Rumın professor: Avropa ölkələrində bəzi dairələr Azərbaycana qarşı düşmən mövqe sərgiləyir
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı atdığı addım “Köhnə qitə”də bəzi dairələrin Azərbaycanın müstəqil siyasət yürütməsinə qarşı olmasından xəbər verir.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Rumıniyada geniş auditoriyaya malik “Geopolitika” jurnalının baş redaktoru, politoloq, professor Vasile Simileanu söyləyib.
O bildirib ki, Qarabağ məsələsinin həlli bəzi qüvvələri narahat edir. Azərbaycan dövlətinin apardığı siyasət bu dairələrin Cənubi Qafqazda təsir imkanlarını yox edir. Onlar bununla barışa bilmirlər və ona görə də müxtəlif vasitələr, yollar ilə Azərbaycana təzyiq göstərməyə çalışırlar. Azərbaycanın inkişafı, yeni strateji tərəfdaşlarla əlaqələrin möhkəmləndirilməsi, regionda lider mövqe tutması səbəbindən bu dairələr elə də ciddi təsir gücünə malik olmayan, demokratiya, insan hüquqlarının müdafiəsi adı altında yaranmış AŞPA kimi təşkilatı özlərinin çirkin siyasətlərinə alət edirlər.
Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı atdığı addım Fransa Milli Assambleyasının, Prezident Makronun rəsmi Bakıya qarşı yürütdüyü siyasətin davamıdır. Avropanın bəzi ölkələri də milli maraqlarına və Azərbaycanla münasibətlərinə zidd olaraq bu işdə Fransaya dəstək verir.
“Təsadüfi deyil ki, bütün bunlar yaxın günlərdə Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsində baş verib. Azərbaycan kimi güclü, artıq tam formalaşmış dövlətin getdikcə daha da möhkəmlənəcəyinə və bütün maneələrə baxmayaraq, müəyyənləşdirdiyi yolla uğurla inkişaf edəcəyinə inanıram”, - deyə professor əlavə edib.