lider-media.az

 Qələbə və zəfərin təntənəsi

Tarix: 7-11-2024, 09:57

  “Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, böyük xoşbəxtlikdir - hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər”.
                                                                                                   İlham ƏLİYEV
                                                                                          Azərbaycan Respublikasının Prezidenti 

     

Azərbaycan Qəhrəmanlar yurdu, igidlər məskəni. Neçə-neçə ərənlər yetişdirib bu müqəddəs torpaq, ulu diyar!  Bu yurdun igid, ər oğulları hər zaman Vətənin başı üzərini qara buludlar alanda silaha sarılaraq yadlara-yağılara qarşı böyük mərdliklə vuruşublar. Tariximizin elə bir səhifəsi yoxdur ki, orada Vətən övladlarının böyük qəhrəmanlıq səlnamələrinin şahidi olmayasan. Güclü iqtisadiyyatı olan ölkənin güclü orduya malik olması onun mövqelərini daha da möhkəmləndirir, gücləndirir, beynəlxalq münasibətlər sistemində yeri və rolunu artırır, milli maraqlarının qorunmasında mühüm rol oynayır. Bu gün ölkəmizin güclü, qüdrətli Ordusu, Qəhrəman Azərbaycan əsgəri  var. Milli Ordumuz hər bir azərbaycanlının qürur mənbəyinə çevrilib.

     44 günlük Vətən müharibəsində xalqımız cəbhədən gələn qələbə xəbərlərini “Eşq olsun Azərbaycan əsgərinə!”, “İgid əsgər, irəli!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Prezident-xalq-ordu birliyi sarsılmazdır” kimi döyüş ruhlu çağırışlarla Ordumuza dəstəklərini ifadə edirdilər.
    "Öncə Vətəndir!" deyən oğullarımız bizi yenilməz etdi. Odur ki, Azərbaycan əsgərinin ən güclü silahı vətənpərvərliyi, Vətən sevgisidi!... Böyük qələbəni yurdumuza qazandıran hər bir əsgər öz qəhrəmanlığını göstərməklə gənc nəsil üçün bir örnək yolu keçib. Onların qəhrəmanlıq yolu hər birimiz üçün mübarizlik məktəbidir. Qalib Azərbaycanın vətənpərvər övladları dünyaya göstərdilər ki, ədalətin bərpa edilməsi yolunda hər cür fədakarlığa hazırdırlar.
    Əsas məqsəd vətənimizin ərazi bütövlüyünün bərpa edilməsi idi və Azərbaycan hərbi qələbəni qazandı. Torpaqlarımız uzun illər sürən  danışıqlar, müzakirə yolu ilə yox, hərbi yolla azad olundu. Azərbaycanın Şanlı Ordusu döyüşərək, qan tökərək, şəhid verərək ədaləti bərpa etdi. Şəhidlərimizin qanı yerdə qalmadı. Düşməndən onların intiqamı elə döyüş meydanında alındı. Azərbaycanın xüsusi təyinatlılarının və digər hərbi birləşmələrinin mərdliyi, qəhrəmanlığı, fədakarlığı sayəsində qısa vaxt ərzində qələbə qazandıq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev  çıxışlarının birində demişdir:” Biz bir daha gücümüzü göstərdik, xalqımızın birliyini göstərdik. Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Bu tarixi missiyanı siz icra etmisiniz - Azərbaycan əsgəri, Azərbaycan giziri, Azərbaycan zabiti icra edib. ...Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir”.

 

XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür.44 gün sürən hərbi əməliyyatlar nəticəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi iləRəşadətli Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Cəsur Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.

Azərbaycanın apardığı düzgün və ağıllı informasiya siyasəti Qarabağda baş verən həqiqətlərin dünyaya çatdırılmasına imkan verdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 44 gün ərzində dünyanın bütün aparıcı mediasına çoxsaylı müsahibələr verdi. Düşmən tərəfindən maliyyələşdirilən, erməni lobbisinin əlində oyuncağa çevrilən jurnalistlərin ən qərəzli suallarına belə cavab verməkdən yayınmayan cənab Prezident nə dərəcədə hazırlıqlı olduğunu nümayiş etdirməklə yanaşı, Azərbaycanın haqlı olduğunu, işğala məruz qaldığını, beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu sübut edə bildi. Azərbaycanın Ali Baş Komandanının intellektual cavabları ilə müqayisədə isə Paşinyan olduqca miskin durumda görünürdü. Bunu dünyanın aparıcı media nümayəndələri və ekspertlər də etiraf edirlər.Həm hərbi, həm də siyasi cəhətdən məğlub olan Ermənistan artıq ağır siyasi və hərbi böhranla üz-üzə qalmışdır.Azərbaycanın prinsipal mövqeyi qarşısında tab gətirə bilməyən mənfur Ermənistan öz məğlubiyyəti ilə razılaşmalı oldu. Azərbaycan tarixə qızıl hərflərlə şanlı Zəfərini yazmış oldu.

     Zəfərimizin təmin olunmasında ən böyük pay rəşadətli Azərbaycan Ordusuna məxsusdur. Çünki Zəfərimizi qəhrəman vətən oğulları öz qanları hesabbına tarixə yaza bildilər. Neçə-neçə igid oğullarımız sevərək vətən torpaqlarının azadlığı uğrunda “vətən sağ olsun” deyərək öz şirin canlarından keçdilər. Bu   Haqq Savaşımızda qəhrəman Azərbaycan Ordusu üç min nəfərə yaxın hərbçisini şəhid verdi. Şəhidlərimiz bizim əyilmiş qəddimizi dikəltdi. İndi biz dünyanın nəzərində məğrur, qalib xalq kimi tanınırıq. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz yeni bir tarix yazdı.Bu iradə və qətiyyəti isə xalqımıza və ordumuza bəxş edən cənabİlham Əliyevdir.

İndi hər kəs anlayır ki, çağdaş tariximizin dönüş anlarını yaşayırıq, hadisələrin müasiri və iştirakçısı  olduğumuzdan baş verənlərin əzəmətinin, fövqəladiliyinin və tarixi  əhəmiyyətinin mahiyyətini qiymətləndiririk. 44 gün davam edən haqq mübarizəsi sayəsində bütün dünya gördü ki, Azərbaycan milləti bir yumruq kimi birdir. Torpaqlarımızın işğaldan azad olunması əbədiyyən xalqımızın yaddaşında milli Qürur və Zəfər günü kimi yaşayacaqdır.Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev3 dekabr 2020-ci il tarixində  hər il noyabrın 8-i ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi üçün Sərəncam imzalanmışdır.Qalibiyyətli Vətən müharibəmizdən sonra həyatımızda bir çox meyarlar dəyişməlidir və dəyişəcək də. Nəhayət, biz də başımızı ulu əcdadlarımız kimi, tarixi qəhrəmanlarımız kimi dik tutmağı bacardıq və qürurla "Biz böyük xalqıq!" deyə bildik. Milətimiz bu zəfəri bizlərə yaşadan Ali Baş Komandan cənab Prezidentimiz İlham Əliyevə və Qalib Ordumuza ömür boyu minnətdardır.Ulu xalqımızın qələbə əzmi, diplomatiyamızın qəti və prinsipli mövqeyi, ordumuzun müqəddəs xilaskarlıq missiyası Zəfərimizi reallaşdırdı. 

Tarixin bütün zamanlarında olduğu kimi Vətən müharibəsində də qardaş Türkiyə Cumhuriyyətinin maddi və mənəvi dəstəyi hər bir Azərbaycan vətəndaşının qəlbində iftixar hissi ilə qarşılandı. Müharibədən sonrakı yenidənqurma işlərində də türk şirkətləri bizlə bərabər çiyin-çiyinə əmək sərf edirlər. Bu qardaşlığın, dostluğun və müttəfiqliyin təcəssümüdür.Eyni zamanda regionda iki qüdrətli türk dövlətinin söz sahibi olması bütün dünyanı heyrətə gətirir. Azərbaycanın Vətən müharibəsindəki qətiyyətli qələbəsindən sonra ölkəmiz Cənubi Qafqazın söz sahibi olan dövlətinə çevirilmişdir. İstər siyasi, istər hərbi, istərsə də iqtisadi və diplomatik sahələrdə Azərbaycan Respublikası liderdir. İşğaldan azad olunmuş ərazilərimizdə həyat yenidən canlanır, burada infrastruktur layihələri həyata keçirilir. Tezliklə doğma yurd-yuvasından didərgin düşmüş Azərbaycan vətəndaşları öz doğma ata-baba yurdlarına qayıdacaqlar. Dövlətimiz tərəfindən bölgədə yeni-yeni prespektivlər, imkanlar yaradılacaq və sosial həyat yüksək rifah halı ilə davam edəcəkdir. Doğma Qarabağımızda, müqəddəs torpaqlarımızda hər zaman azan səsi ucalacaq, milli musiqimiz olan muğam sədaları eşidiləcəkdir. Tanrı cənab Prezidentimizi, Xalqımızı və Ordumuzu hifz eləsin!

 Lider-Media.az

 

            


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi