İstanbulda ABŞ-dan Türkiyəyə geri qaytarılan 100 tarixi əsərin sərgisi keçirilir




Türkiyə xaricə qanunsuz yollarla aparılmış mədəniyyət nümunələrinin geri qaytarılması istiqamətində mühüm uğurlar əldə edib. İstanbul Arxeologiya Muzeylərində keçirilən tədbirdə mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy ABŞ-dan ölkəyə qaytarılan 100 tarixi əsəri ictimaiyyətə təqdim edib. Tədbir çərçivəsində “Çıxış yolu yoxdur: Boubon” sərgisinin də açılışı olub.
Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq hüquqi və elmi əməkdaşlıq çərçivəsində həyata keçirdiyi tədbirlər nəticəsində Anadolu mənşəli çoxsaylı qiymətli artefaktların Türkiyəyə qaytarılması təmin edilib.
Bu prosesin mühüm mərhələlərindən biri 2026-cı ilin mayında ABŞ-da fəaliyyət göstərən hərrac evlərindən birinin Anadoluya aid tarixi əsərləri satışa çıxarması olub. Nazirlik müvafiq elmi məlumat və sənədləri Manhetten Dairə Prokurorluğuna və ABŞ-ın Daxili Təhlükəsizlik Araşdırmaları İdarəsinə (HSI) təqdim edib. Nəticədə hərrac dayandırılıb və əsərlərin Türkiyəyə qaytarılmasına nail olunub.
Tədbirdə çıxış edən Mehmet Nuri Ersoy bu prosesdə Manhetten Dairə Prokurorluğunun, HSI-nin, Türkiyə Xarici İşlər Nazirliyinin və ölkənin Nyu-Yorkdakı Baş Konsulluğunun dəstəyini xüsusi qeyd edib. Əsərlərin təhlükəsiz daşınmasına görə “Türk Hava Yolları”na da təşəkkürünü bildirib.
Manhetten Dairə Prokurorluğunun prokuror müavini, İnsan Alveri ilə Mübarizə Bölməsinin rəhbəri Metyu Boqdanosun da iştirak etdiyi tədbirdə nazir vurğulayıb ki, məqsəd yalnız tarixi əsərləri bir məkandan digərinə daşımaq deyil, onları mənsub olduqları tarixi və mədəni kontekstdə yenidən təqdim etməkdir.
O, Türkiyənin mədəni sərvətlərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni bundan sonra da qətiyyətlə davam etdirəcəyini bildirib.
ABŞ-dan qaytarılan 100 artefakt arasında qədim musiqi alətləri, metal əşyalar, memarlıq elementləri, heykəllər və digər nadir nümunələr var. Onların nümayişi ilə yanaşı, sərgi Türkiyənin cənubunda yerləşən qədim Boubon şəhərindən talan edilərək dünyanın müxtəlif kolleksiya və muzeylərinə səpələnmiş əsərlərin tarixini də diqqətə çatdırır.
Qaytarılan əsərlərin tarixi və elmi əhəmiyyəti
Geri qaytarılan nümunələr arasında Tokat vilayətinin Erbaa rayonundakı Horoztepe ərazisindən tapılmış 40 artefakt xüsusi yer tutur. Eramızdan əvvəl 2300–2000-ci illərə aid bu kolleksiyaya mərasimlərdə istifadə olunan musiqi alətləri, silahlar və metal qablar daxildir. Erkən Tunc dövrünə aid nümunələr Anadoluda metal emalı sənətinin yüksək inkişaf səviyyəsini əks etdirir.
Təxminən 70 il əvvəl ölkədən qanunsuz çıxarılan əsərlərin geri qaytarılması tarixi faktların, arxiv məlumatlarının və elmi araşdırmaların müqayisəli təhlili nəticəsində mümkün olub.
Digər mühüm kolleksiyanı Burdur vilayətinin Düver kəndinə aid 44 terrakota memarlıq lövhəsi təşkil edir. Eramızdan əvvəl VI əsrə, Arxaik dövrə aid bu lövhələr qədim tikililərin dam və üzlük sistemlərində istifadə olunub.
Onların mənşəyinin müəyyənləşdirilməsi üçün bəzək elementləri, konstruktiv xüsusiyyətləri və üslub fərqləri araşdırılıb, arxiv və kolleksiya qeydləri müqayisə edilib.
Düverə aid əsərlərin bir qismi 2022-ci ildə ABŞ-dan, 2024-cü ildə Danimarkadan, 2025-ci ildə isə Virciniya Təsviri Sənətlər Muzeyindən Türkiyəyə qaytarılıb. Los-Ancelesdəki J. Paul Getty Muzeyində saxlanılan sonuncu qrupun da geri gətirilməsi ilə kolleksiyanın bütövlüyü bərpa olunub. Növbəti mərhələdə bu nümunələrin İstanbul Arxeologiya Muzeylərindəki digər əsərlərlə bir araya gətirilməsi nəzərdə tutulur.
Qaytarılan artefaktlar arasında qədim Afrodisias şəhərinə aid portret, teatr maskaları və ilahə heykəlcikləri də var. Bu nümunələr Anadolunun zəngin bədii və mədəni irsini əks etdirir.
Boubonun parçalanmış heykəlləri yenidən bir araya gətirilib
Tədbir çərçivəsində açılan “Çıxış yolu yoxdur: Boubon” sərgisi mədəni sərvətlərin qanunsuz dövriyyəsinə qarşı uzun illər davam edən mübarizənin nəticələrini nümayiş etdirir. Sərgidə Burdur vilayətinin Gölhisar rayonunda, İbecik kəndi yaxınlığında yerləşən qədim Boubon şəhərindən talan edilmiş nadir tunc heykəllər təqdim olunur.
Roma imperatorlarına və imperator ailəsinə həsr edilmiş Sebasteion ziyarətgahında yerləşən bu heykəllər 1960-cı illərdə qanunsuz qazıntılar zamanı hissələrə ayrılaraq Türkiyədən çıxarılıb.
Uzun illər müxtəlif ölkələrin muzey və şəxsi kolleksiyalarında saxlanılan heykəllərin mənşəyinin müəyyənləşdirilməsi üçün mütəxəssislər onların ayaq hissələri ilə daş postamentlərdəki birləşmə izlərini müqayisə ediblər. Araşdırmalar torpaq nümunələri və qurğuşun izotoplarının təhlili ilə də təsdiqlənib.
Nəticədə baş, gövdə və digər hissələri müxtəlif kolleksiyalara səpələnmiş tunc heykəllər yenidən bir araya gətirilib. Türkiyəyə qaytarılan nümunələr arasında Roma imperatorları Lusi Ver, Septimi Sever, Karakalla və Mark Avrelinin heykəlləri də yer alır.
Boubon əsərlərinin geri qaytarılması qədim şəhərdə arxeoloji tədqiqatların canlanmasına da təkan verib. 2023-cü ildə yenidən başlanılan qazıntılar hazırda Burdur Arxeologiya Muzeyinin koordinasiyası ilə türk arxeoloqları tərəfindən davam etdirilir.