18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.
Bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədilə müxtəlif tədbirlər, sərgilər təşkil edilir.
İnsanın yaratdığı abidələr, yaşadığı yerlər zahirən dilsiz olsa da, mövcud durumu ilə bizə çox şey söyləyir. Abidələrin və tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir. Təkcə XX əsrdə baş vermiş iki dünya müharibəsi nəticəsində nə qədər dağıntılar olub. Hazırda dünyada minlərlə abidə məhv olmaq təhlükəsi ilə üz-üzədir. Bu baxımdan Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis olunması böyük əhəmiyyətə malikdir.
Ölkəmiz dünyada bəşər sivilizasiyasının ilkin meydana gəldiyi ərazilərdən biridir. Arxeoloji qazıntıların nəticələri göstərir ki, Azərbaycanda yaşamış insanların keçdikləri keşməkeşli və şərəfli yollar qədim yaşayış məskənlərində və çoxsaylı abidələrdə öz əksini tapıb. Yaşadığımız dövrə gəlib çatan bu abidələr hazırda çox qiymətli nümunələr kimi qorunur. Ölkəmizin hər yerində yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr mövcuddur. Bütün bunlar xalqımızı torpağa, əcdadlarına bağlayan qırılmaz tellərdir. Azıx mağarasından tapılmış və azıxantrop adlandırılan qədim insanın alt çənə sümüyü Azərbaycanın dünyada ən qədim ibtidai insan məskənlərindən biri olmasını sübut edir. Qobustanda aşkar edilmiş yaşayış məskənləri bu ərazidə ən qədim dövrlərdən insanların məskunlaşdığını təsdiqləyir.
Ölkəmizin ərazisində Manna, daha sonralar cənubda Atropatena dövlətinin yaranması nəticəsində şəhərlər salınıb, müdafiə tikililəri, əzəmətli qala divarları inşa edilib. Qafqaz Albaniyası dövründə şəhərsalma sahəsində mühüm addımlar atılıb. Qəbələ şəhərinin möhkəm qala divarları, saxsı borularla çəkilmiş su kəməri, Dəmirqapı keçidində daşdan tikilmiş müdafiə sistemi, Çıraqqala, Ləkit kəndindəki dairəvi xristian məbədi və digər yerlər şəhərsalma mədəniyyətinin yüksək səviyyəsini göstərir. Ümumiyyətlə, İslamdan əvvəl və sonra ölkəmizin ərazisində qiymətli abidələr inşa olunub. Orta əsrlərə aid abidələr (Möminə Xatun, Qarabağlar, Gülüstan, Bərdə türbələri, Şirvanşahlar sarayı, Şəki xan sarayı, Şuşa şəhərinin abidələri və s.) nəinki Şərq, hətta dünya memarlığının ən gözəl incilərindəndir. Bu məqamda Ulu Öndər Heydər Əliyevin müdrik kəlamlarını qeyd etmək yerinə düşər: “Biz tarixi keçmişimizə nəzər salarkən, ulu babalarımızın yaratdığı və indiyə qədər yaşayan abidələrlə, qalalarla, şəhərlərlə, heykəllərlə, yollarla – yaradılan hər bir şeylə fəxr edir və bunları yaradanları daim xatırlayır, onlara öz minnətdarlığımızı bildiririk”.
Abidələrimizin və tarixi yerlərimizin məhv olmaq təhlükəsi ölkəmizin bəzi bölgələrindən də yan ötməyib. İşğaldan azad edilmiş torpaqlarımızda Ermənistanın hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına dağıdıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 2 avqust tarixli Qərarı ilə təsdiq edilmiş dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında Qobustan qoruğunda 1067 sayda dünya əhəmiyyətli, “İçərişəhər” Tarix-Memarlıq Qoruğunda 3 dünya, 93 ölkə, 2568 yerli əhəmiyyətli, “Qala” Tarix-Etnoqrafiya Qoruğunda 7 ölkə, 234 yerli, “Nardaran” Tarix-Mədəniyyət Qoruğunda 1 dünya, 5 ölkə, 7 yerli, “Atəşgah məbədi” Tarix-Memarlıq Qoruğunda 1 dünya əhəmiyyətli tarixi abidə qeydə alınıb. Son illər ərazidə 1700-dək yeni abidə aşkar olunub. Tariximizin təcəssümü olan bu abidələr turizm baxımından da böyük əhəmiyyət daşıyır.
Tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkə daxilində və xaricində həyata keçirdikləri böyük işlər hər kəs üçün ən gözəl örnəkdir.
“İçərişəhər” memarlıq kompleksi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Qobustandakı muzey isə 2013-cü ildə Avropanın ən yaxşı muzeyləri sırasında olub. Milli mədəni irsin qorunmasını təmin etmək, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” isə görüləcək işlərin istiqamətini dəqiq müəyyən edən qiymətli sənəddir. Bu sənədə daşınmaz tarix-mədəniyyət abidələrinin yeni siyahısının tərtibi, bərpa-konservasiya işlərinə dair normativ sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılması, qoruqların maddi-texniki bazasının gücləndirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafı kimi vacib məsələlər daxil edilib.
Azərbaycan rəhbərliyinin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir.