lider-media.az

    "Öncə Vətəndir!"

Baxış: 65 Tarix: 24-03-2025, 09:11

           

  44 günlük Vətən Müharibəsində igid oğullarımız canını sipər etdi, qanları ilə bu torpağı suladı, qorudu. Vətən müharibəsində xalqımız cəbhədən gələn qələbə xəbərlərini “Eşq olsun Azərbaycan əsgərinə!”, “İgid əsgər, irəli!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Prezident-xalq-ordu birliyi sarsılmazdır” kimi döyüş ruhlu çağırışlarla Ordumuza dəstəklərini ifadə edirdilər.

 "Öncə Vətəndir!" deyən oğullarımız bizi yenilməz etdi. Odur ki, Azərbaycan əsgərinin ən güclü silahı vətənpərvərliyi, Vətən sevgisidi!... Böyük qələbəni yurdumuza qazandıran hər bir əsgər öz qəhrəmanlığını göstərməklə gənc nəsil üçün bir örnək yolu keçib. Onların qəhrəmanlıq yolu hər birimiz üçün mübarizlik məktəbidir. Qalib Azərbaycanın vətənpərvər övladları dünyaya göstərdilər ki, ədalətin bərpa edilməsi yolunda hər cür fədakarlığa hazırdırlar.Ana torpaq, ana Vətən... Bu sözlər çox tez-tez işlənir dilimizdə. Deməli, ana, torpaq, Vətən-hər üçü eyni mənanı, eyni doğmalığı ehtiva edir özündə. Bu səbəbdən də anamız bəzən torpaq, bəzən Vətən olur.

Vətən… Bu kəlmə nə qədər də mənalı və dərindir. Deyilişi şirin olduğu kimi, məzmunu, qayəsi də yüksək və hikmətlidir. Vətən torpağı bizim üçün səcdəgahdır, toxunulmazdır, müqəddəsdir.

Ana Vətənimiz Azərbaycan Cavanşir, Babək, Koroğlu, Mehdi, Qafur, Həzi, Poladlar, Mübarizlər, Fəridlər kini igidlər yurdudur. Bu qəhrəmanlar Vətəmizin azadlığı, xoş həyatı naminə mübarizə aparmış, bu yolda öz canlarını da qurban vermişlər.İnsan qəlbinin ən böyük nəğməsi Vətən nəğməsidir. Sonsuz əngəlliklərə, doğma torpağa dikilmiş bütün məhəbbətli gözlər, hələ beşikdə çırpınan balaca körpələrimizin ürək qəlbləri ancaq bu nəğməni zümzümə edir. Bu nəğməni hərə bir cür oxuyur. Onu döyüş harayi, Koroğlu nərəsi, qılınc zərbəsi ilə də oxuyanlar olub. Bulaq  pıçıltısı, qadın isməti, Nigar vəfası, Həcər sədaqəti ilə oxuyanlar da.

Vətən müharibəsinin ilk günlərindən, hətta müharibənin başlanmasına qədər Azərbaycan cəmiyyətindəki coşqu, insanlarımızın vahid hədəflər uğrunda bir araya gəlməsi milli vəhdətimizin, xalqın sarsılmaz birliyinin təcəssümü idi.  Bu müharibədə həyatını Azərbaycanın ərazi bütövlüyü uğrunda,  haqq-ədalət uğrunda canını qurban vermiş şəhidlərimizin əbədiyyət ömrü bütün nəsillərə örnəkdir. Onların doğulub böyüdüyü məkanlara diqqət yetirsək, Azərbaycanın bütün bölgələrinin, ölkəmizdə yaşayan xalqların şəhadət zirvəsində təmsil olunduğunu görərik. Milli yaddaşımızda qan qardaşı, insanların əhd bağlaması kimi bir inanc var. Nağıllarımızın, dastanlarımızın qəhrəmanları bəzən bu ayini yerinə yetirərək həmişə bir-birinə, ümumi ideallarına, addımladıqları birgə yola sadiq qalacaqlarına and içər və andlarına heç vaxt xilaf çıxmazdılar. Vətən müharibəsi zamanı müxtəlif ailələrdən, evlərdən, obalardan olan şəhidlərimizin Azərbaycan torpaqlarına qarışan qanları ilə bu xalq bir-birinə daha da doğmalaşdı, birliyimiz möhkəmləndi, mətinləşdi. Daha heç kim bu birliyi sarsıda, bizi bərabər irəlilədiyimiz inkişaf yollarından kənar  sala, aramızda təfriqə yarada bilməz.

Bu zəfər günlərində canını torpaqlarımız üçün fəda edən şəhidlərimizi ehtiramla anır, əziz xatirələri önündə baş əyirik. Onların döyüş meydanlarında göstərdikləri qəhrəmanlıqları sayəsində biz bu gün qalib xalqın nümayəndələri kimi qürur hissi yaşayırıq.

Bəli, biz böyük Zəfəri qazandıq. Bu, xalqımızın həyatında insanların taleyini dəyişən, ölkəmizin tarixinə yeni uğur səhifələri yazan Zəfər oldu. Əsrlər keçəcək, nəsillər bir-birini əvəz edəcək, amma böyük qələbəmiz heç zaman unudulmayacaq.Qəhrəmanlıqları ilə dastan yazan Azərbaycan övladlarının Vətən müharibəsindəki igidlikləri  yaddaşlarda əbədi qalacaq.

Ən başlıcası şəhidlərimizin əziz xatirəsi daim anılacaq, onların igidlik hekayələri dillərdə dolaşacaq. Xalqımız, bütün dünya azərbaycanlıları regionda yeni bir reallıq yaradan Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, əsgər və zabitlərimizlə birgə Vətənə bəxş etdiyi tarixi Zəfər ilə hər zaman qürur duyacaqlar. Onlar vətən uğrunda vuruşmuş,  canlarını qurban vermişlər! Eşq olsun belə qəhrəmanlara.

Ölkə rəhbəri hər çıxışında Azərbaycan xalqının Vətən savaşında əldə edilən parlaq qələbədən sonra müzəffər xalq kimi əbədi yaşayacağına, dövlətimizin qalib dövlət kimi tanınacağına əminliyini diqqətə çatdırır və bunun Azərbaycan vətəndaşları, eləcə də xaricdə yaşayan soydaşlarımız üçün böyük xoşbəxtlik olduğunu söyləyir. Eyni zamanda, bu tarixi missiyanı gerçəkləşdirən qəhrəman övladlarımızın tarix, xalq, Vətən qarşısında misilsiz xidmətlər göstərdiklərini qeyd edir: “Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər”.

 Qucağında boy atıb qanadlandığımız ulu, müqəddəs vətənimizdir. İndi Qubadlı, Kəlbəcər, Zəngilan, Füzuli, Cəbrayıl, Ağdam, Laçın, Şuşa bizimdir. O torpaqlarda axan hər şəhid qanı oranı daha da müqəddəsləşdirib. Dörd ildir ki, Qarabağımızda tarixi zəfərlərlə dolu olan üçrəngli Azərbaycan bayrağı dalğalanır. Müzəffər Azərbaycan Ordusu torpaqlarımızda vəzifələrini şərəflə yerinə yetirir. Canınızı qurban verdiyiniz bu torpaqlar indi düşmən tapdağı altında deyil.  Xalq şairi  Musa Yaqubun “Torpaq”şerində deyildiyi kimi;

                                                               Torpaq müqəddəsdir,

                                                               Torpaq müqəddəs,

                                                               Gərək yadımızdan çıxmasın bu dərs

                                                                O, ürək kimidir - satıla bilməz,

                                                                Vətəndi,atadı,anadı torpaq.

 Bəli, torpaq, Vətən anlayışı bizim üçün müqəddəsdir. Bu müqəddəslik bu xalq var olduqca qalacaqdır.


Lider-media.az.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi