lider-media.az

SAĞLAMLIQ HƏYATIN MƏNASIDIR

Tarix: 7-04-2024, 07:53

İnsan həyatını mənalandıran, fəaliyyət və uzunömürlülüyünü şərtləndirən  sağlamlıq mənəvi və fiziki keyfiyyətlərin məcmusudur. Sağlamlıq həyatın mənasıdır. Bunu mütəxəssislər heç də təsadüfi yerə aksiom kimi qəbul etməyiblər.  Çünki cəmiyyətin inkişafında sağlam həyat tərzi mühüm amildir. Ona görə də əhalinin sağlamlığının etibarlı təminatı üçün dövlət büdcəsindən kifayət qədər maliyyə vəsaiti ayrılır. Bununla da səhiyyə sisteminin günün tələbləri baxımından yenidən qurulmasına şərait yaradılır. Ardıcıl və sistemli aparılan tədbirlərin əsas məqsədi də insanların sağlamlığına yüksək səviyyədə nail olmaqdır.

1948-ci il aprelin 7-si Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yarandığı gün Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir.

Səhiyyə təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, dünya əhalisinin sağlamlıqla bağlı problemlərinin həllini vacib sayan BMT-nin ixtisaslaşmış qurumlarından biri də Ümumdünya Səhiyyə Təşkilatıdır (ÜST). Sağlamlığı insan həyatının mühüm amili hesab edən ÜST çalışır ki, dünyanın əşrəfi sayılan varlıqlarda xəstəlik və fiziki qüsur olmasın. Hər bir ölkənin vətəndaşı əlverişli mənəvi və ictimai şəraitdə yaşasın. 200-ə yaxın dövləti özündə birləşdirən ÜST-ün ali məramı dünyanı yüksək saglamlıq həddinə çatdırmaqdan ibarətdır.

XXI əsrdə sağlamlıq geniş sosial təmayüllər baxımından müəyyən edilir. 2050-ci ilədək 80 və ya daha yaşlı insanların sayının təxminən dörd dəfə artaraq 395 milyona çatacağı proqnozlaşdırılır. Qarşıdakı beş il ərzində bəşər tarixində ilk dəfə olaraq 65 və ondan yuxarı yaşlı insanların sayı 5 yaşa qədər olan uşaqlardan çox olacaq.

ÜST-ün Avropa üzrə Regional Ofisinin direktorunun fikrincə, Avropada ömür uzunluğunun artması böyük nailiyyətdir. Lakin uzunömürlülüyün artırılmasına həyat səviyyəsinin yüksəldilməsi ilə nail olunmalıdır.

Respublikamıza gəlincə, burada həyata keçirilən sosialyönümlü inkişaf strategiyası ÜST-ün ötən illər ərzində qarşıya qoyduğu problemlərin həllinə yönəldilib. İnsan amilinin yüksəlişinə xidmət edən islahatlar sayəsində hər bir fərdə maraq və mənafeyini yüksək səviyyədə reallaşdırmaq imkanı verilib. Ölkə vətəndaşlarının etibarlı sosial müdafiəsinin, fiziki-mənəvi sağlamlığının, elmi-intellektual yüksəlişinin təmini dövlət siyasətinin prioritetlərindən birinə çevrilib.

Ölkə rəhbəri İlham Əliyev bazar iqtisadiyyatı şəraitində “sosial dövlət” konsepsiyasına daim üstünlük verərək, bu istiqamətdə atılan bütün addımlarda məhz əhalinin rifahı, sağlamlığı və firavanlığı məsələlərinin ön planda saxlanmasının vacibliyini dəfələrlə vurğulayıb.  BMT-nin İnkişaf Proqramının hesabatında Azərbaycan insan inkişafının yüksək səviyyədə olduğu ölkələr qrupuna daxil edilib. Respublikada aparılan məqsədyönlü siyasət sayəsində ölkə əhalisinin sosial təminatı, sağlam ətraf mühitdə yaşamaq, istirahət, mənzil, təhsil və səhiyyə hüquqlarının etibarlı müdafiəsinə mükəmməl institusional-qanunverici təminat mexanizmləri formalaşdırılıb.

Dövlət başçısı yeni tələblərə cavab verən səhiyyə müəssisələrinin tikilməsi, mövcud tibb ocaqlarının təmiri və yenidən qurulması məqsədilə mühüm əhəmiyyət kəsb edən fərman və sərəncamlar imzalayıb. Onu da deyək ki, ÜST-ün 132-ci sessiyasında Azərbaycan tərəfinin səhiyyə sistemlərinin inkişafında maliyyə vəsaitlərinin bölüşdürülməsi, minilliyin inkişaf məqsədləri, 2015-ci ildən sonrakı layihə və proqramlarla bağlı çıxışı olduqca maraqla qarşılanıb.

Sağlamlıqla bağlı Heydər Əliyev Fondunun reallaşdırdığı səhiyyə layihələrinin əhəmiyyəti də xüsusi qeyd edilməlidir. Əsasən humanitar sahədə dövlət siyasətinin həyata keçirilməsində yaxından iştirak edən, bir sıra beynəlxalq tədbirlərin müəllifi və icraçısı kimi tanınan Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə”, “Diabetli uşaqlara yardım” və s. kimi olduqca mühüm əhəmiyyət daşıyan layihələri böyük rəğbətlə qarşılanıb. Fondun təşəbbüsü ilə inşa olunmuş diaqnostika mərkəzləri, xəstəxanalar, uşaq evləri ölkə səhiyyəsinə böyük töhfədir. Fond nəinki Azərbaycanda, dünyanın müxtəlif regionlarında yaşayan soydaşlarımızın müalicəsi ilə bağlı problemlərinin həllinə fəal şəkildə yardım edir. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Qanın milləti yoxdur!”, “Sağlam olmağını yəqin et, xəstəliyə “yox de!” kimi devizlər altında həyata keçirilən aksiyalar da bura əlavə edilməlidir. Həmin tədbirlər insanların pulsuz müayinəsinə, eləcə də gənc həkimlər arasında təcrübə mübadiləsinin aparılmasına böyük köməkdir.

Əhalinin sağlamlığının təmin olunması xüsusi həssaslığı ilə seçilən elə bir sosial amildir ki, bu sahədə mövcud problemlərin tam aradan qaldırılması üçün bəzən dövlət tərəfindən görülən tədbirlər yetərli olmur. Cəmiyyətin ən müxtəlif təbəqələrinə mənsub insanların şəfa tapması üçün ciddi köməyə ehtiyac yaranır. Bununla bağlı Heydər Əliyev Fondunun həyata keçirdiyi səhiyyə layihələri səhhətindəki problemlər üzündən əziyyət çəkən minlərlə insanı yenidən sağlam həyata qaytarıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ölkə səhiyyəsindəki problemlərin həllinə, tibbi yardıma böyük ehtiyacı olan aztəminatlı vətəndaşlara yüksək diqqət və həssaslıqla yanaşır.

Bu gün qloballaşan dünyada səhiyyə və tibb elmi də inteqrasiya proseslərinə cəlb olunmaqdadır. Dövlət başçısının məqsədyönlü siyasəti sayəsində ölkənin ictimai həyatının bütün sahələri kimi, inkişaf etmiş ölkələrin müsbət təcrübəsindən Azərbaycanda istifadə edilməsi, təbabətin müxtəlif istiqamətləri üzrə konsepsiya və strategiyaların yaradılması, yeni müalicə və diaqnostika metodlarının, eləcə də müasir tibb texnologiyalarının tətbiqi, regional epidemioloji təhlükəsizlik, təbii fəlakətlərin aradan qaldırılması və bir çox digər sahələrin inkişafı üçün beynəlxalq əlaqələrin qurulması mühüm əhəmiyyət kəsb edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi