26 Aprel - Azərbaycanın görkəmli yazıçısı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir
Müəllimlər müəllimi MİR CƏLAL
"Mir Cəlal bütün qəlbi ilə xalqa bağlı yazıçıdır. Onun əsərlərində xalqımızın nəcib ruhu duyulmaqdadır. Mir Cəlal, ilk növbədə, kiçik və çox adi görünən bir hadisədən böyük ictimai nəticələr çıxarmağı bacaran sənətkarlardandır. O, həyatın dərin qatlarına nüfuz edə bilmək iqtidarına malikdir. O, heç bir zaman gurultu, təntənə uydurmur". "Ədəbiyyat və incəsənət" qəzetinin 1958-ci il 26 aprel tarixli nömrəsində İlyas Əfəndiyevin Mir Cəlal müəllimin 50 illiyi münasibətilə yazdığı məqalədən götürülmüş həmin sözlər müəllimlər müəlliminin, böyük insanın möhtəşəm portretinə vurulmuş ən gözəl ştrixlərdir. Elə ilk andaca bu fikirlərin qarşılıqlı hörmətə söykənən mehriban bir münasibətdən doğduğunu anlayır və düşünürsən: İlk baxışda müxtəlif xarakterli adam təsiri bağışlayan bu iki şəxsiyyətin arasındakı bağlılığın səbəbi görəsən nədir? Axı, Mir Cəlal müəllim son dərəcə sakit, təmkinli (biz tələbələri onu bu cəhətinə görə daha çox sevirdik), İlyas Əfəndiyev isə həddindən artıq emosional, bəzən hətta impulsiv idi. Elə bu sualın cavabını da Xalq yazıçısı Elçinin "Sadəlik və müdriklik" (Müəllim haqqında söz) adlı yazısında tapırıq. Müəllif yazır: "...yəqin arada zahirən görünəndən qat-qat artıq daxili (görünməyən!) hiss-həyəcan, əqidə və amal yaxınlığı var idi... Xalqa belə bir bağlılıq, xalqın ruhunu ifadə etmək istəyi (və bacarığı!) insanlar arasındakı dediyim həmin daxili yaxınlıq da az rol oynamır... Mir Cəlal müəllimi ilk dəfə nə zaman gördüyüm yadıma gəlmir, amma onu bir müəllim, bir professor kimi kəşf etdiyim gün dəqiq yadımdadır və heç zaman da yadımdan çıxmayacaq: 1 sentyabr 1960-cı il".
Mir Cəlalı bir müəllim kimi kəşf etmək xoşbəxtliyi isə bu yazının müəllifinə Elçin müəllimdən düz 16 il sonra, 1976-cı il sentyabrın 1-də Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin birinci kursunda oxumağa başladığım ilk dərs günündə nəsib oldu. Bizə dərs dediyi illərdə onun həm də sözün həqiqi mənasında böyük insan olduğunu duydum, gördüm və belə bir müəllimin tələbəsi olmağımla fəxr etdim.
Mir Cəlalın tələbəsi olmuş Xeyrulla Əliyev müəllimi haqqında xatirələrində qeyd edirdi ki, Mir Cəlal müəllim çox sadə danışırdı və mən onun mühazirəsini yazmağa ehtiyac duymurdum, eyni zamanda elə fikirlər söyləyirdi ki, onları yazmaya bilmirdim. Mir Cəlal müəllimin fikrincə, hər yazıçıdan jurnalist olmaz, yaxşı jurnalist isə yazıçı ola bilər. O, tələbələri yaradıcılığa ruhlandırırdı. Biz onun dərslərini səbirsizliklə gözləyirdik.
Sadəliyi, təvazökarlığı, xeyirxahlığı və digər xüsusiyyətlərinə görə hamının sevimlisi olan Mir Cəlal həm də XX əsr Azərbaycan nəsrinin yükünü çiyinlərində daşıyan görkəmli yazıçı, tədqiqatçı alim idi. Əlli illik bədii yaradıcılığı dövründə o, həmişə oxucuları ilə səmimi oldu, onlarla obyektiv bir dialoq qurmağa çalışdı, həyatı elə olduğu kimi şən və qüssəli tərəfləri ilə canlandırmağı bacardı. Bəlkə də elə buna görədir ki, sovet dövründə yazdığı əsərlər bu gün də eyni maraq və həvəslə oxunur, köhnəlmir, təzədir, aktualdır.
Görkəmli ədib Azərbaycan nəsrinə S.Rəhimov, M.İbrahimov, Əbülhəsən, S.Rəhman kimi nəhəng sənətkarlarla birgə daxil olmuş, özünəməxsus, orijinal yaradıcılıq siması, sənətkarlıq xüsusiyyətləri ilə seçilmiş, sevilmişdi. Sənətkarın "Sağlam yollarda", "Boy", "Dirilən adam", "Bostan oğrusu", "Gözün aydın", "Polad necə bərkidi", "Bir gəncin manifesti", "Açıq kitab" kimi hekayə və romanları Azərbaycan bədii ədəbiyyatı, elmi sferası xəzinəsinin bəzəyidir.
Akademik Məmməd Arif ədibin yaradıcılığının 30 illiyi münasibətilə yazmışdır: "Bir yazıçı kimi Mir Cəlal hər şeydən əvvəl Azərbaycan nəsrinin ən gözəl ənənələrinə əsaslanır. Nahaq deyil ki, C.Məmmədquluzadə və Ə.Haqverdiyev onun ən çox sevdiyi yazıçılardır. Bu ədiblərin çox dəqiq və həssas realizmi, xalq həyatı ilə sıx əlaqəsi, yüksək demokratizmi, sadə dili, incə yumoru və eyni zamanda sərt satirası Mir Cəlalı bir nasir kimi dərindən maraqlandırır. Biz Mir Cəlalın əsərlərində milli nəsrimizin ən yaxşı nailiyyətlərini hiss edirik".
"Mir Cəlalın qəhrəmanları olduqca təbii, inandırıcı, koloritli danışırlar". Bunu da akademik Məmməd Arif deyir. Yaratdığı obrazlar da təbiiliyi, sadəliyilə seçilir. Yaradıcılığının zirvəsi sayılan "Bir gəncin manifesti" povestinin baş qəhrəmanı, maddi sıxıntı içərisində boğulan bir kənd qadınının illərlə toxuduğu, gözünün nuru, qəlbinin sevgisilə bir-birinə bağladığı ilmələrinin hər birində tarix yaşayan xalçanı əcnəbiyə satmaq fikrindən daşınması, "İtə ataram, yada satmaram", - deyib qürurunu qoruması Sonanı hamının gözündə ucaldır. Sona Azərbaycan qadınının mərdlik simvolu kimi sevilir.
"Yaşıdlarım", "Təzə şəhər", "Yolumuz hayanadır" və s. onun çoxşaxəli, zəngin bədii yaradıcılığının seçilən əsərləridir. Məhz bu bədii nümunələrlə tanışlıqdan sonra onun böyük, nəhəng romantik bir yazıçı olduğu qənaətinə gəlirsən. Ancaq Mir Cəlal həm də kiçik yazıların böyük müəllifidir. "Həkim Cinayətov", "Mərifət dərsi", "Mərkəz adamı", "Təzə toyun nəzakət qaydaları", "Anket Anketov", "Şapalaq" və s. digər hekayələri təkcə Azərbaycan ədəbiyyatının deyil, dünya ədəbiyatının klassik miniatür hekayə nümunələridir. Ədibin böyüklüyü ondadır ki, o, mövzunu həyatdan götürür, ilk baxışda adi görünən əhvalatı, çox incə bir yumor, kəskin satirik çalarlarla təqdim etməyi bacarır. Oxucusunu indiyə qədər dünya ədəbiyyatında rast gəlmədiyi situasiyalarla qarşılaşdırır, onu təəccübləndirir, heyrətləndirir.
Bəli, akademik Nərgiz Paşayevanın dediyi kimi: "Mir Cəlal deyəndə hər şeydən əvvəl, gözəl romanlar və hekayələr müəllifi olan ədib təsəvvürümüzdə canlanmış olur. Çünki o, xalqımızın bədii yaddaşında ictimai tariximizin, xalq taleyinin mühüm problemlərini təhlil edən, həyat və tarix haqqında xalqı ilə ürəkdən, səmimi dərdləşə bilən, onunla sevinc və dərd şəriki olan ustad sənətkar kimi silinməz izlər buraxmışdır". Bütün bunların fonunda o, həm də alimdir. Onun "Azərbaycan ədəbiyyatı tarixi" kitabına yazdığı elmi oçerklər, "XX əsr Azərbaycan ədəbiyyatı", "Ədəbiyyatşünaslığın əsasları" kitabları nadir elmi nümunələr kimi dəyərlidir. Məhəmməd Füzuli ədəbi irsinə həsr etdiyi silsilə tədqiqat materialları, "Füzulinin poetik xüsusiyyətləri" və "Füzulinin sənətkarlığı" kitabları füzulişünaslığın əsas sütunlarından olmaqla həm də onun yorulmaz tədqiqatçı olduğunu təsdiqləyir.
Pedaqoji, elmi və bədii yaradıcılıq kimi üç sahənin hər birində ayrıca zirvə fəth edən Mir Cəlal böyük insan, həqiqət, düzlük, səmimiyyət aşiqi idi, insanlıq üçün lazım olan ən saf xüsusiyyətlər qəlbinin nurundan qor almışdı...