lider-media.az

Böyük qələbəni yurdumuza qazandıran hər bir əsgər gənc nəsil üçün böyük örnəkdir

Baxış: 47 Tarix: 2-03-2025, 10:45

 

Azərbaycan!. Qəhrəmanlar yurdu, igidlər məskəni. Neçə-neçə ərənlər yetişdirib bu müqəddəs torpaq, ulu diyar!  Bu yurdun igid, ər oğulları hər zaman Vətənin başı üzərini qara buludlar alanda silaha sarılaraq yadlara-yağılara qarşı böyük mərdliklə vuruşublar. Tariximizin elə bir səhifəsi yoxdur ki, orada Vətən övladlarının böyük qəhrəmanlıq səlnamələrinin şahidi olmayasan.

Güclü iqtisadiyyatı olan ölkənin güclü orduya malik olması onun mövqelərini daha da möhkəmləndirir, gücləndirir, beynəlxalq münasibətlər sistemində yeri və rolunu artırır, milli maraqlarının qorunmasında mühüm rol oynayır. Bu gün ölkəmizin güclü, qüdrətli Ordusu, Qəhrəman Azərbaycan əsgəri  var. Milli Ordumuz hər bir azərbaycanlının qürur mənbəyinə çevrilib.

44 günlük Vətən müharibəsində xalqımız cəbhədən gələn qələbə xəbərlərini “Eşq olsun Azərbaycan əsgərinə!”, “İgid əsgər, irəli!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Prezident-xalq-ordu birliyi sarsılmazdır” kimi döyüş ruhlu çağırışlarla Ordumuza dəstəklərini ifadə edirdilər.

"Öncə Vətəndir!" deyən oğullarımız bizi yenilməz etdi. Odur ki, Azərbaycan əsgərinin ən güclü silahı vətənpərvərliyi, Vətən sevgisidi!... Böyük qələbəni yurdumuza qazandıran hər bir əsgər öz qəhrəmanlığını göstərməklə gənc nəsil üçün bir örnək yolu keçib. Onların qəhrəmanlıq yolu hər birimiz üçün mübarizlik məktəbidir. Qalib Azərbaycanın vətənpərvər övladları dünyaya göstərdilər ki, ədalətin bərpa edilməsi yolunda hər cür fədakarlığa hazırdırlar.

Əsas məqsəd vətənimizin ərazi bütövlüyünün bərpa edilməsi idi və Azərbaycan hərbi qələbəni qazandı. Torpaqlarımız uzun illər sürən  danışıqlar, müzakirə yolu ilə yox, hərbi yolla azad olundu. Azərbaycanın Şanlı Ordusu döyüşərək, qan tökərək, şəhid verərək ədaləti bərpa etdi. Şəhidlərimizin qanı yerdə qalmadı. Düşməndən onların intiqamı elə döyüş meydanında alındı. Azərbaycanın xüsusi təyinatlılarının və digər hərbi birləşmələrinin mərdliyi, qəhrəmanlığı, fədakarlığı sayəsində qısa vaxt ərzində qələbə qazandıq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev  çıxışlarının birində demişdir:” Biz bir daha gücümüzü göstərdik, xalqımızın birliyini göstərdik. Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Bu tarixi missiyanı siz icra etmisiniz - Azərbaycan əsgəri, Azərbaycan giziri, Azərbaycan zabiti icra edib. ...Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir”.

Şuşa uğrunda döyüşlərdə düşmən Azərbaycan əsgərindən daha əlverişli mövqedə olub, daha üstdə qərar tutub, xeyli qabaqcadan tədarük etdiyi hücum və müdafiə qurğularından, sığınacaqlarından yararlanıb. Əsgərimiz çarpışa-çarpışa irəliləyib düşmənlə qarşı-qarşıya dayanıb. Mərd Azərbaycan əsgəri Şuşamızı dişi-dırnağı ilə, addım-addım təmizləyə-təmizləyə fəth edib. Azərbaycan igidləri də Şuşa uğrunda dağlarda məhz od-alov, bir pələng kimi çarpışaraq ki, bu uğura yetməyə müvəffəq olmuşlar.Yaralı, özü də qanı axan, amma cəbhə yoldaşını atıb getməyən, onu da çiyninə alıb sıldırıma dırmanan, qələbəyə, son hədəfə can atan əsgəri olan millət yenilərmi? Belə mərdlər mərdi oğulların var, Azərbaycan!

Sözsüz ki, müharibə itkisiz olmur. Danılmaz faktdır ki, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. İkinci Vətən müharibəsində xarici jurnalistlərdən biri hər iki ölkənin əsgərinə sual verir:  Döyüşdə nə qədər hərbçi itirmisiniz?. Erməni minlərlə əsgər, deyə cavab verir. Üzünü Azərbaycan əsgərinə tutan jurnalist aldığı cavabdan özünü bir anlığa itirir. “Bizdə itki olmadı”. Xarici jurnalist soruşur: Necə yəni olmadı?. Axı qarşı tərəfin minlərlə itkisi var. Azərbaycan əsgəri məğrurla cavab verir: qazimiz oldu, qəhrəmanımız oldu, şəhidimiz oldu, ancaq ölənimiz olmadı. Doğrudan da biz xalqımızın bu müharibədə bir daha qəhrəmanlığının şahidi olduq. Hər dəfə şəhid xəbərini aldıqda hamı bir ağızdan “Vətən sağ olsun!” dedi. 

  Düşmənin öz silah sursatlarını qoyaraq qaçması da onu göstərdi ki, Azərbaycan Ordusu yenilməzdir, fəxarət rəmzidir. Ordu korpusları ərazilərin azad edilməsində və mövqelərin əldə saxlanmasında böyük rol oynadılar. Bundan başqa cəbhə aviasiyası, pilotsuz uçuş aparatları itkilərin minimuma endirilməsində böyük xidmətlər göstərdi. Əlbəttə ki, qalib olmaq üçün bacarıqlı hərbçi olmaq, döyüş taktikalarını, düşmənin nələr düşündüyünü təhlil etmək lazım idi. Peşəkarlıq da elə budur. Düşmənin gözlədiyi yoldan deyil, daha çətin və doğru yolla irəliləmək və sonda qalib olmaq. Azərbaycan Ordusu heç bir çətinllikdən qorxmadı. Sonu ölüm, şəhidlik olsa belə torpaqlarımızı azad etmək, Azərbaycana əsrin qələbəsini qazandırmaq kimi missiyanı çəsarətlə yerinə yetirdi. Bu böyük qələbəni isə dövlət başçımızın dediyi kimi, bizlərə qəhrəman Azərbaycan əsgərləri bəxş etdi. Bu gün əminliklə deyə bilərik ki, Şuşa zəfəri Azərbaycan əsgərinin ən yüksək qəhrəmanlıq nümunəsidir. Bu zəfərə gedən yolda isə minlərlə vətən övladlarının dillərə dastan olacaq çoxsaylı qəhrəmanlıq salnaməsi var. Tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.

   

 Tariximizə şanlı qırx dörd günlük müharibə və ya “Dəmir yumruq” əməliyyatı adı ilə daxil olmuş bu müqəddəs Vətən müharibəsində ordu və xalq Prezidentin ətrafında sıx birləşərək vəhdətləşdi. Vətən torpaqlarının azad olunması uğrunda aparılan bu döyüşlərdə Azərbaycan ordusunun nümayiş etdirdiyi döyüş əzmi və yüksək peşəkarlığı xeyli az itki ilə böyük irəliləyişlərə imza atdı. Düşmənin işğal etdiyi torpaqları azad edən qəhrəman əsgərlərimiz Şanlı Bayrağımızı Suqovuşana, Cəbrayıla, Füzuliyə, Hadruta, Zəngilana, Qubadlıya, Ağdama, Laçına, Kələcərə, Şuşaya  və yüzlərlə kənd və digər yaşayış məntəqələrimizə sancdı. Vətən müharibəsində gənc əsgərlərimizin göstərdiyi çoxsaylı qəhrəmanlıqların təfərrüatlarına hərbi sirr baxımından hələ ki, tam aydınlıq gətirilməyib. Amma əminliklə demək olar ki, Şuşanın işğaldan azad edilməsi əməliyyatı tarixdə əbədi qalacaqdır. Qarabağımızın tacı, döyünən ürəyi olan Şuşa təbii istehkam olduğundan şəhərə tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla qalın meşələrdən, dərin dərələrdən keçərək, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etdi. Şuşanın azad edilməsi Ermənistanın hərbi-siyasi komandanlığını kapitulyasiya məhkum etməklə bərabər, işğal altında olan Laçın, Ağdam və Kəlbəcər rayonlarından da öz işğalçı qoşunlarını döyüşsüz çıxarmağa məcbur etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci ilin noyabrın 8-də xalqımıza Şuşanın azad edilməsi barədə verdiyi müjdə əslində Vətən müharibəsində qazanılmış böyük qələbənin rəsmən elanı idi.

Yaddaşımızda bir çox milli dəyərimizi rəmzləşdirən Şuşa həm də milli birliyimizin, həmrəyliyimizin, Azərbaycanlı olmaq qürurumuzun, Vətənə sevgimizin nümunəsi kimi əbədiləşəcək. Azərbaycan əsgər və zabitlərinin Şuşa qəhrəmanlığı dünyanın aparıcı hərbi məktəblərinin dərsliklərinə yazılacaq bir örnək kimi dildən-dilə dolaşacaq.

 Lider-Media.az

 

                                                                                                           

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi