lider-media.az

Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı

Tarix: 25-10-2024, 21:54

Ədliyyə Nazirliyindən Lider-Media.az-a verilən məlumata görə, İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası” təsdiq edilib. Bununla bağlı Ədliyyə Nazirliyinin Kollegiyasının sədri, nazir Fərid Əhmədov Qərar imzalayıb. Qərara əsasən “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası” “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 61 və 62-ci maddələrinin tələblərinə əsasən hazırlanıb və icra sənədlərinin icrası ilə bağlı borclunun əmlakının icra məmuru tərəfindən elektron hərracda satılması ilə bağlı ixtisaslaşdırılmış müəssisələrə sifarişin verilməsi və hərracda satılması ilə bağlı qaydaları tənzimləyir. Nazirliyin Qanunvericilik baş idarəsinə bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi tapşırılıb.
Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı ilə “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası” təsdiq edilib.Bununla bağlı məlumatı təqdim edirik.


AZƏRBAYCAN RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRLİYİ

 

KOLLEGİYA QƏRARI

 

№ 1-N

 

Bakı şəhəri                                                                                “24” oktyabr 2024-cü il

 

“İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası”nın təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 9.22-ci bəndini və 19-cu hissəsini rəhbər tutaraq Kollegiya

 

QƏRARA ALIR:

 

  1. “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası” təsdiq edilsin (əlavə olunur).
  2. Bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (E. Nəsibov).
  3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün (L.Hüseynzadə).
  4. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.

 

   Fərid Əhmədov                     

   Nazir

 

 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının “24.10.2024-cü il” tarixli “1-N” nömrəli Qərarı ilə

təsdiq edilmişdir

 

İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası

 

  1. Ümumi müddəalar

 

1.1. “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası” (bundan sonra – Qayda) “İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 61-ci və 62-ci maddələrinin tələblərinə əsasən hazırlanmışdır və icra sənədlərinin icrası ilə bağlı borclunun əmlakının icra məmuru (bundan sonra – sifarişçi) tərəfindən elektron hərracda (bundan sonra – hərrac) satılması ilə bağlı ixtisaslaşdırılmış müəssisələrə (bundan sonra – təşkilatçı) sifarişin verilməsi və hərracda satılması ilə bağlı qaydaları tənzimləyir.

1.2. Bu Qayda ipoteka ilə yüklü edilmiş əmlaka münasibətdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənməyən məsələlər üzrə tətbiq edilir.

1.3. Sifarişçi və təşkilatçı öz fəaliyyətlərində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, “İcra haqqında”, “Elektron imza və elektron sənəd haqqında”, “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, o cümlədən bu Qaydanı rəhbər tuturlar.

1.4. Hərrac açıq auksion formasında keçirilir.

1.5. Hərrac Qanunun 61.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti (bundan sonra – İcra xidməti) ilə təşkilatçı arasında bağlanılmış müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir.

1.6. Təşkilatçı şəffaflığın təmin edilməsi məqsədilə hərracların keçirilməsi üçün müvafiq elektron portaldan (bundan sonra – Portal) istifadə etməlidir. Portaldan istifadə qaydaları, şərtləri və digər məsələlər portal sahibi ilə təşkilatçı və portal istifadəçiləri arasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun bağlanılmış müqavilə əsasında tənzimlənir.

 

  1. Hərrac barədə sifarişin və elanın verilməsi

 

2.1. Sifarişçi Qanuna müvafiq olaraq borclunun əmlakının satılması üçün təşkilatçıya hərracın keçirilməsi ilə bağlı sifariş verir. Sifarişdə aşağıdakılar göstərilməlidir:

2.1.1. hərracın keçirilmə forması;

2.1.2. hərracın predmeti olan əmlak;

2.1.3. hərracın predmeti olan əmlakın ilkin (əmlakın Qanunun 51-ci maddəsinə müvafiq müəyyən edilən qiyməti) və minimum satış qiyməti;

2.1.4. hərracın predmeti olan əmlakın ünvanı (hərrac predmeti daşınmaz əmlak olduqda) və ya saxlandığı yer;

2.1.5. hərracın predmeti olan əmlakın xarakterik xüsusiyyətləri, o cümlədən növü, modeli, markası və s.;

2.1.6. hərracın predmeti olan əmlakı ətraflı şəkildə təsvir edən video və ya foto görüntü;

2.1.7. hərracın predmeti olan əmlakla qabaqcadan tanış olma qaydaları;

2.1.8. ödənişlərin müddəti və köçürüləcək hesablar.

2.2. Sifarişə Qanunun 61.3-cü maddəsində göstərilən sənədlər əlavə edilir.

2.3. Təşkilatçı sifarişçidən sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair elanı Portalda yerləşdirir və bu barədə Portal öz funksional imkanlarından istifadə etməklə tələbkara və borcluya sms və ya elektron poçt (olduqda) vasitəsilə bildiriş göndərir. Təşkilatçı elanı hərracın keçiriləcəyi tarixə ən geci 20 təqvim günü, bu Qaydanın 2.7-ci bəndində göstərilən məhsul satışa çıxarıldıqda isə ən geci 5 təqvim günü qalmış yerləşdirməlidir.

2.4. Təşkilatçı tərəfindən verilən elanda sifarişdə göstərilənlərdən başqa Portala aşağıdakı məlumatlar əlavə edilir:

2.4.1. hərracda iştirak üçün müraciət müddəti;

2.4.2. hərracın başlanma və bitmə tarixi və vaxtı;

2.4.3. hərrac addımı (hərracın predmeti olan əmlakın minimum satış qiymətinin 1%-dən az, 3%-dən artıq olmayaraq);

2.4.4. hərracda iştirak üçün behin məbləği;

2.4.5. behin və əmlakın satış qiymətinin birdəfəlik ödənilməsi tələbi;

2.4.6. beh məbləğinin bank qarantiyası formasında təqdim edilə bilməsi ilə bağlı məlumat.

2.5. Bu Qaydanın 2.7-ci bəndində göstərilən məhsullar istisna olmaqla, təşkilatçı sifarişi aldığı gündən sonra 30 təqvim günündən gec olmayaraq ilk hərrac, ilk hərrac baş tutmadığı, yaxud hərracın nəticələri ləğv olunduğu gündən sonra 10 təqvim günündən gec olmayaraq birinci təkrar hərrac, bu hərrac da baş tutmadığı, yaxud hərracın nəticələri ləğv olunduğu gündən sonra 10 təqvim günündən gec olmayaraq ikinci təkrar hərrac avtomatlaşdırılmış qaydada keçirilir.

2.6. Bu Qaydanın 2.7-ci bəndində göstərilən məhsullar hərraca çıxarıldıqda, təkrar hərraclar barədə elanlar Portalda yerləşdirildiyi gündən sonra 3 təqvim günündən tez və 5 təqvim günündən gec olmamaqla avtomatlaşdırılmış qaydada keçirilir.

2.7. Qanunun 50.6-cı maddəsinin ikinci abzasına müvafiq olaraq hərrac predmeti tez xarab olan (yararlılıq müddəti 60 təqvim günündən tez başa çatan) məhsullar olduqda sifarişçi təşkilatçıya sifarişlə bağlı sənədləri 3 təqvim günü müddətində təqdim etməlidir.

2.8. Hərracın predmeti daşınar əmlak (nəqliyyat vasitəsi, məişət əşyaları, elektronika, zinət əşyaları, antik əşyalar və s.) olduqda, sifarişçi həmin əmlakı “Qəbul-təhvil aktı” əsasında müəyyən edilmiş saxlanc yerinə (anbara) təhvil verməlidir.

 

  1. Hərracın təşkili

 

3.1. Hərracda mülki hüquq fəaliyyət qabiliyyətli fiziki şəxslər (o cümlədən tələbkar və borclu) və hüquqi şəxslər Portalda “elektron kabinet” yaratmaqla iştirak edə bilərlər.

3.2. Sifarişçi, onun qulluq etdiyi icra qurumunun, təşkilatçının və Portalın sahibinin əməkdaşları, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxs və qeyd olunan şəxslərin Azərbaycan Respublikasının Ailə Məcəlləsində dairəsi müəyyən edilən yaxın qohumları birbaşa və ya dolayı yolla həmin hərracda alıcı qismində iştirak edə bilməzlər.

3.3. Aşağıdakı hallarda şəxsin hərracda iştirakına yol verilmir:

3.3.1. şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti olmadıqda;

3.3.2. beh tam ödənilmədikdə və ya beh məbləğində bank qarantiyası təqdim edilmədikdə;

3.3.3. hüquqi şəxs ləğv prosesində olduqda, fəaliyyəti dayandırıldıqda, yaxud müflis elan olunması üzrə məhkəmə icraatı başlandıqda;

3.3.4. şəxs eyni hərrac predmeti üzrə əvvəlki hərracın qalibi olduqda, lakin əmlakın satış qiymətini ödəmədikdə, yaxud əmlakı təklif etdiyi qiymətə almaqdan imtina etdikdə;

3.3.5. müraciət elanda göstərilən müraciətlərin qəbulu müddəti qurtardıqdan sonra təqdim edildikdə.

3.4. Hərracda iştirak üçün müraciət etmiş şəxsə bu Qaydanın 3.1–3.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla hərracın tarixi və vaxtı göstərilməklə iştirakçı kimi qeydə alınması barədə, yaxud səbəbi göstərilməklə iştirakçı qismində qeydə alınmasından imtina edilməsi barədə “elektron kabinet”i vasitəsilə bildiriş göndərilir.

3.5. Hərracda iştirak üçün behin məbləği daşınmaz əmlaka münasibətdə minimum satış qiymətinin 5 faizi, daşınar əmlaka münasibətdə isə həmin qiymətin 10 faizi həcmində müəyyən edilir. İcra sənədi üzrə tələbkar beh ödəməkdən azaddır.

3.6. Hərracın keçirilməsinə 1 iş günü qalanadək iştirakçılara sifarişçi tərəfindən satışa çıxarılan əmlakla tanış olmaq üçün imkan yaradılır.

3.7. Aşağıdakı hallarda hərrac baş tutmamış sayılır:

3.7.1. hərracın iştirakçısı olmadıqda;

3.7.2. hərracda iştirak edən şəxs(lər) tərəfindən hərrac bitənədək təklif verilmədikdə;

3.7.3. sifarişçi Qanunun 17-ci maddəsində müəyyən edilən əsaslar üzrə icra sənədi üzrə icraatı hərracın nəticələrinə dair yekun protokol tərtib edilənədək dayandırdıqda.

3.8. Hərrac baş tutmadıqda, şəxsin hərracın iştirakçısı kimi qeydə alınmasından imtina edildikdə, qeydə alınmış iştirakçı hərracda iştirakdan imtina etdikdə, habelə hərracın qalibi olmayan iştirakçıların beh məbləğləri 5 iş günü müddətində geri qaytarılır.

3.9. Hərrac baş tutmadıqda, yaxud nəticələri ləğv edildikdə növbəti (təkrar) hərracın keçirilməsi üçün avtomatik elan verilir. Həmin elanda əvvəlki hərracın baş tutmadığı, yaxud nəticələrinin ləğv olunduğu və bunun səbəbi barədə məlumat öz əksini tapmalıdır.

3.10. Təkrar hərracların sayı 2-dən artıq ola bilməz.

3.11. Hərracın gedişində texniki problem yarandıqda, iştirakçılara bu barədə bildiriş göndərilir və problem aradan qaldırılanadək hərrac dayandırılır. Dayandırılmanın müddəti 30 dəqiqədən artıq ola bilməz. Texniki problemi aradan qaldırmaq mümkün olmadıqda isə hərrac növbəti gün davam etdirilir.

 

  1. Hərracın keçirilməsi

 

4.1. Hərrac prosesində aşağıdakılara yol verilmir:

4.1.1. hərracın iştirakçıları arasında ayrı-seçkiliyə yol verilməsinə;

4.1.2. iştirakçıların rəqabətinə məhdudiyyət qoyulmasına;

4.1.3. Portalın fəaliyyətinə qanunsuz (kənar) müdaxilə olunmasına.

4.2. İştirakçı hərracda şəxsən iştirak etməlidir. İştirakçı hərrac başlayanadək hərracda iştirakdan imtina edə bilər.

4.3. Hərrac iştirakçılara elektron bildirişdə göstərilən tarixdə və vaxtda hərracın predmeti olan əmlakın ilkin qiyməti və minimum satış qiyməti göstərilməklə “hərrac başlandı, minimum satış qiymətindən az olmayan qiymət təklif et” elanı ilə avtomatik olaraq başlanır.

4.4. Hərrac iştirakçıları hərracın davam etdiyi müddətdə istənilən vaxt hərraca qoşula bilərlər.

4.5. İştirakçı hərrac addımına uyğun olaraq əmlakın satış qiymətini artırmaqla təklif verə bilər. 

4.6. İştirakçının təklif etdiyi qiymət hərrac addımına uyğun olmadıqda təklif qəbul edilmir və bu barədə iştirakçıya “elektron kabinet” vasitəsi ilə məlumat verilir.

4.7. Hərrac 7 təqvim günü davam edir. İştirakçı təklifi həmin müddətin başa çatmasının sonuncu dəqiqəsində verdikdə hərracın müddəti 5 dəqiqə uzadılır. Həmin 5 dəqiqə ərzində yenidən təklif verildikdə hərracın keçirilməsi müddəti bu təklifin verildiyi vaxtdan daha 5 dəqiqə uzadılır. Bu proses sonuncu təklifin verilməsindən 5 dəqiqə ərzində yeni təklif verilməyənədək davam edir.

4.8. İlk hərracın keçirilməsi zamanı satışa çıxarılan əmlakın ilkin qiymətinin ən azı 70 faizini (minimum satış qiyməti), ikinci hərracda ilkin qiymətinin ən azı 60 faizini (minimum satış qiyməti), üçüncü hərracda isə ən azı 50 faizini (minimum satış qiyməti) təşkil edən təklif verildikdə hərrac baş tutmuş hesab edilir.

4.9. Hərraca çıxarılan əmlakı minimum satış qiyməti ilə almağa razılıq verən yalnız 1 iştirakçı olduqda həmin iştirakçı, iki və ya daha çox iştirakçı olduqda isə ən yüksək məbləği təklif edən iştirakçı hərracın qalibi hesab edilir.

4.10. Hərrac başa çatdıqdan dərhal sonra Portal tərəfindən avtomatik olaraq baş tutan hərracın nəticələri haqqında protokol tərtib edilir, İcra xidmətinin, təşkilatçının və Portalın operatorunun məsul şəxslərinin və hərracın qalibinin elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş protokol müqavilə qüvvəsinə malikdir.

4.11. Protokol təsdiq edildikdən sonra bu barədə hərrac iştirakçılarına, habelə tələbkara və borcluya elektron qaydada bildiriş göndərilir.

4.12. Protokol imzalandığı andan ən geci 5 iş günü müddətində hərracın qalibi əmlakın satış qiymətini sifarişçinin sifarişdə göstərilən hesabına köçürməlidir.

4.13. Hərracın qalibi əmlakın satış qiymətini və qanunla müəyyən olunmuş ödənişləri müəyyən edilən müddətdə ödəmədikdə və ya protokolu imzalamaqdan imtina etdikdə beh məbləği qaytarılmır və hərrac iştirakçılarına, habelə sifarişçiyə, tələbkara və borcluya həmin şəxsin hərracın qalibi statusunu itirməsi və növbəti yuxarı qiymət təklif etmiş şəxsin hərracın qalibi olması barədə dərhal bildiriş göndərilir. 

4.14. Hərracda növbəti yuxarı qiymət təklif etmiş iştirakçı 3 təqvim günü müddətində özünün təklif etdiyi qiymətə hərrac predmeti olan əmlakı almağa razılığını bildirə və əmlakı bu Qaydada hərracın predmeti olan əmlakın hərrac qalibi tərəfindən alınması üçün müəyyən edilmiş prosedura uyğun ala bilər.

4.15. İkinci ən yuxarı qiymət təklif etmiş şəxs əmlakı almaqdan imtina etdikdə, yaxud əmlakı almağa razılığını bildirdikdən 5 iş günü müddətində əmlakın satış qiymətini tam ödəmədikdə bildiriş ardıcıllıqla növbəti yuxarı qiymət təklif etmiş şəxslərə, habelə sifarişçiyə, tələbkara və borcluya göndərilir və eyni qayda tətbiq olunur. 

4.16. Növbəti yuxarı qiyməti təklif etmiş digər iştirakçılar da əmlakı almaqdan imtina etdiyi, yaxud əmlakın satış qiymətini ödəmədiyi halda hərracın nəticələri avtomatik olaraq ləğv olunur və bu barədə hərrac iştirakçılarına, habelə sifarişçiyə, tələbkara və borcluya elektron qaydada bildiriş göndərilir.

4.17. Hərrac baş tutduğu halda hərracın nəticələrinə dair protokolda aşağıdakı məlumatlar qeyd olunur:

4.17.1. hərracın keçirilməsinin tarixi və vaxtı;

4.17.2. ilk və ya təkrar hərrac olması;

4.17.3. hərracın keçirilməsi üçün əsas;

4.17.4. sifarişçinin adı, soyadı, vəzifəsi;

4.17.5. hərracın qalibinin adı, soyadı, ata adı, FİN-i, hüquqi şəxs olduqda isə adı və VÖEN- i;

4.17.6. təşkilatçı və Portal barədə məlumatlar;

4.17.7. hərracın predmeti olan əmlaka dair məlumatlar (əmlakın növü, modeli, markası və s.);

4.17.8. satılmış əmlakın əvvəlki mülkiyyətçisi (sahibi) barədə məlumat;

4.17.9. hərracın predmeti olan əmlakın ilkin və son satış qiyməti;

4.17.10. satışdan əldə olunan məbləğin (hərracın qalibi tələbkar olduqda əmlakın satış qiymətinin tələbdən yuxarı hissəsi) ödənilməli olduğu hesab;

4.17.11. beh məbləğinin imzalanmış protokol üzrə öhdəliklərin icrası hesabına daxil edilməsi;

4.17.12. hərracın predmeti olan əmlakın satış qiymətinə mütənasib icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin icra qurumunun sifarişdə göstərilən depozit hesabına köçürülməsi barədə məlumat.

4.18. Hərrac baş tutmadıqda bu barədə Portalda avtomatik protokol tərtib olunur. Protokolda bu Qaydanın 4.17.1–4.17.4-cü, 4.17.6-cı və 4.17.7-ci yarımbəndlərində qeyd olunan məlumatlar, o cümlədən əmlakın ilkin qiyməti göstərilir. Həmin protokol təşkilatçının və Portalın operatorunun məsul şəxsinin elektron imzası ilə təsdiqlənərək bu barədə hərrac iştirakçılarına, habelə sifarişçiyə, tələbkara və borcluya elektron qaydada bildiriş göndərilir.

 

  1. Hərracın keçirilməsi ilə bağlı xərclər

 Hərracların keçirilməsi ilə bağlı xərclər Qanunun 79 və 81-ci maddələrinə əsasən sifarişçinin qərarı, habelə təşkilatçı ilə Portal arasında bağlanılmış müqavilə əsasında müəyyən edilir.

 

  1. Hərracın nəticələri üzrə icra hərəkətləri

 6.1. Qanunla müəyyən olunmuş ödənişlər tam ödənildiyi gün hərracın nəticələri haqqında protokolun nüsxəsi hərracın qalibinin “elektron kabinet”inə göndərilir.

6.2. Hərrac vasitəsilə satılmış əmlakın hərracın qalibinə onun müraciəti əsasında təhvil verilməsi, sifarişçi tərəfindən 5 iş günü müddətində “qəbul-təhvil aktı” əsasında həyata keçirilir.

 

  1. Yekun müddəalar

 7.1. Sifarişçi tərəfindən verilən sifarişlər və bu sifarişlər üzrə keçirilmiş hərracların nəticələri barədə məlumatlar (hərracın başlanması, başa çatması, aparılan əməliyyatlar və s.) təşkilatçı tərəfindən arxivləşdirilir və tələb olunduğu təqdirdə təqdim edilməlidir.

7.2 Hərraca çıxarılan bütün əmlaklar ümumi siyahıda göstərilməklə yanaşı, hərracın mərhələsinə, əmlakların mülkiyyət formasına, növünə, qiymətinə, ünvanına, yeni və ya işlənmiş olmasına, sifarişlər üzrə bu Qayda ilə müəyyən edilən hərəkətlərin başlanması və başa çatması müddətlərinə görə təsnifatlaşdırılır. 

7.3. Hərracın Qanunun və bu Qaydanın tələblərinin pozulmaqla həyata keçirilməsini irəli sürən şəxs qanunvericiliyə uyğun olaraq məhkəmədə iddia qaldırmaq hüququna malikdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi