



Biləsuvar Şəhər Texniki Fənlər Təmayüllü Məktəb-liseydə keçirilən tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, Qərbi Azərbaycan icmasının idarə heyətinin sədr müavini Mahirə Hüseynova, Elm və Təhsil Nazirliyinin əməkdaşları Rövsən Ağayev, Hilal Salmanov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasının müdiri,filologiya elmləri doktoru, professor Könül Səmədova, Qərbi Azərbaycan İcmasının Biləsuvar rayonu üzrə nümayəndəsi Rəfiqə Cəfərova, Şirvan Salyan Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyəti Sektorunun müdiri Mahir Zahidov, Biləsuvar rayonu üzrə Təhsil Sektorunun müdiri Müşfiq Dadaşov, Texniki Fənlər Təmayüllü Məktəb-liseyin direktoru Mehman Əliyev, liseyin bir qrup tarix müəllimi və X- XI sinif şagirdləri iştirak edib.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən
Qərbi Azərbaycan icmasının idarə heyətinin sədr müavini Mahirə Hüseynova Qərbi Azərbaycan İcmasının fəaliyyəti, qarşıya qoyulan əsas məqsədlər və hədəflər, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın tarixi hüquqlarının bərpası, eləcə də onların hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova çıxış edərək dövlətimizin Qərbi Azərbaycan məsələsinə göstərdiyi xüsusi diqqət və qayğıdan söz açaraq, bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət Qərbi azərbaycanlıların haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasına geniş imkanlar yaradır.
Çıxışlarda Qərbi Azərbaycan məsələsinin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğu, bu istiqamətdə həyata keçirilən fəaliyyətlərin əhəmiyyəti qeyd edilərək, icma ilə əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb.
Görüş müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, təklif və fikirlər dinlənilib.