Ərdoğandan Bakı Enerji Həftəsinin iştirakçılarına müraciət

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxtımızda keçirilən Bakı Enerji Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb. Müraciəti Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar oxuyub.
Ərdoğan müraciətində bildirib ki, regionda baş verən hadisələr Azərbaycanla enerji sahəsində atılan addımların nə qədər düzgün və uzaqgörən olduğunu bir daha nümayiş etdirir. O qeyd edib ki, bir vaxtlar region üçün xəyal hesab olunan meqalayihələr Azərbaycanla birlikdə uğurla həyata keçirilib və bu istiqamətdə əməkdaşlıq davam etdirilir.
“Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP boru kəməri layihələrini xüsusi qeyd etmək olar. Eyni zamanda “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələri çərçivəsində əməkdaşlıq daha da dərinləşib”, - Türkiyə lideri bildirib.
Ərdoğan “Şəfəq-Asiman” yatağı üzrə yeni tərəfdaşlığın Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın fasiləsizliyinin növbəti sübutu olduğunu qeyd edib.
“Ötən il istifadəyə verilən Iğdır-Naxçıvan qaz kəməri Naxçıvanın enerji təchizatının təhlükəsizliyini daha da möhkəmləndirib. Türkiyə ilə Azərbaycan arasında elektrik enerjisi bağlantıları strateji əhəmiyyət daşımağa davam edir. Ümid edirik ki, Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında “Yaşıl Elektrik Enerjisinin Ötürülməsi və Ticarəti” layihəsinin həyata keçirilməsi regionumuzun enerji təhlükəsizliyinə mühüm töhfə verəcək”, - dövlət başçısı bildirib.
Türkiyə Prezidenti eyni zamanda Ankara ilə Bakının birgə təşəbbüsü nəticəsində Suriyaya qaz tədarükünün başlanmasının da bu ölkənin inkişafına və regional təhlükəsizliyə mühüm töhfə verdiyini söyləyib: “Türkmən qazının Azərbaycan və Türkiyə üzərindən ixracı istiqamətində əməkdaşlığımızı genişləndirmək üçün böyük imkanlar mövcuddur. Eyni zamanda, Qazaxıstanın təbii ehtiyatlarının Qərb bazarlarına çatdırılmasında Bakı-Tbilisi-Ceyhan boru xəttindən istifadənin artdığını müşahidə edirik”.
Ərdoğan qeyd edib ki, Türkiyə bərpaolunan və yaşıl enerji də daxil olmaqla, enerji sektorunun bütün istiqamətlərində səmərəlilik və ətraf mühitə hörmət prinsiplərini əsas götürən bir baxışa sahibdir: “Qlobal iqlim fəaliyyətində aparıcı və nümunəvi ölkələrdən biri olma qətiyyətimizi, bu il 9-20 noyabr tarixlərində Antalyada ev sahibliyi edəcəyimiz COP31 Sammiti ilə möhkəmləndirəcəyik. Bu düşüncələrlə Bakı Enerji Həftəsinin ölkələrimiz və regionumuz üçün faydalı olmasını arzu edirəm”.