lider-media.az

QƏLƏBƏ RUHU - NAZİRİN NÖQTEYİ-NƏZƏRİ

Tarix: 3-04-2024, 19:52

Əziz gənclər və idmançılar!

 Yazın gəlişi ilə oyanan təbiət idmanımıza da öz pozitiv enerjisini ötürməkdədir. “İdman həftəsi” ilə müşayiət olunan martın ilk günlərindən gələn qələbə soraqları sayəsində yazın nəfəsi idmanda da hiss olundu.

 Qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə ənənəvi görüşümüz bu dəfə də xoş təəssüratlarla keçdi. Ağırlıqqaldırma, bədii gimnastika, kişi idman gimnastikası, tamblinq, MMA, cüdo, güllə atıcılığı, stend atıcılığı, sumo, karate, para-atletika, paracüdo, parataekvondo, savat və prokombat, taekvondo, sərbəst güləş, yunan-Roma güləşi, qadın güləşi idman növlərində uğur qazanmış idmançılarımızın iştirak etdikləri yarışlar, qazandıqları qələbələrlə bağlı təəssüratlarını dinlədik və gələcək yarışlara hazırlıqlarını yığma komandaların məşqçiləri ilə müzakirə etdik.

 Avropa çempionatında yüksək nəticələr əldə etmiş güləşçilər və məşqçi heyəti ilə, eləcə də Xarici Dillər Təmayüllü Gimnaziyada təhsil alan şagird-güləşçilərlə Azərbaycan Güləş Federasiyasının prezidenti, iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev ilə birlikdə görüşdük. Güləşçilərimiz bu il də ənənəyə sadiq qalaraq qitə birinciliyində böyük uğurlar qazanıblar. Hazırda Xarici Dillər Təmayüllü Gimnaziyada ölkənin müxtəlif bölgələrindən 50-yə yaxın yeniyetmə güləşçi təhsil alır. Qida və yataqxana ilə təmin edilən məktəblilər tədrislə yanaşı, kompleksin idman zalında sərbəst və yunan-Roma güləşi üzrə təlim-məşq prosesinə də cəlb edilirlər. Bu isə güləşin inkişafı üçün əlavə təkan olacaq.

 Mart ayında idmançılarımız daha iki lisenziya qazandılar. Əvvəlcə boksçumuz Nicat Hüseynov (51 kq) İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirinin 1/4 finalında Rosko Hillə (ABŞ) qalib gəlməklə Olimpiyaçı statusu qazandı. Ardınca isə batut gimnastikası üzrə milli komandamızın üzvü Selcan Mahsudova bu hüquqa nail oldu. Sevindirici haldır ki, bu, Azərbaycan gimnastika tarixində batutda qazanılan ilk lisenziyadır.

 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar fevralın 28-dən start götürmüş “İdman həftəsi” martın 5-də Qubada idman paradı ilə başa çatdı. Bu müddətdə nazirliyin, eləcə də regional idarələrimizin, idman federasiyalarının birgə təşkilatçılığı ilə yüzdən çox müxtəlif tədbir keçirdik. Bu tədbirlər sayəsində həftə ərzində ölkəmizdə idman xüsusi diqqət mərkəzində oldu. “İdman həftəsi”ndə fəal olan hər kəsə təşəkkür edirəm.

 Əlamətdar hadisələrdən biri də 2024-cü il üçün "İdman səfirləri”nin seçilməsi oldu. Nazirliyin növbədənkənar Kollegiya iclasında səsvermədən öncə hər bir namizədin təqdimatı və proqramı dinlənildikdən sonra 5 idman səfirimiz seçildi. Onları təbrik edirəm və il ərzində bütün ölkədə, o cümlədən də regionlarda idmanın təbliği üçün fəaliyyətlərində uğurlar arzulayıram. 

 Litva Respublikasının Milli İdman Agentliyinin direktoru Mindauqas Şpokasla, Gürcüstan parlamentinin Təhsil, elm və gənclər məsələləri komitəsinin sədri Qivi Mikanadze ilə, Qırğızıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Kayrat Osmanəliyevlə, eləcə də Mərakeşin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Məhəmməd Adil Embarş ilə görüşlər zamanı idman sahəsində əməkdaşlığın gələcək perspektivlərini müzakirə etdik.

 “İdman həftəsi” çərçivəsində “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə “ASAN Könüllülərinin Diskussiya Platforması”nın növbəti görüşündə də iştirak etdim. Görüşdə gənclər arasında idmanın və sağlam həyat tərzinin təbliği, nazirliyin həyata keçirdiyi layihələr və idman tədbirləri, könüllülük fəaliyyəti istiqamətində müzakirələr apardıq.

 Regional gənclər və idman idarələrinin rəisləri, Olimpiya İdman Komplekslərinin, Gənclər Evlərinin direktorları və uşaq-gənclər idman məktəblərinin rəhbərləri ilə növbəti görüşümüz bu dəfə 2024-cü il üçün ölkəmizin “İdman Paytaxtı” Quba şəhərində baş tutdu. Görüşdə gənclər və idman sahələrində görülən işləri, gələcək fəaliyyət məsələlərini müzakirə etdik. “İdman Paytaxtı”nda daha bir görüşümüz idman federasiyalarının nümayəndələri ilə oldu. Sayca 13-cü olan və Quba Olimpiya İdman Kompleksində təşkil olunan görüşdə federasiya nümayəndələri və mütəxəssislərlə son vaxtlar görülmüş işlər, qarşıda duran vəzifələr haqqında danışdıq, onların rəy və təkliflərini dinlədik və aktual məsələləri birgə müzakirə etdik.

 Federasiyaların fəaliyyətinin optimallaşdırılması prosesi də davam etməkdədir. Bu dəfə Azərbaycan Reqbi Federasiyasının növbədənkənar ümumi yığıncağı keçirildi və Röyal Süleymanov federasiya prezidenti seçildi. İnanıram ki, ölkəmiz üçün ənənəvi olmasa da, qarşıdakı illərdə bu idman növündə də canlanmaya şahid ola biləcəyik.

 Demək olar ki, hər ay beynəlxalq yarışların məkanı olan ölkəmiz növbəti dəfə idman gimnastikası üzrə Dünya Kubokuna uğurla ev sahibliyi etdi. Qeyd edim ki, ölkəmiz ənənəvi olaraq hər il gimnastika növləri üzrə 3 Dünya Kubokuna ev sahibliyi edir və bu yarışlar Azərbaycanda gimnastikanın inkişafında əhəmiyyətli rol oynayır.

 Bakı daha bir beynəlxalq görüşün məkanı oldu. İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransı (COP9) Bürosunun sədr müavini olaraq şadam ki, Büronun 1-ci rəsmi görüşünü paytaxtımızda təşkil etdik. Məhsuldar keçən iclasda Konvensiyanın monitorinq sisteminin təkmilləşdirilməsinə və Konvensiyanın müddəalarına tam sahiblik imkanı vermək üçün iştirakçı dövlətlərə göstərilən dəstəklə bağlı təklifləri və digər məsələləri üzv dövlətlərin nümayəndələri ilə müzakirə etdik.

 Ölkəmizdə baş tutacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəstək məqsədilə Mingəçevirdə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkil etdiyi təmizlik aksiyasını da xüsusi qeyd etmək istərdim. Aksiya zamanı “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin ərazisi və Kür çayında iməcilik təşkil olunub. İdman ictimaiyyətinin bu cür ictimai fəallığı və idmançıların aktivliyi sevindiricidir. 

 Ənənəvi vətəndaş qəbulunda Sumqayıt şəhərinin və Qubadlı rayonunun sakinləri ilə görüşdük, onların müraciətləri ilə maraqlandıq. Qəbuldan öncə Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olduq. Həmçinin, Sumqayıta səfər çərçivəsində “Alüminiumçu” İdman Evinin fəaliyyəti ilə maraqlandıq, gənc güləşçilərin məşq prosesini izləyib onlarla və məşqçilərlə söhbət etdik. İdmanın inkişafında klubların uğurlu fəaliyyəti vacib şərtdir. Bakıda "Olimpiya" klubunun üzvləri ilə görüşdə isə MMA, güləş və boks idman bölmələrində məşq edən idmançılar və məşqçilərlə görüşüb söhbət etdik, onların hazırlıqları ilə maraqlandıq.  Ötən ay boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirini, eləcə də full kontakt karate və kyokuşin karate növləri üzrə 25-ci açıq respublika birinciliyi və çempionatını izləmək imkanımız da oldu. Yarışda paytaxtla yanaşı, bölgələrdən  250-dən çox idmançının mübarizə aparması kütləviliyin genişlənməsi və rəqabətin artması baxımından sevindiricidir. 

 Uşaq futbolunun inkişafı üçün iki maraqlı layihənin - "Real Madrid" ("Footland Azerbaijan") və "Ulduz" Futbol Akademiyası arasında yoldaşlıq oyununu da izlədik. Uşaq futbolundan söz düşmüşkən, Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirini bu baxımdan xüsusi qeyd etmək istəyirəm. Builki yarışda 32 kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət futbol komandaları mayın 10-dək qələbə uğrunda yarışacaqlar. Turnir uşaq futbolunun inkişafı və təbliği, eyni zamanda idmanın kütləviliyi üçün faydalıdır. Təşəbbüsü dəstəklədikləri üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına və Bakı Abadlıq Xidmətinə təşəkkür edirəm.

 Bildiyiniz kimi, qədim şəhərimiz Şuşa 2024-cü il üçün İslam Əməkdaşlıq Təşkilatının "Gənclər Paytaxtı" seçilib. Bu münasibətlə Şuşa şəhərində islam dünyası gənclərinin həyatının və inkişafının bütün sahələrini əhatə edəcək müxtəlif irimiqyaslı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu tədbirlərin təşkilini nəzərdə tutan “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” Beynəlxalq Proqramının keçirilməsinə dair Öhdəlik Protokolunu İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhanla imzaladıq. İnanıram ki, Şuşamız “Gənclər Paytaxtı” olaraq bütün islam aləminin diqqət mərkəzində olacaq.

 Nazirliyin dəstəyi ilə beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə görüşümüz də artıq ənənə halını alıb. Bu dəfə İsveçrə, Rusiya, ABŞ, Türkiyə və digər ölkələrdə beynəlxalq əhəmiyyətli tədbirlərdə, konfranslarda, eləcə də  beynəlxalq mübadilə proqramında iştirak etmiş gənclərlə görüşdük, yarışlara hazırlıqları və səfər təəssüratlarını dinlədik.

 Nazirliyin təşkilatçılığı ilə 2024-cü ilin “Gənclər Paytaxtı” Lənkəran şəhərində baharın gəlişi münasibətilə keçirilən “NovruzFest” festivalında Gənclər Evlərinin Novruz sərgisi, Novruz səhnəsi, həmçinin bölgələrimizdən olan gənclərin iştirakı ilə milli-mənəvi dəyərlərlə bağlı fəaliyyətlər, folklor, musiqi və tanınmış müğənnilər tərəfindən ifalar və nümunəvi idman çıxışları maraqla qarşılandı. Düşünürəm ki, “Gənclər Paytaxtı”mızın milli-mədəni dəyərləri diqqət mərkəzində saxlaması təqdir olunmalıdır. 

 Milli adət-ənənələrə sadiq qalaraq Novruz bayramını bu dəfə də nazirliyin kollektivi ilə #birkimibirlikdə qeyd etdik. Baharın gəlişini, təbiətin oyanışını müjdələyən Novruz yeni bir oyanışa və canlanmaya bir çağırışdır. İnanıram ki, bu oyanış gənclərimizə pozitiv enerji, idmançılarımıza yeni qələbə ruhu bəxş edəcək. 

 

 

 

 

 

 

Fərid Qayıbov,
gənclər və idman naziri


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi