuz, əzilən, məzlum kəndli əvəzinə "Manifest"in səhifələrində ictimai zülmə etiraz edən kəndlilər, coşub dalğalanan xalq qəzəbi, yeni qüvvələrin qələbəsilə bitən gərgin mübarizə işıqlandırılır. Mərdan, Sona, Bahar obrazları yalnız bir ailənin üzvləri deyil, xalqımıza məxsus ən nəcib hiss və duyğuları, alicənablığı, işığa, azadlığa olan qüvvətli meyilləri təcəssüm etdirən bədii obrazlardır. Müəllif bu obrazların daxili aləminə vararaq onların duyğu və düşüncə tərzlərini göz önündə canlandırır, nakam taleli Baharın faciəsini haqsızlığın qurbanı olan gənclərin ümumi faciəsi kimi təqdim edir. Tənqidçi Məsud Əlioğlu "Bir gəncin manifesti", yaxud "Göz yaşı romanı" adlı məqaləsində haqlı olaraq bu faciəni böyük ürək ağrısı ilə xalqın faciəsi kimi göstərirdi: "...onun adı Bahardırsa da, həyatı tutqun və şaxtalı bir qışdır. Baharın adı ilə həyatı arasında böyük bir təzad var. Dünyaya göz açdığı gündən ehtiyac və iztirabdan savayı heç nə görməyən Bahar elə ehtiyac və iztirab içində də son dəfə həyata gözünü yumur".
Maraqlısı budur ki, Mir Cəlal İkinci Dünya müharibəsi dövründə bir hekayəçi kimi daha çox fəallaşır və satiraya geniş yer verir. "Yollar", "Qardaş qanı", "Boz adam", "Atlı", "Şahin və Sona", "Odlu mahnılar" hekayələri mübariz ruhu ilə seçilir. O dövrün maraqlı satirik əsərlərindən olan "Çubçik" hekayəsində faşist Almaniyasında "yüksək" cəmiyyəti bürüyən qorxaqlığı, onun doğurduğu yaltaqlığı, alman baronlarının mənəvi pozğunluğunu kəskin satira atəşinə tutur. Ümumiyyətlə, Mir Cəlalın o zamankı əsərləri üçün ifşaçı satira və yumor əsas keyfiyyətlər idi ki, bunlar da xalq müdrikliyindən, hazırcavablığından irəli gəlirdi.
Bütün yaradıcılığı boyu sevə-sevə müraciət etdiyi hekayə janrında yaratdığı nümunələrlə oxucuların qəlbinə yol tapan Mir Cəlalın üslubu özünəməxsus idi. O, sadə, aydın, anlaşıqlı dildə yazır, az sözlə bitkin lövhə yaradır, kiçik dialoqlarla böyük mənalar ifadə edirdi. Şirin yumorla yoğurduğu hekayələr bizi güldürür, güldürdüyü qədər də düşündürür. Təxminən əlli illik bədii yaradıcılığında öz oxucuları ilə həmişə səmimi dialoq quran Mir Cəlal həyatı elə olduğu kimi, şən və qüssəli tərəflərilə canlandırır. Bəlkə də elə buna görədir ki, o, ötən əsrin 30-40-cı illərindən etibarən Azərbaycan bədii nəsrinin ən çox oxunan, bəyənilən və təqdir edilən sənətkarlarından biri olmuşdur.
Bilik və elm təşnəsi olan gənc yazıçı 1928-ci ildə Gəncə müəllimlər seminariyasını bitirdikdən sonra ibtidai məktəbdə müəllimlik fəaliyyətinə başlayır, qısa zamanda direktor vəzifəsinə irəli çəkilir. O, 1930-cu ildə Tatarıstana gedir, Qazan şəhərində Dövlət Universitetinin dil və ədəbiyyat fakültəsində təhsil alır və ali məktəbdə dərs vermək hüququ qazanır. 1935-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasını bitirir, bir müddət SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında işləyir, namizədlik dissertasiyası yazır. 1940-cı ildə Azərbaycan Dövlət Universitetinin Elmi Şurasında müvəffəqiyyətlə "Füzulinin poetik xüsusiyyətləri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alır. 1947-ci ildə isə "Azərbaycanda ədəbi məktəblər (1905-1917-ci illər)" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir və bir il sonra ona professor elmi dərəcəsi verilir.
"Füzulinin poetik xüsusiyyətləri" adlı monoqrafiya üzərində 5 il çalışan Mir Cəlal Füzuli möcüzəsinin sirlərini açmaq, onun sənətkarlıq incəliklərini geniş təhlil etməklə Azərbaycanda ilk füzulişünas olmaq missiyasını da üzərinə götürür. Bu gənc, istedadlı alim Füzuli yaradıcılığının şah damarı olan poetikasının sirlərini, yaratdığı poetik möcüzələri zərgər dəqiqliyilə açmağa müvəffəq olur. Sonradan qələmə aldığı "Füzulinin sənətkarlığı" kitabı da "Füzulinin poetik xüsusiyyətləri" monoqrafiyası kimi Azərbaycan füzulişünaslığının əsas sütunlarından birini təşkil edir. Professor Qara Namazov yazır: "Mir Cəlalın "Füzulinin sənətkarlığı" monoqrafiyası Füzuli ədəbi irsini öyrənmək, mənimsəmək və dərk etmək üçün elmi açardır".
Mir Cəlal müəllim "Azərbaycanda ədəbi məktəblər (1905-1917-ci illər)" adlı doktorluq dissertasiyasında ilk böyük tədqiqat obyektindən təqribən dörd əsrlik bir zaman ayrıcında duran aktual problemə müraciət etmiş, XX əsrin ilk illərində baş vermiş son dərəcə mürəkkəb, bəzən də ziddiyyətli ictimai-siyasi hadisələrlə zəngin olan, deyilənləri bu və ya digər formada əks etdirən ədəbi prosesin təhlilini vermişdir. Bu monoqrafiyada ilk dəfə olaraq C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, M.Hadi, A.Səhhət, A.Şaiq, Ə.Nəzmi, Ə.Qəmküsar, M.S.Ordubadi, S.Mənsur və digər qələm sahiblərinin yaradıcılığını sistem halında araşdırıb təhlil etmişdir. Ümumiyyətlə, ədibin yaradıcılığında zamanın aktual problemlərini əks etdirən hekayələr kimi, ədəbi-tənqidi məqalələr, yeni kitablar haqqında rəylər də əsas istiqamət olaraq qalırdı. Onun "Ədəbiyyatımızda romantizm" adlı ilk elmi məqaləsi 1928-1929-cu illərdə "Maarif yolu" jurnalında, S.Vurğuna həsr etdiyi "Özünü yenidənqurma yollarında" adlı məqaləsi isə 1932-ci ildə "Hücum" jurnalında dərc olunmuş, sonralar M.S.Ordubadi, C.Cabbarlı, S.Rüstəm, S.Rəhimov, M.Dilbazi, O.Sarıvəlli, Ə.Əbülhəsən, Ə.Məmmədxanlı, N.Rəfibəyli və M.Hüseynin yaradıcılığı, onların ayrı-ayrı kitabları haqqında bir sıra maraqlı məqalə və rəylər nəşr etdirmişdir. Onun rus klassikləri haqqında məqalələri ədəbiyyatımızın elmimizin mövzuca zənginləşməsində böyük rol oynayıb. Alim öz elmi, tənqidi, publisist məqalələrini sovetlərin ideoloji qadağalarının tüğyan etdiyi mürəkkəb və ziddiyyətli bir şəraitdə yazırdı. Bu elə bir dövr idi ki, qanunsuzluq timsalı olan senzorlar akademik Bəkir Nəbiyevin ədibin öz üslubuna uyğun tərzdə söylədiyi kimi "öküzü durquzub altından bala tapırdılar". Belə bir mühitdə isə istədiyin, düşündüyün kimi, yazmaq böyük cəsarət tələb edirdi. Təsadüfi deyil ki, özündə bu cəsarəti tapanlar hədəfə götürülür, həbs edilir, sürgünə göndərilir, öldürülürdülər. Mir Cəlal isə son dərəcə ehtiyatla davranıb, nə yazıbsa haqqı söyləyib, heç kəsə qara yaxmayıb, adının dünənki yazıçı dostları əleyhinə qırmızı yalana bükülmüş məqalələr çap etdirən müəlliflərin qara siyahısına düşməsinə əsas yaratmayıb. Təmiz adını qoruyub.
Xalq yazıçısı Elçin də Mir Cəlalın 2006-cı ildə çapdan çıxmış "Biblioqrafiya"sına yazdığı "Sadəlik və müdriklik" adlı ön sözdə vaxtilə dövri mətbuatda şəxsən özünün apardığı araşdırmalar əsasında bunu bir daha təsdiqləmişdir.
Oxucuların böyük məhəbbətini qazanmış alim, yazıçı, sanballı tədqiqatlar müəllifi Mir Cəlal yarım əsrdən artıq bir müddətdə yorulmaq bilmədən ibtidai, orta, ali məktəblərdə böyük şövqlə dərs demiş, müəllimlər ordusu yetişdirmişdir. 1961-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri vəzifəsində çalışmış, Kamal Talıbzadə, Bəxtiyar Vahabzadə, Əziz Mirəhmədov, Vaqif Vəliyev, Firidun Hüseynov, Cəlal Abdullayev, Təhsin Mütəllimov, Xalid Əlimirzəyev, Elçin Əfəndiyev, Nəriman Həsənzadə və başqalarının elmi rəhbəri, məsləhətçisi olmuş, onların bir çoxunun qolundan tutub auditoriyaya aparmış, dərs demələri üçün kafedra müdiri kimi onlara xeyir-dua vermişdir. Öz tələbələrinə qarşı son dərəcə tələbkar olan Mir Cəlal o qədər də həssas və qayğıkeş müəllim idi. Sayseçmə yetirmələrinə həmişə etibar edir, etimad göstərir, elmi fəaliyyətə başladıqları ilk dövrdə onları bir növ sınağa çəkirdi. Bəzən tələbələri ilə birgə həmmüəllif olaraq kitablar da nəşr etdirirdi. Məsələn, hələ 1967-ci ildə o, istedadlı tələbələrindən biri olan Firidun Hüseynovla birlikdə "XX əsr Azərbaycan ədəbiyyatı" dərsliyini, bundan üç il sonra yenə də tələbələrindən biri, tanınmış tənqidçi Pənah Xəlilovla birlikdə "Ədəbiyyatşünaslığın əsasları" kitabının çapına nail olmuşdu. Onu da qeyd edək ki, bu əsərlərin hər ikisi zamanın sınaqlarından çıxaraq bir neçə dəfə kütləvi tirajla təkrar nəşr olunmuşdu. Mir Cəlal müəllim özünün məşhur "XX əsr Azərbaycan ədəbiyyatı" kitabının redaktorluğunu isə başqa bir tələbəsi Bəkir Nəbiyevə etibar etmişdi. Akademik Bəkir Nəbiyev 2008-ci ildə qələmə aldığı "Nadir istedad" adlı məqaləsində bununla bağlı yazır: "...Bir halda ki, söhbət bu məqama yetdi, böyük iftixar duyğusu ilə etiraf edirəm ki, 1967-1968-ci illərdə "Gənclik" nəşriyyatında buraxılmış dörd sanballı cilddən ibarət seçilmiş əsərlərinə müqəddimə yazmağı da möhtərəm müəllimim yenə də mənə həvalə etmişdi".
Ümumiyyətlə, pedaqoji fəaliyyətini ömrünün ən yaddaqalan və mənalı illəri hesab edən Mir Cəlal müəllim bu adı da şərəflə daşıdı, illər uzunu çalışdığı Azərbaycan Dövlət Universitetinin nüfuzlu professoru, tələbələrinin, həmkarlarının yaddaşında xeyirxah və qayğıkeş müəllim kimi qaldı.
İndi 50 ildən artıq bir dövrdə söz aləmində duruş gətirə, hərdənbir ürəyə yatan yazılar yazdığıma, bu yazılarımda səmimiyyəti qoruyub saxlaya bildiyimə görə Mir Cəlal kimi müəllimlərimə minnətdaram. Ancaq nə qədər mütaliə etsəm, onun təbirincə desək, "ciblərimə nə qədər bol söz ehtiyatı" yığsam da, yenə də Mir Cəlal müəllimi olduğu kimi təqdim etməyə yetmir. O, böyükdən də böyükdür!..
Zümrüd QURBANQIZI,