lider-media.az

İşğaldan azad edilmiş ərazilərdə torpaqların sakinlərə icarəyə verilməsi ilə bağlı görüşlər keçirilib

Baxış: 1105 Tarix: Сегодня, 17:08

Mayın 19-22-də işğaldan azad edilmiş ərazilərdə torpaqların sakinlərə icarəyə verilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Xocalı, Ağdərə, Zəngilan və Cəbrayıl rayonlarına səfər edib.

Səfər zamanı Xankəndi şəhərində, həmçinin Ağdərə, Xocalı, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin əməkdaşları ilə görüşlər keçirilib. Görüşlərdə torpaqların icarəyə verilməsi prosesinin təşkili, mövcud vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub.

Nümayəndə heyəti Xocalı rayonunun Təzəbinə və Xanabad, Ağdərə rayonunun Suqovuşan, həmçinin Zəngilan rayonunun Ağalı və Cəbrayıl rayonunun Horovlu kəndlərində sakinlərlə də görüşlər keçirib. Görüşlərdə torpaqların icarəyə verilməsi mexanizmi, müraciət və seçim prosedurları, eləcə də vətəndaşların prosesdə iştirak imkanları barədə ətraflı məlumat təqdim olunub. Eyni zamanda sakinlər işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı, torpaq resurslarından səmərəli istifadə və dayanıqlı məşğulluğun təmin edilməsi istiqamətində görülən işlər barədə məlumatlandırılıblar. Torpaq sahələrindən istifadə, təsərrüfat fəaliyyətinin təşkili və dövlət dəstəyi mexanizmləri ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşlər zamanı təqdimatlar keçirilib, sakinlərin sualları cavablandırılıb və təklifləri qeydə alınıb.

Daha sonra Cəbrayıl şəhərində sakinlərlə kiçik ailə bağçalarının (Allotment gardening) təşkili modeli üzrə görüş keçirilib.

Səfər çərçivəsində Ağdərə rayonunun Həsənriz kəndində fəaliyyət göstərən üç kooperativlə torpaqların icarəyə verilməsi ilə bağlı müqavilələr imzalanıb.

Qeyd edək ki, Cəbrayılın Horovlu, Xocalının Xanabad və Təzəbinə, Ağdərənin Suqovuşan kəndlərində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi ilə müraciətlərin qəbulu davam edir. Horovlu, Xanabad, Təzəbinə və Suqovuşan kəndlərində yaşayan sakinlərdən müraciətlərin qəbulu prosesi iyunun 5-i günün sonunadək davam edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi